Geniş tərkibdə
görüş
İyunun 3-də təkbətək görüş
başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli qonaqlar!
Sizi bir daha ürəkdən salamlamaq istəyirəm, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər dövlətlərimiz arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəkdir. Bizim münasibətlərimiz çox dinamik, müsbət inkişaf edir. Biz bir sıra müştərək layihələr üzərində işləyirik, özü də uğurla işləyirik. Nəzərdə tutduqlarımızın hamısını qısa müddətdə və keyfiyyətlə yerinə yetiririk. Buna görə də hesab edirəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafına daha güclü təkan verəcəkdir. Çoxlu sənədlərin imzalanması planlaşdırılır, ölkələrimiz arasında hüquqi baza elə indi də kifayət qədər genişdir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri də bu vaxtdan səmərəli istifadə edəcəklər. Mən bilirəm ki, ölkələrimizin hökumətlərinin üzvləri arasında fəal əlaqələr vardır. Bununla belə, həllini tələb edən məsələləri bir daha müzakirə etmək, məncə, faydalı olacaqdır. Düşünürəm ki, biz əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni yollar, yeni, çox perspektivli sahələr - energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün yollar müəyyən edəcəyik. Əminəm ki, nəticələr çox yaxşı olacaqdır.
Bu gün biz Sizinlə bərabər geniş gündəlikdəki ikitərəfli məsələləri, regional, beynəlxalq məsələləri artıq ətraflı nəzərdən keçirmişik. Bizim dostluğumuz, eləcə də münasibətlərimizin bu cür səmərəli və müsbət inkişaf etməsi məni çox sevindirir. Azərbaycanda Sizin gəlişinizə həmişə şadıq və mən əminəm ki, Sizin budəfəki səfəriniz uğurlu olacaq, yaxşı nəticələrlə yadda qalacaqdır. Bir daha xoş gəlmisiniz.
Belarus Prezidenti Aleksandr LUKAŞENKO səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
Əvvələn, mən hörmətli İlham Heydər oğlu, ölkənizdə bizim, o cümlədən həmkarlarımın da həmişə hiss etdiyimiz ənənəvi səmimi, dostcasına qəbula görə Sizə və bu müddətdə bizimlə işləyənlərin hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Xalqlarımız arasında çoxillik sıx və mehriban əməkdaşlıq, qarşılıqlı yardım ənənələri indiki mürəkkəb şəraitdə, xüsusən son dövrlərdə nəinki davam edir, həm də getdikcə geniş vüsət alır. Bu gün ölkələrimiz dövlətçiliyin möhkəmləndirilməsi, öz qüdrətli dövlətinin yaradılması yolu ilə irəliləyirlər.
Mən buraya son səfərimdən üç il sonra, burada, Bakıda və onun hüdudlarından kənarda baş verənləri gördükdə keçirdiyim hisslər barədə fikirlərimi, həsədimi gizlətmədən İlham Heydər oğluna demişəm. Hər yerdə tikinti gedir, kranlar işləyir. Xüsusən axşamlar, binalar işıqlandırılanda onların gözəlliyi diqqəti cəlb edir. Eyni zamanda, Sizin binalar bir-birindən gözəldir. Səmimi deyirəm, Sizin uğurlarınıza sevindim.
Siz bütün bu işləri yüksək bacarıqla görürsünüz. Mən İlham Heydər oğluna dedim ki, əgər ölkədə insanlar haqqında düşünən və öz xalqını sevən Prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, dövlət başçıları və hökumətlər arasında olan fəal dialoqun nəticəsində son beş ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artmışdır. Bu sahədə potensialın daha böyük olduğunu deyən Belarus Prezidenti əlaqələrimizin müxtəlif istiqamətlərdə sürətlə inkişaf etdiyini və mühüm nəticələrin əldə olunduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.-4
iyun- S. 1, 2.