Bu, bizə göstərilən etimaddır

 

Keçirdiyim xoş hissləri, qüruru, sevinc dolu minnətdarlıq duyğularını ifadə etməyə söz tapa bilmirəm. Ulu öndər Heydər Əliyev həmişə mədəniyyət xadimlərinə yüksək diqqət və qayğı göstərirdi. Çalışırdı ki, bu sahənin insanlarının sosial təminatı ödənilsin ki, yaradıcılıqla xüsusi məşğul ola bilsinlər. Bu missiyanı ləyaqətlə davam etdirən ölkə başçısı cənab İlham Əliyev də müntəzəm olaraq mədəniyyət xadimlərinə, incəsənət işçilərinə diqqət və qayğı göstərir, onların yaradıcı əməyini müxtəlif yöndən qiymətləndirir.

Bu günlərdə cənab İlham Əliyevin növbəti sərəncamına əsasən Prezidentin fəxri təqaüdünə layiq görülməyim xəbəri məni həddən artıq sevindirdi. Bu, sadəcə olaraq bizim uzun illər mədəniyyət sahəsində çalışmağımıza, yaradıcı əməyimizə verilən qiymət deyil, həm də üzərimizə düşən məsuliyyət, bizə göstərilən etimaddır. Harada çalışmağından, fəaliyyət növündən asılı olmayaraq dövlətin göstərdiyi bu yüksək münasibət səni ruhdan düşməməyə, yeni layihələr haqqında düşünməyə sövq edir. Ölkə başçısının bu cür qiyməti bizim hər birimizin görəcəyi işlərə yeni istiqamət verir. Həm Prezidentin təşəbbüsü və dəstəyi ilə, həm də Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı layihələr əsasında həyata keçirilən mədəniyyət siyasətinin uğurlu alınmasında üzərimizə müəyyən vəzifələr düşür. Teatr haqqında qəbul edilmiş Dövlət Proqramının bütün işlərinin icrası üçün biz də əlimizdən gələni əsirgəməyəcəyik.

Mən uzun illərdir ki, mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmışam. Ən böyük arzum və istəyim Azərbaycan mədəniyyətinin çiçəklənməsində mənim də əməyimin olmasıdır. Buna nə dərəcədə nail olmuşam, dəqiq deyə bilmərəm. Amma ölkə başçısı tərəfindən bu cür yüksək dəyərləndirilməyim məni sevindirir ki, deməli, çəkilən zəhmət hədər getməyib. Qəlbim xoş sözlərlə doludur. Bu yüksək münasibətə minnətdarlıq bildirməyə dəyərli ifadə tapmaqda çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, biz Ali Baş Komandanın sıravi əsgərləriyik. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq cənab İlham Əliyevin hər bir çıxışı, göstərişi, fərman və sərəncamı bizim həyat proqramımız, məramımız və məqsədimizdir. Biz bu istəklə ulu öndərin layiqli davamçısının saldığı uğurlu yolda inamla addımlayırıq!

 

 

Maqbet BÜNYATOV,

əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  7.