Azərbaycanın ixrac imkanları
daha da genişlənir
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV: "Ölkəmizdə
dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların
istehsalının artırılması Azərbaycan Prezidentinin
həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir"
Ümumi iqtisadi inkişafda
xüsusi çəkiyə malik məqamlardan biri də
yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən
yerli istehsal məhsullarının dünya bazarlarına
çıxarılması, ixrac potensialının gücləndirilməsidir.
Bu, həm də istənilən ölkənin xarici ticarət
tərəfdaşları ilə münasibətlərinin daha
sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın
dərinləşməsinə təsir göstərən əsas
faktorlar sırasında yer alır. İxrac imkanlarının
daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə
də həyata keçirilən iqtisadi siyasətin əsas
istiqamətlərindən birini təşkil edir. Bu mənada
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
cari ilin mayın 14-də idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər görülməsinə
yönələn fərmanı xüsusi əhəmiyyət kəsb
edir. İlk növbədə ona görə ki, sözügedən
fərman idxal-ixrac prosedurlarının iqtisadi inkişafın
bugünkü tələblərinə
uyğunlaşdırılması və sadələşdirilməsi
baxımından zəruri xarakter daşıyır. Həmçinin,
sözügedən fərmanla "Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları"na edilmiş əlavə və dəyişikliklər
ixrac potensialından daha səmərəli istifadəyə
xidmət edir.
İqtisadi inkişaf naziri
Şahin MUSTAFAYEV də bizimlə söhbətində
sözügedən fərmanın iqtisadi tərəqqiyə
mühüm töhfələr verəcəyinə əminliyini
bildirdi.
- Cənab nazir, ilk növbədə
Azərbaycanın ümumi iqtisadi inkişaf göstəriciləri
barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Artıq bir neçə
ildir ki, Azərbaycan iqtisadi artım tempinə görə təkcə
regionda deyil, həm də dünyada lider ölkələrdəndir.
İndi də Azərbaycan bu yönümdə öz
qabaqcıl mövqeyini saxlayır. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf
strategiyasının onun layiqli davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi, görülən müvafiq tədbirlər,
həyata keçirilən islahatlar sayəsində
qarşıdakı dövr ərzində də Azərbaycanın
dinamik tərəqqisi təmin ediləcək. Ölkənin
böyük eneji ehtiyatlarına malik olması fonunda
iqtisadiyyatın diversifikasiya siyasətinin müvəffəqiyyətlə
reallaşdırılması, sahibkarlığa dövlət dəstəyi,
regionların inkişafını özündə ehtiva edən
proqramlar, qeyri-neft sektorunun sürətli tərəqqisinə
xidmət edən addımlar, zamanın tələblərinə
uyğun olaraq aparılan zəruri islahatlar Azərbaycanın
iqtisadi mövqelərini daha da möhkəmləndirməkdədir.
Qeyd edilənlərin məntiqi nəticəsidir ki, ölkəmizdə
məcmu istehsalın həcmi də durmadan artmaqda, yeni istehsal
sahələri, müəssisələri
formalaşmaqdadır. Bu, həm də bir vaxtlar Azərbaycanın
idxal etdiyi məhsulların indi ixracat mənbəyinə
çevrilməsini şərtləndirməkdədir.
İqtisadi inkişafı
xarakterizə edən göstəricilərə gəlincə,
ilk növbədə qeyd olunmalıdır ki, təkcə
2004-2009-cu illər ərzində ölkəmizdə ümumi
daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. Hətta
qlobal maliyyə-iqtisadi böhranın ən yüksək həddə
çatdığı 2009-cu ildə ÜDM-nin real
artımı 9,3 faiz təşkil etmişdir. Bu dövrdə kənd
təsərrüfatında 3,5 faiz, rabitədə 13,1 faiz,
ticarətdə 9,9 faiz, nəqliyyatda 9,3 faiz artıma nail
olunmuşdur.
