Metyu Qoldsteyn: Mehriban xanım Əliyevanın imici dünyada çox yüksəkdir
Amerikanın MTV kanalının
Avrasiya regionu üzrə direktoru ölkəmiz barədə
təəssüratlarını bölüşüb
MTV rəhbərliyi məni bu regionun imkanları və perspektivini qiymətləndirmək üçün ezamiyyətə göndərdi. Mən kanalın əsl Amerika variantını istənilən ölkədə aça bilərəm - Rusiya, Qazaxıstan, Ukrayna və s. Bu ölkələrin nazirləri bizim kanalı öz teleməkanında görməyə çox şad oldular. Analoji təkliflərlə dolu xeyli məktub almışam. Ancaq başqa qərara gəldim. Bakını seçdim. Bu şəhərin adı özündə müəyyən obraz daşıyır: bu sivilizasiyanın qovuşduğu yerdi, ekzotika, istirahət məkanı, bir sözlə, yaxşı və maraqlı. Digər ölkələrin paytaxtlarının adı məndə belə emosiya yaratmamışdı. Bundan başqa, Azərbaycan zəngin və inkişaf edən ölkə kimi məşhurdur.
Bakıda hər şey xoşuma gəldi. Buranın insanları olduqca ürəyiaçıq, mehribandırlar. Rusiya, Ukrayna, Mərkəzi Asiya dövlətləri, Belarus, Moldova, hətta Baltikyanı ölkələrdən dövlətin və cəmiyyətin potensialı daha çoxdur.
Ancaq hər şeydən çox məni başqa bir fakt heyrətləndirdi. Əgər yuxarıda adı çəkilən ölkələrin vətəndaşları öz liderlərini mədh edirlərsə, bunu daha çox tamahkar fikirlə edirlər. Azərbaycanda isə mən heç yerdə görmədiyim bir məqamla rastlaşdım: gənclər indiki və keçmiş prezidentlərini sevirlər. Ukraynada belə həmrəyliyə rast gəlmək mümkün deyil. Rusiyada da eynilə. Başa düşdüm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olub. Onun böyük xidməti ondan ibarət oldu ki, Sovet İttifaqından ayrılan respublika tam şəkildə suveren dövlət olmaqla yanaşı, həm də postsovet məkanında bir çox ölkələrin, məsələn, Türkmənistan və ya Ermənistanın nail olmadığı müasir demokratiyanın dəyərlərini qazandı. Heydər Əliyevi keçmiş İttifaqın heç bir lideri ilə müqayisə etmək olmaz. O, çoxlarının bilmədiyini bilirdi. Dəqiq bilirdi ki, nə etmək olar və bunu necə etmək olar. O, həyatını xalqına həsr etdi və xalqı da qəlbən minnətdarlığını və sevgisini ondan əsirgəmədi, indi də əsirgəmir.
Azərbaycanın indiki lideri öz atasının siyasətini davam etdirir. Dövlət başçısı bilir ki, xalqın firavanlığını qaldırmadan heç nəyə nail olmaq mümkün deyil. Ona görə də Prezident İlham Əliyevə həm intellektual elita, həm də sadə vətəndaşlar dəstək olurlar. İnsanlar həqiqətən inanırlar ki, onların fəaliyyəti və biznesləri bu ölkənin inkişafı və gələcəyi üçün xəzinədir.
Bundan başqa, mən xalqın birinci lediyə olan böyük sevgisini, hörmət və pərəstişini gördüm. Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik edir. Həqiqətən, sizin birinci ledinin xidmətləri böyükdür. Mehriban xanım özündə üç nadir keyfiyyəti birləşdirir - gözəllik, ağıl və səmimi nəcibliyi. Mən indiyə kimi çox birinci ledilərin fəaliyyəti ilə maraqlanmışam və açıq etiraf edirəm ki, onların ölkənin ictimai-siyasi həyatında iştirakı həyat yoldaşlarının seçkiqabağı kampaniyası zamanı bir neçə dəfə çıxış etməklə məhdudlaşır. Görünür, onlar belə düşünürlər: əgər sənin hakimiyyətin varsa, nə isə etmək çox asandır, amma bu o demək deyil ki, sən nəyi isə etməyə borclusan.
