XVII Beynəlxalq
Xəzər neft, qaz, neftayırma və neft kimyası
konfransı başa çatmışdır
İyunun 3-də XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır.
Tədbirin ikinci günü "Xəzər regionunda kəşfiyyat və hasilat perspektivləri" mövzusunda keçirilən sessiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Xəzər regionu qaz sənayesi potensialının inkişaf yolları barədə ətraflı danışmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda gündə 75 milyon kubmetr qaz hasil edilir. Hasil edilən qazın həcmi ölkənin tələbatını tam ödəməklə yanaşı qonşu ölkələrə - Türkiyə, Gürcüstan, Rusiya və İrana da ixrac edilir. Son beş ildə Azərbaycanda qaz hasilatı 5 dəfə artmışdır. 2009-cu ildə ölkədə rekord göstərici - təqribən 24 milyard kubmetr qaz hasil olunmuşdur. Bu ilin proqnoz göstəricisi isə 29 milyard kubmetrdir. Hazırda bizi düşündürən məsələ - Azərbaycanda böyük qaz potensialının yaradılmasıdır. Bunun üçün ilk növbədə "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi, eləcə də "Ümid" perspektiv strukturunda daxili imkanlar hesabına kəşfiyyat qazmasının aparılması, "Total" şirkəti ilə birlikdə "Abşeron" strukturunda axtarış-qazma işlərinə başlanılması və s. nəzərdə tutulmuşdur.
X.Yusifzadə, həmçinin "Şahdəniz-2" yatağının işlədilməsi ilə bağlı "bp- Azərbaycan" şirkətinin, eləcə də digər bir təklif barədə ətraflı danışmış, hər iki planın müsbət və mənfi cəhətlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Sonda 2020-ci ildə Azərbaycanda qaz hasilatının 50 milyard kubmetrə çatdırılmasının mümkünlüyünü söyləyən Xoşbəxt Yusifzadə o vaxtadək yeraltı qaz anbarlarının həcminin artırılmasının vacibliyini də vurğulamışdır.
Sessiyada Çexiya Respublikası Xarici İşlər Nazirliyinin enerji təhlükəsizliyi üzrə səfiri Vaslav Bartuşkanın "Avropa Azərbaycana nə təklif edə bilər və nəyi edə bilməz", "bp-Azərbaycan" şirkətinin kəşfiyyat üzrə meneceri Qreqori Rileyin "Cənubi Xəzərdə tətbiq üçün gələcək texnologiyalar. Karbohidrogen ehtiyatları hasilatının davamlılığı", "Total" şirkətinin kontinental Avropa və Orta Asiyada geofiziki tədqiqatlar üzrə məsləhətçisi Jan Pyer Marenin "Total E&P Xəzər dənizində və Xəzər dənizi bölgəsində", "Salans" şirkətinin idarəedici tərəfdaşı Ceyms Hoqanın "Kəşfiyyat və hasilat sahəsində qanunvericilikdə olan dəyişikliklər", "Nabukko Gas Pipeline İnternational GmbH" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kristian Dolezalın "Nabukko kəməri - reallığa çevrilmə" və s. mövzularda məruzələri maraqla dinlənilmişdir.
Konfransın sonuncu - "Xəzər regionunun qaz infrastrukturu. Kəmərlərin
geosiyasiliyi" mövzusunda
keçirilən sessiyasında
Avropanın enerji təminatının şaxələndirilməsində
Xəzərin qaz ehtiyatlarının rolu, dünya qaz bazarının formalaşması
və onun Xəzər regionuna təsiri, Xəzərin qaz potensialının qısamüddətli və
uzunmüddətli inkişafı
üçün Rusiya,
Avropa və Asiya ilə əməkdaşlıq, Xəzərin
enerji nəqli marşrutlarının sonrakı
şaxələndirilməsi: Gürcüstanda sıxılmış
təbii qazın ixracı və durulaşdırılmış qaz üçün terminalların tikintisinin mümkünlüyü, Azərbaycan
və Türkmənistanın
neft-qaz potensialından
istifadə və regionun infrastrukturunun inkişafı üçün
gələcək planlar
ilə bağlı məruzələr dinlənilmiş,
fikir mübadiləsi aparılmışdır.
Bununla da XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası
konfransı işini başa çatdırmışdır.
Sonda konfrans iştirakçılarının
neft və qaz sərgisinə ziyarəti nəzərdə
tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 4 iyun- S.
4.