2010-cu ilin göstəriciləri
də ölkədə sosial-iqtisadi inkişaf prosesinin sürətlə
davam etdiyini göstərir. Belə ki, 2010-cu ilin yanvar-aprel
aylarında ÜDM real ifadədə 5 faiz, o cümlədən
neft-qaz sektoru üzrə 4,9 faiz , qeyri-neft sahələri
üzrə 5 faiz artmışdır. Ötən ilin
müvafiq dövrünə nisbətən kənd təsərrüfatı
1,4 faiz, rabitə sahəsi 24,9 faiz, nəqliyyat sahəsi 3,1
faiz, tikinti sahəsi isə 4,7 faiz artmış, qeyri-neft sənayesi
üzrə 3,7 faizlik real artım qeydə
alınmışdır.
Qazanılmış
uğurlar ölkənin ixrac potensialının
artmasını təmin etmiş, neft məhsulları ilə
yanaşı, qeyri-neft məhsullarının ixracının
da genişlənməsinə səbəb olmuşdur. Belə
ki, 2004-cü illə müqayisədə 2009-cu ildə
ümumi ixrac 4,1 dəfə, qeyri-neft məhsullarının
ixracı isə 1,9 dəfə çox olmuşdur. 2010-cu ildə
də qeyri-neft məhsulları ixracında inkişaf davam
etmiş və keçən ilin müvafiq dövrü ilə
müqayisədə bu ilin ilk 4 ayında bütün enerji
daşıyıcıları istisna olmaqla, qeyri-neft ixracı təqribən
2 dəfə artmışdır.
Bu uğurlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən və ölkə
iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş
uğurlu siyasətin nəticəsində mümkün
olmuşdur.
İqtisadi göstəricilər
ölkə iqtisadiyyatının diversifikasiyası ilə
bağlı deyilənləri bir daha təsdiq edir. Belə ki, əgər
ÜDM-də neft sektorunun xüsusi çəkisi 2006-cı
ildə 53,8 faiz təşkil edirdisə, bu göstərici
2009-cu ildə artıq 47 faizə qədər
azalmışdır. Nəzərə alınmalıdır ki,
bu dövrdə neft hasilatı əhəmiyyətli dərəcədə
artmış və keçən il 50 milyon tondan çox
olmuşdur. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatına
yatırılmış investisiyaların strukturunun təhlili
göstərir ki, 2007-ci ildən başlayaraq qeyri-neft sektoruna
yatırılmış investisiyalar üstünlük təşkil
edir. Təkcə 2009-cu ildə qeyri-neft sektoruna neft sektoru ilə
müqayisədə 3 dəfə çox investisiya
yatırılmışdır.
Ölkədə həyata
keçirilən iqtisadi islahatların və uzaqgörənliklə
müəyyənləşdirilən neft strategiyasının
məntiqi nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı
qlobal sarsıntılara qarşı dayanıqlıq
nümayiş etdirmiş və beynəlxalq reytinq qurumları
tərəfindən bir sıra inkişaf etmiş ölkələrin
reytinqlərinin azaldılmasına baxmayaraq, nüfuzlu
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi
açıqladığı son qiymətləndirməsində
Azərbaycanın iqtisadi uğurlarını bir daha təsdiq
etmişdir. Belə ki, "Fitch Ratings" Azərbaycanın
suveren reytinqini investisiya səviyyəsinə ("BB+"dan
"BBB-"dək) yüksəltmişdir ki, bu da ölkəmizin
investisiyalar baxımından cəlbediciliyinin daha da
artmasına və qeyri-neft sektorunun inkişafına daha
çox sərmayələrin yönəldilməsinə
öz müsbət təsirini göstərəcəkdir.
- Ölkəmizdə
ümumi ixrac həcminin artdığını qeyd etdiniz. Məlum
olduğu kimi, mayın 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydalarının təkmilləşdirilməsi sahəsində
əlavə tədbirlər haqqında" fərman
imzalamışdır. Bu fərman idxal-ixrac əməliyyatları
sahəsində hansı dəyişikliklərə səbəb
olacaq?