Mehriban xanım Əliyeva öz xalqını sevir və bacardığı qədər onun həyatında yaxından iştirak edir. Sizin bütün vətəndaşlarınız yaxşı bilirlər ki, Heydər Əliyev Fondu neçə-neçə xeyriyyə layihələri və proqramları həyata keçirir. Məktəb və internatların açılması, idman kompleksləri və xəstəxanaların tikilib istifadəyə verilməsi, yetim və kimsəsizlərə ünvanlı yardımların göstərilməsi. Həmçinin ölkə vətəndaşlarının mədəni səviyyəsinin artırılması, ölkənin mədəni sərvətlərini, tarixi mirasını qorumaq və artırmaq istiqamətində Heydər Əliyev Fondunun və onun prezidentinin rolunu və fəaliyyətini qiymətləndirməmək çətindir. Tək bircə Muğam Teatrı nəyə desən dəyər... Çox möhtəşəm bir tikilidir! Bu, Azərbaycan xalqına gözəl hədiyyədir. Mən muğam musiqisinə valeh olmuşam. Mehriban xanım Əliyevanın dünyada imici çox yüksəkdir.
MTV-nin regional direktoru kimi deyə bilərəm ki, bizi Heydər Əliyev Fondu ilə birləşdirən ümumi cəhətlər çoxdur. MTV-nin nə qədər xeyriyyə aksiyaları keçirdiyi və bu kimi proqramları dəstəklədiyi barədə çoxlarının adi təsəvvürü yoxdur. Məsələ bundadır ki, siz burada MTV-nin Rusiya, ya da Türkiyə versiyasının proqramlarını izləyirsiniz, amma əsl MTV haqqında məlumatınız azdır. Biz indi həmin versiyaları ləğv etmək istəyirik ki, kanalımızın gerçək fəaliyyəti haqqında təsəvvür yaradaq. Əsl MTV tamamilə fərqlidir. Bu, xəstələrə və kimsəsizlərə yardım proqramlarının dəstəklənməsi, təbiətin və ekologiyanın qorunmasına yardımın təşkilidir. Məsələn, MTV tanınmış aktyor Eşton Kutçeri bu işə cəlb edib. E.Kutçer nəinki özü Azərbaycana gələcək, eləcə də həyat yoldaşı, Hollivud ulduzu Demi Muru da buraya gətirəcək. Mən bir qədər əvvəl onunla danışmışam. Kutçer BMT-nin xoşməramlı səfiridir. Əgər o, Azərbaycana gələrsə, keçirəcəyi mətbuat konfransında Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirlərini açıqlayacaq. Onun kimi tanınmış insanlar ölkənizə gəlsələr, bir çox başqa amerikalılar da bunu etmək istəyəcəklər. Bu isə sonda Azərbaycan haqqında müsbət imici formalaşdıracaq.
Biz Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etməyi, müştərək proqramlar işləyib hazırlamağı və onları həyata keçirməyi planlaşdırırıq. Bizim kanalın açılışı sentyabr ayının üçüncü həftəsinə təsadüf edəcək. Amma kanalımızın açılışından əvvəl Heydər Əliyev Fondu ilə birgə Heydər Əliyevin xatirəsinə həsr olunmuş "The MTV Pasha Music Festival" adlı musiqi tədbirini gerçəkləşdirmək fikrindəyik. Azərbaycanda ilk dəfə bu səviyyədə festival keçiriləcək. Həmin festivalda bir çox musiqi ulduzları iştirak edəcəklər. MTV-nin keçirdiyi sorğudan sonra iştirakçıları müəyyən etmişik. Bunlar Pussycat Dolls, Stinq, Roxett, Merayya Kerri, Rianna, Ledi Qaqa və Beyonsdur. Eminemin də iştirakı ilə bağlı danışıqlar gedir. Amma bu, sizin rəhbərliyin icazəsi ilə mümkündür. Festivalın hər bir iştirakçısı Heydər Əliyev Fondu üçün müəyyən məbləğdə vəsait ayıracaq, bilet satışından əldə ediləcək vəsait də Fonda keçəcək və sözsüz ki, həmin vəsaitlər sizin vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldiləcək.
Söhbəti yazdı: Ə.SÜLEYMANOV
Azərbaycan.- 2010.- 3 iyun- S.
6.