41 il səmada
Pilot Əzimbaladan yazmaq çoxdankı arzum idi. Neçə dəfə cəhd göstərsəm də, görə bilməmişdim. Bu dəfə eskadriliyadan dedilər ki, Kiyevdədir. Gözləsən iki saatdan sonra Bakıda olacaq. Gözlədim, gəldi, görüşdük. Məqsədimi biləndə gülümsəyib: "yəqin ki, səni uçuşlar zamanı baş verən çətin anlar, hadisələr daha çox maraqlandırır" deyib söhbətə doqquz il əvvəl baş vermiş bir əhvalatla başladı:
- 38 tona qədər humanitar yük və dava-dərmanla "İl-76" hava gəmisi ilə Belçikadan Əfqanıstana uçurduq. Kabil aeroportuna nəzərdə tutulan vaxtda çatmışdıq. Mən ilk növbədə aeroportdakı hava təzyiqini, meteoroloji vəziyyəti öyrənməli idim. Nə qədər - "Kabil! Kabil!" - deyə çağırsam da aeroportun hava hərəkəti üzrə dispetçeri cavab vermirdi. Bildim ki, aeroportla rabitə kəsilib. Ümidimi itirməyib Kabil üzərində dövrə vuranda səmada bir təyyarə gördüm. Bu zaman qulaqcıqdan da səs gəldi. Bu, Kabil hava limanı və Əfqanıstan səması üzərində patrul xidməti çəkən ABŞ-a məxsus "Boeing-707" təyyarəsinin pilotunun səsi idi. O vaxtlar həmin təyyarəyə "uçan qərargah" da deyirdilər. Sevinib ingilis dilində bir neçə mühüm məlumatı öyrənmək istədim. Lakin "uçan qərargah" sorğuma cavab vermədi. Pilot yalnız ingilis dilində "bilmirəm" dedi. Enmə zolağına istiqaməti də müəyyənləşdirmək çətin idi. Böyük risk olsa da, bir-iki dəfə fırlanıb enmə zolağına daxil oldum. Təyyarə yerə oturanda gördüm ki, aeroport dağılıb, dispetçer məntəqəsi yerlə yeksan olub. Uçuş-enmə zolağında partlamış mərmilərin yerini daşla, torpaqla doldururlar. Təyyarəni qəzasız endirdiyimə görə Kabil hava limanında olanlar çox heyrətlənmişdilər, mənə təəccüblə baxırdılar. Sən demə, dağıntıdan sonra Kabilə birinci təyyarə endirən mən olmuşam...
Nəfəsini dərib buna bənzər daha bir neçə əhvalat danışdı. Onların hər biri maraqlı olsa da həyəcansız qulaq asmaq olmurdu. Əhvalatlarla bağlı fikrini axırda belə yekunlaşdırdı: aviasiya sərtdir, pilotun səhvlərini bağışlamır, amma əsl həyat məktəbidir, - deyib bu dəfə uşaqlıq və gənclik illərindən söz saldı:
- Uşaqkən
rəhmətlik babamla çox gəzirdim. Babam Xanbaba Əzimov
dəmiryolçu idi. Bakı-Astara xəttində poçt
vaqonunda işləyirdi. Mənə soyadını vermişdi.
Tez-tez paravoza mindirirdi. Maşinist olmaq istəyirdim. Texnikaya da
böyük həvəsim vardı. Sonralar hərdənbir
evimizin üstündən uçan təyyarələrə
maraqla tamaşa edirdim. İndiki kimi yadımdadır, 1957-ci ildə
Zabratda aviasiya bayramı keçirilirdi. Avqustun 18-i idi. Atam Zabit Axundov məni
də ora aparıb bayram tamaşasına bilet aldı.
"Lİ-2" təyyarəsinə minib uçdum. Sonralar
tez-tez Zabrata gedib bilet alır, "Kukuruznik" kimi tanınan
"Po-2" təyyarəsində 10-15 dəqiqə
uçurdum. Bu, çox xoşuma gəlirdi. Bundan sonra təyyarəçi
olmaq arzusuna düşdüm. Babama da bildirdim, uğur dilədi.
1960-cı ildə
Suraxanıdakı avamodelçilik dərnəyinə getdim. Bir
il sonra aerokluba üzv yazıldım. 3 il Bakı aeroklubunda
aviamodelçilik dərnəyində məşğul oldum.
1964-cü il may ayının 9-da Qala aerodromunda ilk dəfə
paraşütdən tullandım. Bu sahə üzrə kursu
qısa vaxtda tam mənimsədim. 109 dəfə
paraşütdən tullanmışam. Təyyarəçiliyə
olan həvəs sonralar məni planerçilik kursuna apardı.
Çox keçmədən planerdə uçmağa
başladım. Planer 1-2 yerlik idi. Ona motorsuz təyyarə də
deyirdilər. 1966-cı ildən isə "KAİ-2" və
"Blonik" planerlərində uçmağı davam
etdirdim. Həmin vaxtlarda Bakı aeroklubunda aviatexnik kimi işə
başladım.
Əzimbala bununla kifayətlənmir.
Pilot peşəsinə olan həvəs onu 1966-cı ildə
Artıq 41 ildir ki,
dünyanın bir çox ölkəsinə tikinti materialları,
ərzaq, neft avadanlıqları, dava-dərman və başqa
humanitar yüklər daşıyır. Bu illər ərzində
nə az, nə çox 26.000 saat uçmuşdur.