- Qeyd edim ki, əldə
olunmuş nailiyyətlərin davamlılığının təmin
edilməsi ölkə iqtisadiyyatının
diversifikasiyasına yönəldilmiş tədbirlərin
miqyasının daha da genişləndirilməsini zəruri
edir. Bununla əlaqədar olaraq, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın birinci
ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə
iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi,
yaradılmış ixrac potensialından daha səmərəli
istifadə olunması, yeni xarici bazarların aşkar edilməsi
və yerli sahibkarlara xaricə çıxmaq üçün
əlavə şəraitin yaradılması ilə
bağlı tapşırıqlar vermişdir. Dövlət
başçısının "Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydalarının təkmilləşdirilməsi sahəsində
əlavə tədbirlər haqqında" 2010-cu il 14 may
tarixli fərmanı məhz verilmiş
tapşırıqların konkret icra mexanizmi olaraq, idxal-ixrac əməliyyatlarının
daha da sadələşdirilməsinə yönəlmişdir.
Fərmana uyğun olaraq, Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydalarına edilmiş əlavə və dəyişikliklər
xarici ticarət fəaliyyətinin daha da
liberallaşdırılması, idxal-ixrac əməliyyatlarının
sadələşdirilməsi və prosedurların
asanlaşdırılması biznes mühitinin davamlı olaraq
yaxşılaşdırılması və
sahibkarlığın davamlı inkişafına əlavə
stimul yaradacaqdır.
Ölkənin uzunmüddətli,
dayanıqlı iqtisadi inkişafının təmin
olunması baxımından xarici bazarlara, o cümlədən
Avropa bazarlarına çıxış imkanlarının
genişləndirilməsi mühüm əhəmiyyət kəsb
edir. "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr
olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz
yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və
o, böyük bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz
o bazarları bizim üçün açıb. Ancaq biz yeni
bazarlar axtarmalıyıq. Biz keyfiyyətli məhsullarla, onlara
uyğun olan standartlarla Avropa bazarlarına
çıxmalıyıq".
Şübhəsiz ki, xarici
bazarlar hesabına yerli istehsalın və buna uyğun olaraq
onun ixracının artırılması iqtisadi artımın
yeni mənbələrinin formalaşdırılmasını təmin
edəcəkdir. Azərbaycan iqtisadi baxımdan keçid
dövrünü artıq başa vurmuşdur. Haqqında
danışdığımız dəyişikliklər həm
də idxal-ixrac əməliyyatlarının
bütövlükdə bazar prinsiplərinə, eləcə də
beynəlxalq praktikaya uyğunlaşdırılması
baxımından atılmış əhəmiyyətli
addımdır.
- Bu fərmanla idxal-ixrac əməliyyatlarının
rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi
baxımından hansı dəyişikliklər edilib?
- Bu istiqamətdə əsas
dəyişiklik idxal-ixrac əməliyyatları zamanı təqdim
olunan sənədlərin sayının azaldılmasıdır.
Belə ki, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi
zamanı bir sıra sənədlərin təqdim olunması tələbinin
aradan qaldırılması ilə yanaşı, əməliyyatlarla
bağlı dövlət müəssisələri və əmlakında
dövlətin yekun payı 50 faizdən yuxarı olan müəssisələr
istisna olmaqla, digər şəxslərə münasibətdə
idxal-ixrac əməliyyatları müqavilələrinin
qeydiyyatı tələbi də ləğv edilmişdir.
Eyni zamanda, bu dəyişikliklər
nəticəsində ixracı və idxalı müvafiq
dövlət orqanlarının rəyi alınmaqla aparılan
spesifik malların və xidmətlərin, o cümlədən
əqli mülkiyyətin idxalı və ixracı zamanı
müqavilələrin qeydiyyatı və ekspertizası tələbi
də aradan qaldırılmışdır. Qeyd olunan dəyişikliyə
əsasən, həmin malların idxalı və ya ixracı
ilə məşğul olmaq istəyən şəxslər
aidiyyəti dövlət orqanlarının rəylərini
birbaşa gömrük orqanlarına təqdim etməlidirlər.
Bu dəyişiklik çoxpilləliyin və vaxt itkisinin aradan
qaldırılması üçün mühüm əhəmiyyət
kəsb edir.
- Cənab nazir, ixracda
hesablaşma ilə bağlı prosedurların sadələşdirilməsi
nəyi nəzərdə tutur?
- Hesablaşma ilə
bağlı prosedurların sadələşdirilməsi yerli
sahibkarlar tərəfindən mal və xidmətlərin ixrac
imkanlarının daha da genişləndirilməsinə xidmət
edir. Qeyd etdiyimiz dəyişikliklərə qədər
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər
tərəfindən mal və xidmətlərin ixracı
zamanı onların dəyərinin qabaqcadan ödənilməsi,
yaxud akkreditiv və ya birinci dərəcəli bankların zəmanətinin
təqdim edilməsi tələbi nəzərdə tutulurdu.
