Azərbaycan Diplomatik Akademiyası Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlığa dair
saziş imzalamışdır.
İyunun 2-də Azərbaycan
Diplomatik Akademiyası (ADA) Böyük Britaniyanın Qlazqo
Universiteti ilə əməkdaşlığa dair saziş
imzalamışdır.
Sazişə əsasən,
təhsil ocaqları tələbə və müəllim
mübadiləsi, birgə araşdırmalar aparacaq, simpozium və
mühazirələr təşkil edəcəklər.
Azərbaycanın xarici
işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev
Qlazqo Universiteti ilə əməkdaşlığın
qurulmasını əlamətdar hadisə
adlandırmışdır.
H.Paşayev
vurğulamışdır ki, dünyanın yüz ən
yaxşı ali təhsil ocağı sırasında olan Qlazqo
Universiteti ilə əməkdaşlığın
yaradılması müsbət haldır. Hər il dünya
ölkələrindən minlərlə tələbə qəbul
edən bu universitet beynəlxalq münasibətlər,
diplomatiya və sosial elmlər sahəsində təhsil alan gəncləri
Azərbaycana göndərməyi planlaşdırır. ADA-da
Xəzər dənizi hövzəsi və Qafqaz üzrə
hazırlanmış proqrama xüsusi maraq göstərən
Qlazqo Universiteti öz tələbələrini gələn
ildən başlayaraq Bakıya göndərmək niyyətindədir.
Onlar mükəmməl təhsil almaqla yanaşı, yerli
reallıqlarla tanış olmaq imkanı qazanacaqlar. Eyni vaxtda
Qlazqo Universitetinə səfər edəcək azərbaycanlı
tələbə və müəllimlər buradakı təcrübədən
bəhrələnə biləcəklər.
Qlazqo Universitetinin Orta və
Şərqi Avropa Araşdırmaları Departamentinin sədri
Devid Smit isə bildirmişdir ki, bu, Qafqaz ölkələri
arasında onların imzaladığı ilk əməkdaşlıq
sazişidir. Sizin gözəl kurslarınız vardır. Bizim
tələbələr üçün bu çox maraqlı
olacaqdır. Əminəm ki, Avropa və Şimali Amerikadan olan
tələbələrimiz ADA-da Qafqaz, Orta Asiya, Xəzəryanı
ölkələr haqqında təhsil almaqdan çox şad
olacaqlar.
Diplomatik Akademiya son iki
ayda Türkiyənin Bilkənt və Orta Doğu Texniki
Universiteti, Omanın Diplomatik İnstitutu ilə də elmi əməkdaşlıq
haqqında razılığa gəlmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 3 iyun- S.
3.