Bakıda HİV və QİÇS-lə mübarizəyə həsr olunmuş parlamentlərarası V konfrans keçirilir

 

İyunun 1-də Bakıda HİV virusunun yayılmasının qarşısının alınması və QİÇS-in müalicəsi və profilaktikası üzrə qanunvericiliyin təminatı sahəsində regional əməkdaşlığın prioritetlərinə həsr olunan parlamentlərarası V konfrans öz işinə başlamışdır. İki gün davam edəcək tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan deputatlar, hökumət üzvləri, Rusiya, Ukrayna və digər ölkələrin ekspertləri, BMT-nin və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək bildirmişdir ki, HİV infeksiyasının qarşısının alınması və QİÇS xəstələrinin müalicəsi Azərbaycanda da ən yüksək səviyyədə qarşıya qoyulan vəzifələrdən biridir. Konfransın iyunun 1-də keçirilməsi də təsadüfi deyildir. Bu gün Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Bizim tədbirimizin də başlıca məqsədi sağlam gələcək qurmaqdır. Bütün cəhdlərimiz gənc nəslin sağlam böyüməsinə xidmət edir.

B.Muradova qeyd etmişdir ki, QİÇS xəstəliyinə yoluxanlara cəmiyyətdə münasibət eyni cür deyildir və onlar müəyyən təzyiqlərə məruz qalırlar. Azərbaycan dövləti və hökuməti, eləcə də parlament bununla əlaqədar bir sıra işlər görmüş, tədbirlər planı hazırlanmış və müəyyən uğurlar əldə edilmişdir. Bu sahə ilə əlaqədar proqramlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, insanların tibbi müayinəsi, HİV-yə yoluxmuş xəstələrin sosial müdafiəsi istiqamətində çox ciddi addımlar atılmışdır. Dünyada hər gün minlərlə insanın HİV virusuna yoluxduğunu nəzərə alsaq, görərik ki, atılmış addımlarla arxayınlaşmaq olmaz. Təkcə 2008-ci ildə dünyada 2,8 milyon insan bu xəstəliyə yoluxmuşdur. İndiyədək 23 milyon QİÇS xəstəsi dünyasını dəyişmişdir.

HİV xəstəliyinə yoluxmanın əsas amillərindən biri narkotik vasitələrdən istifadədir. Xüsusən də, inyeksion narkotik istifadəçiləridir. 2009-cu ildə Azərbaycanda bu xəstəliyə yoluxanların 62,2 faizi məhz inyeksion narkotik istifadəçiləri olmuşdur.

B.Muradova bildirmişdir ki, HİV virusuna yoluxmanın qarşısının alınması üçün əməkdaşlıq vacibdir. Çünki bu cür xəstəliklər sərhəd tanımır. Bu konfransın əsasını 2006-cı ildə Qırğızıstanda qoyan mütəxəssislər də məhz bu amili əsas götürmüşlər. Əsas məqsədimiz HİV virusunun yayılmasının qarşısının alınması və QİÇS-lə mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlığı genişləndirmək, qanunvericilik bazasını təkmilləşdirmək, lazım gələrsə, yeni qanunlar qəbul etməkdir. Bunun üçün isə ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların, qanunların, dövlət proqramlarının müsbət nəticələrinin öyrənilməsinə, təcrübə mübadiləsinə böyük ehtiyac vardır. Bu konfransda 4 geniş iclas keçiriləcək, məruzələr dinləniləcək və yekun qətnamə qəbul olunacaqdır.

Milli Məclis sədrinin müavini Azərbaycan dövlətinin, hökumətinin və parlamentinin HİV virusunun yayılmasının qarşısının alınması, QİÇS-lə mübarizənin gücləndirilməsi sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu bildirmişdir.

BMT-nin Cənubi Qafqaz ölkələri üzrə QİÇS proqramının əlaqələndiricisi Manoela Qrozdanova bildirmişdir ki, bu xəstəlik terrorizm və separatizmdən də təhlükəlidir.

Əfsuslar olsun ki, hələ də bəzi ölkələrdə HİV-yə yoluxanların sosial müdafiəsi ilə bağlı qanun qəbul olunmamışdır. Bəzilərində isə hətta bu cür xəstələrə qarşı ciddi sanksiyalar mövcuddur. Sevindirici haldır ki, konfransın iştirakçısı olan ölkələr bu sahədə müəyyən uğurlar əldə edə bilmişlər. Bunlar xüsusi dövlət proqramlarının qəbul edilməsi, HİV-nin müayinəsi, profilaktikası və statistik izləmə sistemlərinin təkmilləşdirilməsidir. BMT-nin müvafiq qurumları bu sahədə əməkdaşlıq edən dövlətləri dəstəkləyir və həmin ölkələrə yardımını davam etdirəcəkdir.

Qazaxıstanın səhiyyə naziri Jansılık Doskaluyev ölkəsində HİV virusunun qarşısının alınması və QİÇS xəstələrinin müalicəsi istiqamətində görülmüş işlərdən danışmışdır. O demişdir ki, Qazaxıstanda mövcud problemin həlli ilə bağlı xüsusi dövlət proqramı, səhiyyə məsələlərinə və əhalinin sağlamlığına dair məcəllə qəbul olunmuşdur. Qazaxıstan bu istiqamətdə işlərini davam etdirəcəkdir.

Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Qazaxıstan Senatının deputatı Svetlana Calmaqambetova, Tacikistan parlamentinin deputatı Cumaboy Sanqinov və başqaları çıxış edərək bu xəstəliyin cəmiyyətdə yaratdığı problemlərdən danışmışlar. Bildirilmişdir ki, bu cür xəstəliklərin yayılmasının bir səbəbi də insanların istismar edilməsi, məişət zorakılığı, gender bərabərliyinin pozulması amilləri ilə bağlıdır. Çıxış edənlər bu sahədə də qanunvericiliyin təkmilləşdirilməsinin, yeni qanunların qəbulunun vacibliyini vurğulamışlar.

Konfrans işini iyunun 2-də davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 iyun- S.  4.