Moskvada Azərbaycan və Rusiya parlamentləri başçılarının görüşü keçirilmişdir

 

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə Moskvada səfərdədir.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirmişdir ki, Federasiya Şurasında Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun Rusiya Federasiya Şurasının sədri Sergey Mironov ilə görüşü keçirilmişdir.

Sergey Mironov görüşü açaraq Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamış və demişdir ki, dövlətlərimizin başçılarının şəxsi münasibətləri və səmərəli əlaqələri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verir. S.Mironov hər iki ölkənin parlamentlərinin nümayəndələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu baxımdan, parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Onun fikrincə, iki ölkənin parlamentlərarası əlaqələri uğurla inkişaf edir və bu, bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinə xas ümumi müsbət dinamikanı əks etdirir. Dövlət rəhbərlərinin və parlament sədrlərinin daimi dialoqu və mütəmadi səfərləri mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinə öz konstruktiv töhfəsini verir. Rusiya parlamenti yuxarı palatasının rəhbəri xatırlatmışdır ki, Azərbaycanın Böyük Vətən müharibəsi veteranlarının, hərbçilərinin və şəxsən Prezident İlham Əliyevin Böyük Qələbənin 65 illiyi münasibətilə Moskvada keçirilən təntənələrdə iştirakı Azərbaycan və Rusiya xalqlarının qarşılıqlı münasibətlərinin dərin tarixi köklərə malik olmasına dəlalət edir. Sergey Mironov sonda bu il noyabrın 7-də Milli Məclisə seçkilərin keçirilməsində uğurlar arzulamışdır.

Oqtay Əsədov Azərbaycan və Rusiya parlamentlərinin qarşılıqlı səfərlərinin və görüşlərinin xüsusi əhəmiyyətini diqqətə çatdırmışdır. Onun fikrincə, bu, ikitərəfli münasibətlərin və əlaqələrin getdikcə dərinləşdirilməsinin və inkişaf etdirilməsinin ciddi amilidir. 20 il ərzində Rusiya ilə Azərbaycan arasında ikitərəfli əsasda qarşılıqlı münasibətlərin bütün istiqamətləri üzrə səmimi dostluq münasibətləri qurulmuş, qarşılıqlı anlaşma mövcuddur. O xatırlatmışdır ki, 2001-ci ildə Milli Məclis ilə Federasiya Şurası arasında saziş imzalanmış, 2003-cü ildə isə bir neçə gün əvvəl Moskvada 9-cu iclasını keçirmiş parlamentlərarası komissiya yaradılmışdır. Milli Məclisin Sədri parlamentlərarası münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edərək bu səviyyədə və MDB Parlamentlərarası Assambleyası formatında, habelə beynəlxalq təşkilatlar formatında əlaqələrin əhəmiyyətini vurğulamışdır.

Oqtay Əsədov bildirmişdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələrinin etnik, mədəni və dini özgürlüyünün, dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün çox iş görülür. O xatırlatmışdır ki, bu yaxınlarda Azərbaycanda Dünya Dini Liderlərinin sammiti keçirilmişdir. Tədbirdə Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill iştirak etmişdir. Azərbaycanda Birlik ölkələrinin bir neçə icması, habelə Rusiya İnformasiya-Mədəni Mərkəzi fəaliyyət göstərir. Ölkənin bütün ali məktəblərində rus sektorları var, bir çox orta təhsil müəssisələrində tədris rus dilindədir. Bu isə Azərbaycanda rus dilinə və mədəniyyətinə verilən əhəmiyyəti əks etdirir.

Milli Məclisin Sədri Oqtay Əsədov vurğulamışdır ki, Rusiyada Heydər Əliyev Fondunun Leyla xanım Əliyevanın rəhbərlik etdiyi nümayəndəliyi uğurla fəaliyyət göstərir. Nümayəndəlik ölkələrimizin gəncləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün çox iş görür. Bu yaxınlarda Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) konfransı keçirilmişdir. Konfransda Azərbaycan və Rusiya gəncləri iştirak etmişlər. Oqtay Əsədov demişdir ki, Rusiyada nəşr olunan "Bakı" jurnalı da Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi, Azərbaycan reallıqları barədə Rusiya ictimaiyyətinə obyektiv informasiya verilməsi işinə xidmət edir.

Parlamentin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərinə toxunaraq bildirmişdir ki, bu münaqişə regionda inkişafı ləngidən başlıca amillərdəndir. O.Əsədov demişdir ki, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəal səylərini yüksək qiymətləndirir və bundan sonra da münaqişənin ədalətli həllinə kömək edəcəyinə ümid bəsləyir.

Oqtay Əsədov rəsmi Bakının Rusiya parlamentinin bir neçə deputatının tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "parlament seçkilərinə" getməsinə münasibətini bir daha diqqətə çatdırmışdır. Sergey Mironov Rusiyanın prinsipial mövqeyini ifadə edərək vurğulamışdır ki, Rusiya "Dağlıq Qarabağ Respublikası" adlı heç bir dövlət qurumu tanımır və bundan sonra da tanımaq fikrində deyildir. O, Rusiya parlamentinin üzvlərinin bu seçkilərə getməsini isə özfəaliyyət və heç kimə lazım olmayan addım adlandırmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-4  iyun- S.  2.