Heydər Əliyev Fondunun dəstəyi
ilə Qala festivalı keçirilmişdir
İyunun 3-də Bakının Xəzər rayonunun Qala qəsəbəsində "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilmişdir. Festivalda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etmişlər. Tədbirə Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2 min 500 uşaq qatılmışdır. Uşaqlar Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar.
Azərbaycanın birinci xanımına gül dəstələri təqdim olundu.
Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu tərəfindən maddi mədəniyyət abidələrimizin qorunması istiqamətində ciddi addımlar atılır.
Respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində də fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə silsilə tədbirlər həyata keçirilir.
Qala festivalı da Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədini daşıyır.
Beş min il tarixi olan qəsəbədə III minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabalar, yaşayış binaları, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə açıq səma altında yaradılan ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron yarımadasında aşkar edilmiş digər arxeoloji tapıntılar yer almışdır.
Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulmuşdur. Buranı ziyarət edənlər iki hektar ərazisi olan muzey kompleksində qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış olur, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə edirlər.
Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkündür.
Festivalda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət uşaq-gənclər xalq çalğı alətləri orkestrinin ifa etdiyi musiqi nömrələri bu möhtəşəm tədbirin ab-havasına daha xoş ovqat qatmışdır.
Festival çərçivəsində qədim Qalanı ziyarət edən qonaqları bir-birindən maraqlı tədbirlər gözləyirdi.
Festivala qatılanlar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət etmək və tarixi sirlərin daşıyıcısı olan - Qalanın nadirlıyı haqqında məlumat əldə etmək imkanı qazanmışlar.
Azərbaycanın birinci xanımı burada yerləşən Qala qəsrinin bərpa layihəsi ilə tanış oldu.
XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası burada qazıntı işləri aparacaqdır. Qəsrin altında aşkar edilən əşyalar, evlər, qəbirlər və digər tikililər olduğu kimi bərpa edilərək, Qala kompleksinin tərkib hissəsinə çevriləcəkdir.
Mehriban xanım Əliyeva və Leyla Əliyeva xalq gəzintisinə çevrilən festivalda iştirak edən uşaqlarla görüşüb, onlarla söhbət etdilər, bu tədbirin Azərbaycanın qədim adət-ənənələrinin, milli mədəni dəyərlərinin öyrənilməsi baxımından əhəmiyyətini vurğuladılar.
Festivala qatılan uşaqlar öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etmişlər. Burada onların müxtəlif materiallardan hazırladıqları orijinal əl işləri nümayiş olunmuşdur.
Mehriban xanım Əliyeva və Leyla Əliyeva onları gülərüz və səmimiyyətlə qarşılayan uşaqların əl işlərinin maraqlı olduqlarını bildirdilər və bu gənc peşəkarlarla xatirə şəkli çəkdirdilər.
"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi də Qala festivalına öz töhfəsini vermişdir. Bu birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası orijinal üsulla - oriqami fiqurları ilə həyata keçirilir. Heydər Əliyev Fondunun prezidentinin qayğı və diqqətini hər zaman hiss edən bu uşaqların bir ay ərzində oriqami üsulu ilə kağızdan hazırladıqları maraqlı kompozisiya Mehriban xanım Əliyevaya təqdim edildi.
Heydər Əliyev Fondunun prezidentinə Azərbaycanda oriqami məşğuliyyəti barədə məlumat verildi.
Mehriban xanım Əliyeva festivalda iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da görüşdü, onlarla söhbət etdi, problemləri ilə maraqlandı.
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu və Rusiyanın Uralsib Maliyyə Korporasiyası arasında imzalanan sənəd çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşasının tezliklə yekunlaşacağını bildirdi.
Festival çərçivəsində Heydər Əliyev Fondu və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilmişdir.
Təqdimat mərasimində bildirilmişdir ki, layihə Qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.
Qala festivalı daha bir əlamətdar hadisə ilə yadda qalmışdır.
Yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına daim diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və şəxsiyyətin inkişafına, Vətənə, xalqımızın milli irsinə yönələn iki masaüstü - "Gənc intellektual" və "Şirvanşahların yüksəlişi" oyunlarının festival çərçivəsində təqdimatı olmuşdur.
Müasir oyun texnologiyalarından səmərəli istifadə olunan bu layihə ilk milli iqtisadi oyun kimi yeniyetmələrin intellektual bacarığı ilə yanaşı, xalqımızın tarixi və mədəniyyətinə marağın artmasına, emosional yaddaşın, bədii düşüncənin, yaradıcılıq qabiliyyətinin inkişafına şərait yaradır.
"Şirvanşahların yüksəlişi" tarixi-iqtisadi oyunu IX-XIII əsr Azərbaycan şəhərlərinə əyləncəli səyahət təklif edir. Saray çəkişmələri, yadelli işğalçılara qarşı mübarizələr, təbii fəlakətlər oyunçuların darıxmasına imkan verməyəcək və tarixi bələdçiyə çevrilən oyunu daha maraqlı edəcəkdir.
Festivalın özəlliyi Qalada mis qablar və əntiq əşyalar muzeyinin təməlqoyma mərasimi olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti mərasimdə iştirak etmişdir. Mehriban xanım Əliyeva gilizi təmələ buraxdı, beton qarışığı tökdü.