Azərbaycan Respublikası
Prezidentinin fərmanına uyğun olaraq, dövlət müəssisələri
və əmlakında dövlətin yekun payı 50 faizdən
yuxarı olan digər müəssisələr istisna olmaqla,
digər hüquqi və fiziki şəxslər tərəfindən
mal və xidmətlərin ixracı zamanı bu məcburi tələb
aradan qaldırılmışdır.
- Azərbaycanın qeyri-neft
məhsullarının ixrac imkanlarının genişləndirilməsi
istiqamətində daha hansı konkret işlər
görülür?
- İlk növbədə
qeyri-neft potensialının cəmləşdiyi regionların
inkişafı ilə bağlı müvafiq dövlət
proqramlarına uyğun olaraq kompleks tədbirlər
görülür. Bundan əlavə, sahibkarlığın
inkişafına təkan verən dövlət dəstəyi tədbirləri,
o cümlədən kənd təsərrüfatı məhsulları
istehsalçılarının 2014-cü ilədək torpaq
vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi,
kənd təsərrüfatı məhsulları
istehsalçılarına subsidiyaların verilməsi,
"Aqrolizinq" ASC vasitəsilə güzəştli şərtlərlə
gübrə və kənd təsərrüfatı
texnikasının təmin edilməsi, xüsusi iqtisadi
zonaların, tənzimləmə və inzibati prosedurları
sadələşdirməklə, biznes və investisiya
mühitinin daha da yaxşılaşdırılması, sənaye
şəhərciklərinin, biznes inkubatorların
yaradılması istiqamətində görülən işlər
və digər tədbirlər ölkəmizdə istehsalın
genişlənməsində, ixrac imkanlarının
artmasında xüsusi əhəmiyyətə malikdir.
Bununla yanaşı,
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına ixracyönümlü layihələr maliyyələşdirilir.
Burada regionlarımızda inşa edilən soyuducu və
taxıl anbarlarının əhəmiyyətini vurğulamaq
istəyirəm. Keçən ildən etibarən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə regionlarda taxıl və
soyuducu anbar komplekslərinin tikintisinin güzəştli
qaydada maliyyələşdirilməsi həyata keçirilir.
Bu komplekslərin yaradılması ərzaq təhlükəsizliyinin
təmin olunmasına, regionların sosial-iqtisadi
inkişafına və investisiya cəlbediciliyinin
artırılmasına, kənd təsərrüfatının
intensiv inkişafına, məhsul itkisinin
qarşısının alınmasına, daxili bazarın
qorunmasına, istehlakçıların hüquqlarının
müdafiə olunmasına, yeni texnologiyaların tətbiqinə
və ixrac potensialının artırılmasına təkan
verməklə, ölkə iqtisadiyyatının
inkişafına böyük töhfələr verəcəkdir.
Belə ki, kənd təsərrüfatı məhsullarının
ixrac potensialından səmərəli istifadə
baxımından bir məhsulun istehsalı qədər, onun
müvafiq saxlama şəraiti ilə təmin olunması
mühümdür. İnşa edilən soyuducu və taxıl
anbarları kənd təsərrüfatı məhsullarının
bazara çıxış müddətinin
artırılması və məhsulun istehsal
mövsümündə ucuz qiymətlə ixrac edilməsi əvəzinə
onun müəyyən müddət saxlayaraq daha münasib qiymətlə
ixrac edilməsinə imkan yaradır.
Bununla yanaşı, ölkəmizin
ümumiləşdirilmiş preferensiyalar sisteminə (GSP)
qoşulması sahibkarların mövcud və yeni ixrac
bazarlarına çıxış imkanlarının genişləndirilməsi
baxımından atılmış ciddi addım kimi qiymətləndirilməlidir.
