Bakıda XVII beynəlxalq neft və qaz, neftayırma və neft kimyası sərgisi çərçivəsində beynəlxalq konfrans keçirilir

 

İyunun 2-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi çərçivəsində ikigünlük beynəlxalq konfrans işə başlamışdır.

"Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu" mövzusunda sessiya ilə başlayan tədbiri giriş sözü ilə açan "İTE Group PLC" şirkətinin baş məsləhətçisi Endryu Vud iştirakçıları salamlamış, sərgi və konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir.

Konfransın əhəmiyyətindən danışan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda on yeddinci dəfə keçirilən Xəzər neft və qaz sərgi-konfransının məhsuldar olacağını söyləmiş, iştirakçıları nəzərdə tutulan məsələlərin müzakirəsində fikir mübadiləsinə dəvət etmişdir.

Nazir dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında mühüm irəliləyişlərin əldə olunduğunu faktlarla diqqətə çatdırmışdır. Ölkəmizin zəngin enerji ehtiyatlarının Avropaya nəqli istiqamətində Bakı-Tbilisi-Ceyhan əsas neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin rolu vurğulanmışdır. Türkiyə ilə "Şahdəniz-2" layihəsi üzrə aparılan danışıqlar, maye qazın Avropaya çatdırılması istiqamətində Gürcüstan, Rumıniya və Azərbaycan arasında imzalanmış saziş barədə məlumat verilmiş, Nabukko layihəsinin həyata keçirilməsində Azərbaycanın maraqlı olduğu bildirilmişdir. Həmçinin bu il Azərbaycan qazının müxtəlif istiqamətlərdə ixracının 7,8 milyard kubmetr təşkil edəcəyi diqqətə çatdırılmışdır. Bu həcmdən Türkiyəyə 6,4 milyard, Gürcüstana 0,3 milyard, Rusiyaya 1 milyard, İrana 0,1 milyard kubmetr qaz ixrac ediləcəkdir. 2010-cu ildə "Şahdəniz" yatağından 8 milyard kubmetr qaz hasil ediləcəyi də bildirilmişdir.

N.Əliyev Azərbaycanın qitənin enerji təhlükəsizliyinə verə biləcəyi töhfələr barədə də danışmışdır.

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar ölkəsinin Avrasiya enerji strategiyası barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, birincisi, biz yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsini dəstəkləməklə bərabər, alternativ texnologiyalar da daxil olmaqla, bütün enerji ehtiyatlarının saxlanılmasına və enerji səmərəliliyinin təmin edilməsinə çalışırıq. İkincisi, biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki məqsədi dəstəkləmək istəyirik. Əmtəə və xidmətləri nəzərə alaraq, Avropa İttifaqı və ABŞ dünyada ən böyük ikitərəfli ticarət və investisiya münasibətlərinə malikdirlər. ABŞ Avropa ilə kommersiya və iqtisadi fəaliyyətin bu səviyyədə saxlanılmasında maraqlıdır. Üçüncüsü, biz Qafqaz və Mərkəzi Asiyadakı istehsalçı ölkələrin öz enerji ixraclarını şaxələndirmək cəhdlərini dəstəkləyirik, onlara neft və qaz ehtiyatları üçün yeni bazarların tapılmasında kömək etməyə hazırıq.

ABŞ Xəzər regionu təbii qazını Avropaya gətirəcək yeni Cənub dəhlizinin açılmasına güclü dəstək verir. Bu dəhliz Nabukko, İtaliya-Türkiyə-Yunanıstan və ehtimal olaraq, Trans-Adriatik qaz kəmərlərini özündə ehtiva edir. Bu layihələr qaz ehtiyatlarının şaxələndirilməsinə və Avropaya yeni təchizat marşrutlarını açmağa kömək edə bilər.

"Cənub dəhlizi" Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya cəhətdən sərfəli olmaqla, Avropa ilə qarşılıqlı maraqlar üzərində uzunmüddətli tərəfdaşlıq qurmağa imkanlar yaradır. ABŞ "Şahdəniz" qazının alınması və tranziti ilə bağlı Türkiyə və Azərbaycan arasında keçirilən son danışıqlarda əldə olunan irəliləyişləri alqışlayır. Bu bizi əmin edir ki, "Cənub dəhlizi" konsepsiyası reallığa çevriləcəkdir.

