Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının iştirakçılarına müraciəti
Hamıya məlum olduğu kimi, Azərbaycan və Gürcüstan regionda alternativ enerji təchizatı marşrutlarının inkişaf etdirilməsi sahəsində illər boyu özlərini strateji və etibarlı tərəfdaş kimi doğrultmuşlar və əməkdaşlığımız nəticəsində Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Kulevi neft terminalı kimi böyük infrastruktur layihələri uğurla həyata keçirilmişdir. Lakin işlərimiz bu layihələrlə məhdudlaşmır.
Karbohidrogen ehtiyatlarına görə Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkəyə çevrilir. Eyni zamanda, Gürcüstanın strateji ərazidə yerləşməsi onu Cənubi Qafqaz regionu üçün nəqliyyat qovşağına çevirir və ölkəmiz Qərbi Avropa ilə Xəzər regionu arasında ən qısa tranzit marşrutun mühüm hissəsidir. Bu, "Cənub dəhlizi" təşəbbüsü çərçivəsində layihələrin həyata keçirilməsini asanlaşdırmaq üçün mövcud olan resursların və infrastrukturun əla kombinasiyasıdır. Regionda baş vermiş son hadisələr və ümumi təcrübə daşıma marşrutlarının və təchizatın şaxələndirilməsi, həmçinin səmərəli əməkdaşlıq üçün zəruri şəraitin nə dərəcədə vacib olduğunu aydın şəkildə nümayiş etdirdi. Bu baxımdan, iki ölkə - Azərbaycan və Gürcüstan özlərinin və bütövlükdə regionun gələcək siyasi və iqtisadi rifahına nail olmaq məqsədilə möhkəm əsas yaradan əməkdaşlığın təməl daşı kimi enerji və daşıma sahəsini seçmişlər.
Gürcüstan öz qonşuları Azərbaycan və Türkiyə ilə regionda körpü rolunu oynamağa hazırdır. Ölkələrimizin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin reallaşması Xəzərin enerji resurslarının Avropa bazarlarına etibarlı şəkildə nəqli üçün regionda səmərəli tranzit dəhlizlərinin olmasını təmin edir.
Avropa İttifaqının prioriteti hesab olunan "Cənub dəhlizi" çərçivəsində planlaşdırılan layihələr həyata keçirilməli, istehlakçı, tranzit və hasilatçı ölkələrin maraqları tarazlaşdırılmalıdır. "Cənub dəhlizi"nin inkişaf prosesi çərçivəsində alternativ enerji tranziti layihələrinin həyata keçirilməsini nəzərə alaraq, Azərbaycan və Gürcüstan regionu Avropa İttifaqının bazarı ilə birbaşa və ən qısa yolla birləşdirəcək Trans-Qara dəniz əlaqəsinin yaradılmasına çalışacaqlar. Maye qazın nəqli layihələrinin həyata keçirilmə imkanları iki dövlət arasında fəal əməkdaşlığın mövzusuna çevrilir. AQRİ layihəsinə dair Azərbaycan-Gürcüstan-Rumıniya arasında hökumətlərarası sazişin bu yaxınlarda imzalanması Avropa İttifaqının enerji təhlükəsizliyi məqsədinə töhfə olaraq, Azərbaycanın təbii qazının Xəzər regionundan Gürcüstanın ərazisi və Qara dəniz vasitəsilə Avropaya alternativ nəqli marşrutunu yaratmaq arzusundan irəli gəlir.
Yekun olaraq, icazə verin qeyd edim
ki, dünyada baş verən son hadisələr gələcəyin, xüsusən
də, Qara dəniz və Xəzər dənizi regionlarının ölkələri
üçün nə
dərəcədə mürəkkəb
olacağını nümayiş
etdirdi. Həmin çağırışların aradan qaldırılmasında
ardıcıl və düşünülmüş səylərin göstərilməsi
bizim Avropa İttifaqı ölkələri
ilə əməkdaşlığımızın
əsas aspekti olaraq qalır. Gürcüstan isə öz növbəsində,
sizin hamınızla tam əməkdaşlıq
edərək, həmin
çağırışları aradan qaldırmağa hazırdır.
Azərbaycan.- 2010.- 2 iyun- S.
4.