Məlumat verildi ki, muzey Şaiq Həbibullayevin kolleksiyası əsasında yaradılacaqdır.
Mehriban xanım Əliyeva və Leyla Əliyeva Bakı şəhəri 1 saylı uşaq evinin folklorumuz, mədəniyyətimizlə bağlı əl işlərinin nümayiş etdirildiyi guşəyə də baxdılar. Uşaqların əl işlərində milli atributlarımız və naxışlarımız üstünlük təşkil edir. Burada rəsm əsərləri, toxumalar, ağac üzərində oyma işləri sərgilənmişdir.
Azərbaycanın birinci xanımı və Leyla Əliyeva bu bacarıqlı uşaqlarla xatirə şəkli çəkdirdilər.
Uşaqlar üzərində milli ornamentlər olan yeni toxunmuş xalçanı dəzgahdan kəsərək Mehriban xanıma hədiyyə etdilər.
Festivalın maraqlı məqamlarından biri - burada uşaqlar üçün ustad dərslərinin təşkil edilməsi olmuşdur.
Qonaqlar qədim Qala kəndində sənətkar olmağa, dulusçuluq emalatxanasında yerli gildən kiçik fiqurlar, xalçaçılıq emalatxanasında keçə və yun saplardan dəvə və atlar üçün bəzək əşyaları hazırlamağa dəvət olundular.
Ustad dərslərini izləyən Mehriban xanım Əliyevaya qədim adətlərimizdən biri sayılan xına ilə əl üzərinə milli ornamentin çəkilməsi nümayiş etdirildi.
Heydər Əliyev Fondunun prezidenti də festivalda öz bacarığını nümayiş etdirdi. Mehriban xanım Əliyeva festival iştirakçılarının birinin əlinə xına ilə naxış vurdu.
Festivalda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyası nümayiş etdirilmişdir. Burada xurcun, heybə, məfrəşin istifadəsi barədə məlumat verilmişdir.
Festivalda qonaqlara kündə yaymaq, yun daramaq, buğdanı üyütmək üsulları göstərilmişdir. Tacir evində isə uşaqlara toxuma bacarığı öyrədildi.
Festivalda uşaqlar üçün əyləncəli yarışlar təklif olunmuşdur.
Mehriban xanım Əliyeva və Leyla Əliyeva balacaların köşəyə ad qoyma mərasimində iştirak etdilər. Mərasimdə köşəyə Nərbala adı qoyan uşaq qalib gəlmişdir.
Qonaqlar xüsusi meydançada Dövlət Pantomim Teatrının bir qrup aktyorunun hazırladığı maraqlı səhnəciyə də baxdılar.
Tamaşaçılar tarixi abidələr, adətlərlə tanış olmaqla yanaşı, Azərbaycanın şirniyyatları və təbii nemətlərini də dada bildilər.
Festival günü tərəvəz, gül, ədviyyat, quş satışı bazarını gəzmək, təzə bişən un məmulatları, bal nümunələrinin dadına baxmaq mümkün olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti dəmirçi emalatxanasında "Uğur nalı" müsabiqəsini izləmişdir.
Qədim etnoqrafik ənənələrlə tanış olmaq istəyən qonaqlar buğda biçini mərasimi ənənələrinin teatrlaşdırılmış səhnələrinə tamaşa etdilər.
Mehriban Əliyeva və Leyla Əliyeva festivalın informasiya mərkəzində oldular. Burada festival və Qala haqqında bukletlər təqdim edilir.
Festivalda uşaqların köməyi ilə böyüyən ev heyvanları nümayiş etdirilmişdir.
Müxtəlif cinsli atların nümayişi də tədbirin bəzəyi olmuşdur.
Qurulan çadırlarda qonaqlara qədim ənənələr əsasında hazırlanan yemək və çay süfrələri təklif olunmuşdur.
Xalq gəzintisinə çevrilən Qala festivalının ənənəvi olacağı bildirilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bu layihə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun Azərbaycan uşaqlarına töhfəsi olmuşdur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində ən qədim yaşayış məskənlərindən olan Qala qəsəbəsinin siması tamamilə dəyişmişdir.
İndi burada qədimlik və müasirlik gözəl sintez təşkil edir. Qala turizm məkanı kimi də diqqəti cəlb edən ərazidir. Burada yeni muzey mərkəzlərinin açılışı, turizm şəbəkəsinin genişlənməsi nəzərdə tutulmuşdur.
Vaxtı ilə Qalada salınan məhəllələrdən bir neçəsi bu günədək qorunub saxlanılmışdır.
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısını görən Qala sakinlərinin qədim ənənələrimizə uyğun qurulan evlərinin qapıları həmişə açıqdır. Qəsəbəyə gələn hər kəs artıq qoruğun bir hissəsi olan bu evlərdə yaradılan şəraitlə tanış olmaq imkanı əldə edir.
Qalada məscidlər də bərpa olunur.
Bütün işlər son vaxtlar sürətlə abadlaşan Xəzər rayonunun görkəmini daha da gözəlləşdirir. Bir sözlə, indi bu ərazi həqiqətən də xüsusi ab-hava ilə fərqlənir.
AzərTAc
Azərbaycan.- 2010.- 4 iyun- S.
3.