Sessiya çərçivəsində Avropa Komissiyası Enerji Departamentinin təchizatın etibarlılığı üzrə direktoru Haynts Hilbrext Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi strategiyası, Azərbaycanın bu istiqamətdə rolu, Qazaxıstanın "KazMunayQaz" şirkəti idarə heyətinin sədri Kairgeldı Kabıldin ölkəsinin neft-qaz sahəsində nailiyyətləri, Trans-Xəzər layihəsi, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Yusif Yazar ölkəsi və Azərbaycan arasında "Şahdəniz-2" layihəsi üzrə danışıqlar, Türkiyədə enerji sektorunda aparılan özəlləşdirmə, Nabukko layihəsinin əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırmışlar.

Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili XXI əsrdə enerji istehlakının artdığı bir zamanda Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolunu, Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini vurğulamış, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Xəzər regionunun enerjisi üzrə məsləhətçisi Anqus Miller, Enerji Xartiyası Katibliyinin investisiya üzrə baş eksperti Sedat Çal və "TPAO" şirkətinin baş meneceri Mehmet Uysal Azərbaycanın Xəzər regionunun geosiyasi kontekstində rolu, dünyanın karbohidrogen ehtiyatlarına tələbatı və Xəzərin qaz ehtiyatları, Avropa və Asiya arasında konstruktiv dialoqun yaranması barədə danışmışlar.

"Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionunun rolu" mövzusunda ikinci sessiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, 1994-cü il sentyabrın 20-də 11 transmilli neft şirkəti ilə imzalanmış "Əsrin müqaviləsi"ndən ötən dövrdə Azərbaycanın neft-qaz sektoruna 37 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuş, digər yataqlar və strukturlar üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində ARDNŞ 1994-2009-cu illərdə xarici neft şirkətləri ilə hasilatın pay bölgüsü üzrə 31 saziş imzalamışdır. Bu gün 15 ölkəni təmsil edən 34 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunmuşdur. Ümumilikdə isə Azərbaycanda hazırda 61 yataq uğurla istismar olunur.

Xarici neft şirkətləri ilə birlikdə aparılan axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük həcmdə işlər həyata keçirilmiş və uğurlu nəticələr alınmışdır. Nəhəng "Şahdəniz" qaz-kondensat yatağı, orta səviyyəli "Əşrəfi" və "Qarabağ" yataqları aşkar edilmiş, "Azəri-Çıraq-Günəşli" (AÇG) kontrakt sahəsində neft hasilatı artırılmışdır. Hazırda burada ümumi bərpa oluna bilən ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

Qarşıdakı illərdə AÇG layihəsi növbəti mərhələyə qədəm qoyacaqdır. Bu, yeni işlənilən "Çıraq neft layihəsi" ilə bağlıdır. Bu layihə hasilatın ən yüksək səviyyədə saxlanılması dövrünün 3 ilə yaxın uzadılmasına hesablanmışdır. Layihə çərçivəsində ilk neftin 2013-cü ilin dördüncü rübündə alınacağı gözlənilir.

1999-cu ildə kəşf olunan və xarici tərəfdaşlarla birlikdə işlənilən "Şahdəniz" yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab olunur. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. İstər AÇG və "Şahdəniz" yataqlarından qaz hasilatının artırılması, istərsə də ARDNŞ-in "Qaz proqramı" çərçivəsində görülən tədbirlər bütövlükdə Azərbaycan üzrə hasilat dinamikasını dəyişmiş və nəticədə qaz hasilatı 2004-2009-cu illərdə 5 dəfəyədək artaraq 5 milyard kubmetrdən 24 milyard kubmetrə çatmışdır.

