Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2012-ci ilin may ayında böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 150 illiyi tamam olur.

Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. "Molla Nəsrəddin" jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir.

Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 1 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-2 iyun- S.  3.