Bakıda Onkoloqların
I Türkiyə-Azərbaycan elmi-praktiki konfransı keçirilir
İyunun 1-də Azərbaycan Milli Onkologiya Mərkəzinin və Türkiyə Hemotologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda Onkoloqların I Türkiyə-Azərbaycan elmi-praktiki konfransı işə başlamışdır.
"Bədxassəli şişlərin müasir diaqnostika və müalicə məsələləri" mövzusuna həsr olunmuş konfransda türkiyəli və yerli mütəxəssislər iştirak edirlər.
Tədbiri Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi İdrak Kazımov açaraq konfransın işinə uğurlar arzulamışdır. Milli Onkologiya Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat verən baş həkim Azərbaycanda dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışmışdır.
Bildirilmişdir ki, artıq 15 ildən çoxdur azərbaycanlı həkimlərlə Türkiyənin tibb mütəxəssisləri arasında sıx əlaqə mövcuddur. Türk qardaşlarımız azərbaycanlı həkimlərin diplomdan sonrakı təhsillərini daha da təkmilləşdirmələrinə daim kömək edirlər. Bu əlaqə hər zaman özünü nailiyyətlərlə büruzə verir. Ölkələrimizin onkoloqlarının elmi konfransı belə geniş tərkibdə ilk dəfə keçirilir. Bu tədbir hər iki ölkənin mütəxəssislərinin elmi-praktiki səviyyələrinin yüksəlməsinə zəmin yaradacaqdır. İştirakçılar Türkiyənin aparıcı klinikalarının mütəxəssislərinin onkologiya sahəsində əldə etdikləri nailiyyətlərdən bəhrələnəcəklər.
Türkiyə Hemotologiya Cəmiyyətinin sədri Süleyman Dincer təcrübə mübadiləsi aparılması baxımından tədbirin əhəmiyyətindən danışaraq, azərbaycanlı həkimlərlə birgə əməkdaşlıqdan məmnun olduqlarını bildirmişdir. Onkoloji xəstəliklərin planetimizdə çox geniş yayıldığını vurğulayan mütəxəssis artıq dünyada bu xəstəliklə mübarizə sahəsində yeni üsulların tətbiq olunduğunu demişdir.
Vurğulamışdır ki, bu konfransda Türkiyənin təcrübəsi azərbaycanlı onkoloqlara nümayiş etdiriləcəkdir.
Türkiyə Ali Təhsil İdarəsinin (YÖK) sədri Yusif Ziya Özcan bildirmişdir ki, bu konfrans iki qardaş ölkənin uğurlu əməkdaşlığının davamıdır. Son vaxtlar Azərbaycanda hər bir sahədə olduğu kimi, səhiyyə sahəsində də sürətli inkişaf müşahidə olunur. Ölkədə yeni tibb ocaqlarının istifadəyə verilməsi, müasir avadanlıqla təmin edilməsi, xəstələrə yüksək səviyyədə xidmət göstərilməsi bunun bariz nümunəsidir.
Tədbirdə "Süd vəzinin xərçəngində son nailiyyətlər", "Limfomalar və onların müalicəsində əldə edilən son nailiyyətlər", "Xərçəng xəstələrində Qan Bankı və transfuziya meyarları" mövzularında məruzələr dinlənilmişdir.
Müzakirə olunan mövzularla bağlı Türkiyədə aparılmış əməliyyatlarda tətbiq olunan yeniliklər videoçarx vasitəsilə iştirakçılara təqdim edilmişdir.
Konfrans iyunun 2-də işini davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 iyun- S.
6.