Humanitar missiyaya
edilən hücum beynəlxalq miqyasda pislənilir
İsrail hərbi qüvvələrinin
"Azadlıq donanması"na müdaxiləsi Azərbaycan ictimaiyyəti
tərəfindən də
etirazla qarşılanır
Dünyanın siyasi gündəminin hələ
də ən aparıcı mövzularından
biri İsrail hərbi qüvvələrinin
Qəzzaya humanitar yardım daşıyan
"Azadlıq donanması"na beynəlxalq sularda hücum etməsi faktıdır. Xatırladaq ki, 6 gəmidən ibarət yardım donanması silahlı müdaxiləyə
məruz qaldıqdan sonra burada olan
insanlardan bir neçəsi həyatını
itirib, xeyli sayda adam
yaralanıb. Baş verənlərə beynəlxalq miqyasda göstərilən reaksiya
isə dünya ictimaiyyətinin bu hadisəni kəskin şəkildə pislədiyini
göstərir. Əslində, dünyanın məsələyə
məhz bu şəkildə münasibət
sərgiləməsi tamamilə
təbii və gözlənilən idi.
İlk növbədə ona görə ki, humanitar bir missiyanı
həyata keçirən
insanlara qarşı hərbi gücdən istifadə edilmiş və bununla həm də humanizm dəyərlərinə,
sülh səylərinə
bir zərbə vurulmuşdu.
Məhz bu səbəbdən hadisə
nəticəsində vətəndaşları
həlak olmuş qardaş Türkiyənin sözügedən olaya reaksiyası kifayət qədər sərt oldu və bildirildi
ki, Qəzza xalqına humanitar yardım yetirmək arzusu daşıyan və aralarında yaşlı, qadın və uşaqların da olduğu çox sayda ölkənin mülki vətəndaşlarına qarşı
İsrail hərbi qüvvələrinin güc
tətbiq etməsi yolverilməzdir. Rəsmi Ankaranın tələbi ilə BMT Təhlükəsizlik
Şurasının, NATO-nun keçirilən təcili
iclaslarında da İsrailin hərəkətinə
heç kim
haqq qazandırmadı.
Analoji reaksiya İslam Konfransı Təşkilatına
üzv dövlətlər,
dinindən, dilindən
asılı olmayaraq, məsələyə münasibət
bildirən dünyanın
digər ölkələri
tərəfindən də
nümayiş etdirildi.
Elə bu faktın özü bir daha İsrail tərəfinin yanlış
bir hərəkətə
yol verdiyini meydana qoyan əsas
amillərdən biri oldu. Daha bir diqqətçəkən
məqam ondan ibarətdir ki, olayı şərh edən dünyanın əksər aparıcı
media orqanlarında da İsrailin bu hərəkətinə hər
hansı formada haqq qazandırılmasının
mümkünsüzlüyünə dair bir fikir
hakim oldu və bu mövqe
davam etməkdədir.
O da danılmaz həqiqətdir
ki, bu hadisə
Yaxın Şərqdə
sülh prosesinin özünə də ciddi bir təhdid
yaradır. Ən azı ona görə ki, olay İsrailin Fələstinlə yaşanan
məlum münaqişəsinə
hələ də tam sülhpərvər bir prizmadan yanaşmadığına
dair təəssürat
yaradır. Daha bir acınacaqlı məqam isə ondan ibarətdir ki, İsrail tərəfi insan itkisi ilə
nəticələnən bu
hadisəyə hələ
də mühafizəkar
bir mövqedən yanaşır, hərbi qüvvələri tərəfindən
törədilənlərə haqq qazandırmağa çalışır. Halbuki baş
verənlərin yanlışlığı
qəbul olunsaydı, kifayət qədər üzücü bir hadisə olmasına rəğmən, onun miqyası, yəqin ki, bu qədər
böyüməzdi. Bu
mənada Türkiyənin
məsələyə sərt
reaksiyasını davam
etdirməsi, olaya görə İsrailin üzr istəməsini, humanitar yardım daşıyıcılarının azadlığa buraxılmasını
istəməsi tamamilə
başadüşüləndir.