Dünyanın müxtəlif ölkələrində qəfil
peşə yoxlamaları ilə də çox üzləşib.
Hər dəfə də yoxlamalardan alnı açıq
çıxıb. O cümlədən son illərdə
Almaniyanın Frankfurt, Fransanın Tuluza və İtaliyanın
İndi Əzimbala Əzimov
"Silk Way" (İpək Yolu) yük aviaşirkətinin
eskadrilya komandiri kimi Azərbaycan Bayrağı altında Əfqanıstana,
Belçikaya, Tanzaniyaya, Çinə, Sinqapura, Vyetnama,
Hindistana, Kanadaya və dünyanın bir çox başqa
ölkələrinə çarter reysləri yerinə yetirir.
Dünyada məşhur, yaraşıqlı aeroportları
çox görüb. Lakin Heydər Əliyev Beynəlxalq
Aeroportunu hamısından üstün tutur: - "Azərbaycanın
giriş qapısı, daha möhtəşəmdir və
gözəldir", - deyir. Bu aeroport İKAO-nun
standartlarına tam cavab verir.
Aprelin əvvəllərində
İslandiyada baş vermiş vulkan püskürməsi nəticəsində
yaranmış kül buludlarının fəsadları barədə
soruşanda dedi:
- Bu, təyyarəçilər
üçün çox risklidir. Vizual baxımdan hardasa sərnişinləri
xilas etmək olar. Amma, heç vaxt unutmaq olmaz ki, təyyarənin
mühərriki çox incədir. Kül buludundan və ya toz
dumanından uzaq olmaq qəzadan qurtulmaq deməkdir.
Uçuşda
olmadığı günlərdə pilot peşəsinin sirlərini
gənclərə öyrətməklə məşğul
olur. Deyir ki, bəzən elə gənclərlə
rastlaşıram ki, əziyyət çəkmədən
pilot olmaq istəyirlər. Bu, qeyri-mümkündür. Təyyarəçilik
arzudan əlavə məsuliyyət, bilik, bacarıq, yeri gəldikdə
ani qərarlar qəbul etmək, təhlükəli anlarda məsuliyyəti
öz üzərinə götürmək məharəti tələb
edir. Təyyarəçi olmaq istəyən öz fiziki
sağlamlığına da fikir verməli, necə deyərlər,
daim formada olmalı, üstəlik xarici dil də bilməlidir.
Bunların heç biri isə insana anadangəlmə verilmir.
Bu yaxınlarda Azərbaycan
Respublikasının "Əməkdar pilot" fəxri
adının təsis edilməsindən özü söz
saldı. Onu Prezident İlham Əliyevin aviatorlara böyük
qayğısı kimi dəyərləndirdi. Dedi ki, bu
qayğı biz aviatorları daha yüksək nailiyyətlər
qazanmağa ruhlandırıb. "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Cahangir Əsgərovun və rəhbərliyin digər
işçilərinin də qayğısını daim hiss
edirik. Problemlərimiz olanda kömək edir, hər il bizi dincəlməyə
göndərirlər.
Əzimbala kiçik oğlu Şəhriyarın da adını çəkdi. "Sevinirəm ki, peşəmi davam etdirir. "İl-76" yük təyyarəsinin heyət kapitanıdır.
Azərbaycan üçün nə isə faydalı bir iş görəndə, bir də uçuşdan sonra evdə nəvələrimin yanında olanda fərəh duyuram. Nəvələrim Əzimlə Gülərin Şəmsəddin babaları da təcrübəli pilotdur. Şəmsəddin Mirsalayev də mənim kimi "İl-76"da uçur. Təhlükəsiz uçuşlar həyata keçirməkdə ustadır. Eyni zamanda "Silk Way" aviaşirkətinin direktoru kimi yükdaşımaların təşkilinə rəhbərlik edir. Onun da ən böyük arzusu balaca Əzimi gələcəkdə pilot görməkdir.
Əzimbala həmişə zəhmətinin bəhrəsini görüb. Sovetlər dövründə "Əmək şöhrəti", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Aldığı mükafatlar içərisində onun üçün ən çox qiymətlisi 2 il əvvəl aldığı müstəqil Azərbaycanın "Şöhrət" ordenidir.
...Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar hər gün öz ahəngi ilə davam edir. Kimi havaya qalxır, kimi yerə enir. Havaya qalxan təyyarələrə hərdən gözüm sataşanda Əzimbalanın "uçanda sanki dünyanı mənə verirlər", bir də nə vaxtsa eşitdiyim "səma cəsurları sevir" sözləri yadıma düşür.
Tanrı sizi qorusun! Səma daim üzünüzə açıq olsun. Bu sözlər təkcə mənim yox, hər gün təyyarə ilə yaxın, uzaq ellərə yaxınlarını, doğmalarını yola salan, yaxud qarşılayan neçə-neçə adamın dilində səslənir.
Məhərrəm SƏFƏRLİ,
Azərbaycan "Hava
Yolları"
Qapalı Səhmdar
Cəmiyyətinin xidmət rəisi,
Beynəlxalq Jurnalistlər
Federasiyasının üzvü
Azərbaycan.- 2010.- 1 iyun- S.
6.