Bildiyiniz kimi, ölkəmiz Kanada, Yaponiya, Türkiyə,
Norveç, İsveçrə və Amerika Birləşmiş
Ştatlarının GSP, Avropa Birliyinin isə GSP+
proqramlarından istifadə etmək və öz məhsullarını
həmin ölkələrin bazarlarına güzəştli
şərtlərlə ixrac etmək hüququna malikdir. Belə
ki, GSP-nin üstünlüklərini daha yaxşı ifadə
etmək baxımından qeyd etmək lazımdır ki, Azərbaycan
Respublikası sadəcə 2008-ci ilin dekabr ayında
ABŞ-ın GSP proqramına qoşulmaqla 3473, Avropa Birliyinin
GSP+ proqramına qoşulmaqla isə 7200-ə yaxın mal
mövqeyi üzrə həmin ölkələrə güzəştli
ixrac imkanı əldə etmişdir.
Sahibkarlarımızın əldə
edilən bu imkanlardan daha səmərəli istifadə etməsini
təmin etmək məqsədilə Bakı şəhəri
və regionlarda GSP sistemi çərçivəsində ixrac
imkanları mövzusunda məlumatlandırıcı seminarlar
təşkil olunmuş, sistemdən istifadə imkanlarına
dair İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsinə
geniş məlumat bazası yerləşdirilmişdir. Həmçinin,
GSP sistemindən istifadə imkanları, beynəlxalq ticarətdə
alqı-satqı müqavilələri, çatdırılma
şərtləri, daşınma və logistika
mövzuları üzrə treninq-seminarların keçirilməsi,
ixrac məqsədli sertifikatlaşdırma prosedurlarının
təkmilləşdirilməsi, biznes forumların təşkili
və digər tədbirlərin daha intensiv şəkildə həyata
keçirilməsi nəzərdə tutulur.
- Ümumilikdə ölkəmizdə
istehsal olunan məhsulların keyfiyyət baxımından ixrac
bazarlarında rəqabətqabiliyyətliliyini necə qiymətləndirirsiniz?
- Ölkəmizdə
dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların
istehsalının daha da artırılması Azərbaycan
Respublikasının Prezidentinin həyata keçirdiyi iqtisadi
siyasətin prioritetlərindəndir. Bu gün Azərbaycanda
istehsal olunan məhsulların dünyanın əksər
ölkələrinə ixrac edilməsi onu deməyə əsas
verir ki, Azərbaycanda dünya standartlarına uyğun,
yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr
mövcuddur və onların sayı davamlı olaraq artır.
Bu, eyni zamanda dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir.
Keyfiyyət bizim üçün əhəmiyyətli göstəricidir.
Çünki istehsal olunan məhsulların yüksək
keyfiyyətli olması həmin məhsulların ixrac
bazarlarında rəqabət qabiliyyətini
artırdığı kimi,
istehlakçılarımızın da keyfiyyətli məhsul
istehlak etmək hüququnun təmin olunması deməkdir.
Ona görə də, daxili
bazarın haqsız rəqabətdən qorunması, idxal
malların müvafiq keyfiyyət standartlarına
uyğunluğuna nəzarətin gücləndirilməsi və
istehlakçılarımızın hüquqlarının təmin
edilməsi məqsədilə Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin fəaliyyətinin daha da genişləndirilməsi
istiqamətində işlər aparılır. İxrac
bazarlarında rəqabətqabiliyyətlilik baxımından
qablaşdırma, etiketləmə də böyük əhəmiyyətə
malikdir və xüsusi diqqət mərkəzindədir. Ümumilikdə
qeyd etmək istəyirəm ki, göstərilən işlər
Azərbaycanın qeyri-neft ixrac potensialının
reallaşmasında əhəmiyyətli rol oynamaqdadır. Qeyri-neft
məhsullarının ixracına dair yuxarıda sadalanan faktlar
bunu bir daha təsdiq edir.
Ümidvarıq ki, Azərbaycan
Respublikası Prezidentinin böyük diqqət və
qayğısı, ixracın stimullaşdırılması sahəsində
qəbul etdiyi qərarlar, sahibkarlığa sistemli dövlət
dəstəyi Azərbaycanın ixrac imkanlarını
artıracaq, iqtisadi əlaqələrimiz daha da genişlənəcək,
Azərbaycan mənşəli mal və xidmətlər
dünya bazarlarında daha geniş çeşiddə təmsil
olunacaqdır.
Müsahibəni apardı: İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.- 2010.- 3 iyun- S.
4.