Təbii ki, Azərbaycan da həm Türkiyə,
həm də İsraillə sıx münasibətləri olan
dövlət kimi məsələyə yalnız
seyrçi mövqedən
yanaşa bilməzdi. Baş verənlərə münasibət
bildirən Xarici İşlər Nazirliyinin
mətbuat katibi Elxan Poluxov qeyd
edib ki, Azərbaycan baş verənlərdən narahatdır:
"Təəssüf ki,
humanitar məqsədlə
həyata keçirilən
aksiya insan tələfatı ilə nəticələndi. Biz hesab edirik ki,
emosiyalar kənara qoyulmalı, qısa müddətdə bu hadisə dəqiqliyi ilə araşdırılmalı
və nəticələrdən
asılı olaraq bütün günahkarlar cəzalandırılmalıdır". Onun sözlərinə görə,
Azərbaycan Qəzza zolağında yaşayan əhaliyə humanitar yardım göstərilməsinin
tərəfdarıdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova isə hesab edir ki,
həm İsrailin, həm də Türkiyənin məsələni
sülh yolu ilə həll etməyə siyasi iradəsi çatacaq. Türkiyənin
Azərbaycana qardaş
və dost ölkə
olduğunu xatırladan
vitse-spiker Ankaranın
regionda oynadığı
mühüm rolun inkaredilməzliyini də diqqətdə saxlamağın
vacibliyini bildirib:
"Türkiyənin dünyada
olan qlobal təhlükələrə qarşı
çox yüksək
səslə öz mövqeyini bildirməsi hər kəsə bəllidir. İstəməzdim ki, Türkiyənin
yaxın qonşuları
ilə hansısa bir problemi olsun
və bu cür problemləri ürək ağrısı
ilə qarşılayırıq".
Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti
sözügedən hadisədə
Türkiyənin mövqeyini
dəstəkləyir, insan
itkisi ilə nəticələnən olayı
qınayır.
Aydındır ki, Azərbaycanın humanitar bir missiyaya
hərbi müdaxiləni
pisləyən reaksiyası
təkcə ölkəmizin
Türkiyə ilə strateji tərəfdaşlıq,
yaxın münasibətlər,
dostluq, qardaşlıq
əlaqələrindən irəli
gəlmir. Bu həm
də Azərbaycanın
humanizm, bəşəri
dəyərlərə sadiqliyindən
yaranan bir haldır. Analoji reaksiyanı digər
türkdilli ölkələrin,
Mərkəzi Asiya respublikalarının, ümumiyyətlə,
bütün dünya dövlətlərinin nümayiş
etdirməsi olduqca vacibdir. Çünki qeyd edildiyi kimi, bu hadisə
nəticəsində həm
də humanizm prinsipləri pozulub, Yaxın Şərqdə sülh prosesinə xələl gətirilib.
Deputat Zahid Oruc da qeyd
edir ki, humanitar yük daşıyan gəmilərə
hücum edilməsi və bunun nəticəsində
insan tələfatının
qeydə alınması
yolverilməzdir: "İsrail
bu hərəkətlə
daha çox özünə zərər
vurmuş oldu. Çünki bununla Fələstin
vətəndaşlarına yardım edəcək insanları, təşkilatları
nəinki öz fikirlərindən daşındıra
bildi, əksinə, onların bu işdə daha fəal olmasına sanki bir stimul
yaratdı". Deputat belə
hesab edir ki, baş verənlər
Yaxın Şərqdə
sülh prosesinə ciddi zərbə vurub. Onun fikrincə, indi
İsrail törətdiyi
hərəkətə mühafizəkar
mövqedən yanaşmağı
kənara qoyaraq proseslərin bütün tərəflər üçün
müsbət nəticələr
verəcək bir axara yönləndirilməsinə
çalışmalıdır.
Onun sözlərinə görə,
baş verənlər
Azərbaycanı da çox ciddi şəkildə narahat etməkdədir. Zahid Oruc məsələyə
Azərbaycan tərəfinin
verdiyi reaksiyanın çox doğru olduğunu bildirir: "Bu reaksiya daha çox
ona hesablanıb ki, proseslər münaqişə, müharibə
istiqamətində getməsin.
Çünki bundan hər
iki tərəf itirəcək".
Siyasi İnnovasiya
və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun
sözlərinə görə,
İsrailin atdığı
bu addım elə bir hərəkətdir
ki, onu siyasi,
insani və digər baxımdan dəyərləndirmək olduqca
çətindir: "Həmçinin
bu bəşəri dəyərlərə, insanlığa
ziyan vuran bir addımdır. Normal məntiq, hüquq,
siyasət və digər bu kimi
prizmadan yanaşdıqda
törədilən hərəkətin
izahı yoxdur".
Ekspert bildirir ki, Türkiyənin yaxın müttəfiqi olan Azərbaycan doğru bir mövqe nümayiş etdirib: "Azərbaycan bu hadisənin səbəblərinin araşdırılmasının
vacibliyini bildirir və bu, doğru
mövqedir".
Beləliklə, qeyd edilənlər bir daha onu
göstərir ki, İsrail kifayət qədər yanlış bir hərəkətə yol verib.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 3 iyun- S.
6.