Ötən illərdə qazanılmış təcrübə və inkişaf etdirilmiş infrastruktura arxalanaraq, 2009-cu ildə ARDNŞ 20 illik fasilədən sonra ilk dəfə olaraq daxili resurslar hesabına "Ümid" perspektiv strukturunda kəşfiyyat qazmasına başlamışdır. Məhsuldar qatın VII horizontuna qazılacaq quyunun layihə dərinliyi 6 min 500 metrdir. Qazma işləri uğurla davam etdirilir.

Rövnəq Abdullayev diqqətə çatdırmışdır ki, Azərbaycan hasil olunan karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması istiqamətində də qısa müddətdə böyük uğurlar qazanmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması ölkənin enerji müstəqilliyini təmin etmiş, Avropa və digər uzaq ölkələrin karbohidrogen resursları ilə təminatı üçün qarşıda yeni perspektivlər açmış, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının nəql edilməsi üçün sabit tranzit dəhlizi kimi Azərbaycana real imkanlar yaratmışdır. Azərbaycan dövləti bu məqsədlə bütün mövcud infrastrukturunu üçüncü ölkələrə təqdim etməyə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Bu sırada təhlükəsiz ixrac neft və qaz kəmərləri sistemi, yeraltı qaz anbarları, neft terminalları, etibarlı dəmir yolu və dəniz daşımaları şəbəkəsi qeyd olunmalıdır.

Azərbaycan bu gün dünya bazarlarında təkcə neft və təbii qazla deyil, həm də neft məhsulları ilə tanınır. Neftayırma zavodlarında istehsal edilən məhsullar daxili tələbatı tam ödəyir və müəyyən həcmdə xarici ölkələrə ixrac olunur. Ötən il 6 milyon tondan artıq neft məhsulu istehsal olunmuş, bunun 2 milyon tondan çoxu ixrac edilmişdir.

Çıxışının sonunda ARDNŞ-in prezidenti R.Abdullayev vurğulamışdır ki, son illər qurum 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Xaricdəki investisiya layihələrimiz özünü doğruldur. Bu sırada ən böyük aktivimiz olan "Petkim" neft-kimya şirkətində istehsal olunan məhsullar hazırda Türkiyə bazarının təqribən 27 faizini əhatə edir. Azərbaycanın neft-qaz sənayesi və onun lokomotivi olan ARDNŞ ölkənin neft strategiyasının həyata keçirilməsi istiqamətində apardığı bütün işlərdə yalnız respublikamızın sosial-iqtisadi inkişafını təmin edən iqtisadi səmərə gətirilməsinə deyil, həm də regionda dövlətlərarası əlaqələrin möhkəmlənməsinə, dünyada, o cümlədən Avropada enerji təhlükəsizliyinin təminatına xidmət edir.

Sessiya çərçivəsində "Statoil" şirkətinin vitse-prezidenti Piter Mellbayın "Gələcək uğur üçün layihələrin əhəmiyyətinin qiymətləndirilməsi", "OMV Gas & Power GmbH" şirkətinin Xəzər regionunda nümayəndəliyinin rəhbəri Volfqanq Şporrerin "Cənub dəhlizi: imkanlar və risklər", bp şirkətinin "Şahdəniz" yatağının işlənməsi üzrə vitse-prezidenti Ələsdəir Kukun "Şahdəniz" yatağının işlənməsinin ikinci fazası", "NDCO" şirkətinin planlaşdırma və idarəetmə bölməsinin direktoru Mahmud Xaqaninin "Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsi qlobal enerji təhlükəsizliyinin əsası kimi" və s. mövzularda məruzələri dinlənilmişdir.

Konfransın ilk gününün sonunda "Ətraf mühitə təsiri azaldan texnologiyalar və xidmətlər: sürətli inkişafa malik neft və qaz sənayesinin gələcəyi" mövzusunda texniki sessiya da keçirilmişdir. Bu sessiyada müxtəlif ekoloji problemlər, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlardan söhbət açılmışdır. Sessiyada ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevin, "Alten Group" şirkətinin icraçı direktoru Kamal Şabanovun və Nobel Xeyriyyə Fondunun sədri Qustav Nobelin məruzələri olmuşdur.

Konfrans iyunun 3-də işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  6.