Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını təbrik edirəm.
Ölkəniz dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısı kimi tanınır. Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən ölkə nümunəsidir. Ölkənizin öz resurslarını düşünülmüş formada hasil etmək səyləri minlərlə Azərbaycan vətəndaşı üçün iş yerlərinin açılması və sürətli iqtisadi tərəqqi ilə nəticələndi. Bu isə öz növbəsində, ölkənizin müstəqilliyini möhkəmləndirdi. Regional qonşularınız, o cümlədən Gürcüstan və Türkiyə ilə sıx işləyərək Azərbaycan Şərq-Qərb enerji dəhlizini, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşasını uğurla başa çatdırdı. Bu layihələr işə sadiqlik və əməkdaşlıq nəticəsində əldə olunanları nümayiş etdirir.
Birləşmiş Ştatlar həmin mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olmaqdan fərəh hissi duyur. Gələcəyə nəzər saldıqda Birləşmiş Ştatlar neft və qaz yataqlarınızı işlətmək və enerji təchizatı yollarını şaxələndirmək istiqamətində göstərdiyiniz səyləri dəstəkləyir. Bu, istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirərək, Azərbaycana bir hasilatçı ölkə kimi fayda verəcəkdir. Xüsusən də biz yaxın gələcəkdə Avropaya qazın nəqli üçün "Cənub dəhlizi"nin həyata keçirilməsində Azərbaycanın davamlı liderliyini səmimiyyətlə arzulayırıq. Öz enerji resurslarının davamlı işlənilməsində Azərbaycanın əzmli olduğunu nəzərə alaraq Birləşmiş Ştatlar Sizin güclü tərəfdaşınız olacaqdır.
Ən xoş arzularla Sizin,
Hillari KLİNTON,
ABŞ-ın dövlət
katibi
Azərbaycan.- 2010.- 2
iyun- S. 1.