Beynəlxalq hüquqa xələl
gətirən hadisə
Azərbaycan İsrail hərbçilərinin humanitar
yüklər daşıyan gəmilərə hücum
faktının obyektiv araşdırılmasını istəyir
İşlək
olması son illərdə böyük sual altına
düşən beynəlxalq hüququn norma və prinsiplərinə
daha bir zərbə vuruldu. Həmin norma və prinsiplər
gözlənilmədiyi üçün beynəlxalq sularda, yəni,
konkret hər hansı dövlətə məxsus olmayan
hövzədə hərəkət edən, mühasirədə
qalan Qəzza sakinlərinə humanitar yardım daşıyan
"Azadlıq donanması"na İsrail hərbi qüvvələri
tərəfindən hücum edildi. İstəyi yardıma
böyük ehtiyacı olan minlərlə körpəyə,
qocaya, qadına, uşağa kömək çatdırmaq olan
bir neçə insan bu hücum nəticəsində həyatını
itirdi, onlarca adam yaralandı. Bu faktın özü bir daha beynəlxalq
hüququn norma və prinsiplərinin hər an arxa plana
keçirilə biləcəyini təsdiqləmiş oldu. Əgər
belə olmasaydı, onda Ermənistan 20 ildir ki, Azərbaycan ərazilərini
işğal altında saxlaya bilməzdi, beynəlxalq
hüququn təməl daşlarından biri olan ərazi
bütövlüyü prinsipinə xələl gətirməyə
cürət etməzdi. BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq zəbt etdiyi ərazilərdən silahlı
qüvvələrini çıxarardı.
Lakin bu və digər bənzər
hallarda beynəlxalq hüquq normalarının işlək vəziyyətə
gətirilməsi üçün konkret mexanizmlərin tətbiq
edilməməsi sonda sözügedən normaların
pozulmasına bir presedent yaradır. Elə beynəlxalq sularda
İsrail hərbi qüvvələrinin 6 gəmidən ibarət
"Azadlıq donanması"na etdiyi müdaxilə, xüsusən
də, Türkiyə bayrağı altında üzən
"Mavi Mərmərə" gəmisində hərbçilərin
tökdüyü nahaq qanlar da bunun yeni bir təzahürü
sayıla bilər. Ancaq o da faktdır ki, belə addım
atmaqla İsrail həm də xarici siyasətində özü
üçün yeni problemlər yaradıb. Məsələn,
dünya indi daha sərt şəkildə İsraildən Qəzzanın
təcrid vəziyyətinə son qoymasını tələb
edir. Avropa Parlamentinin rəhbəri Yeji Buzek bildirir ki,
İsrail hərbi qüvvələrinin həyata keçirdiyi
hücum qəbulolunmaz haldır. İsraili beynəlxalq
hüququ pozmaqda ittiham edən Yeji Buzek qeyd edir ki, bu hal beynəlxalq
tədqiqat çərçivəsində
araşdırılmalıdır. Hər hansı ilkin şərt
qoyulmadan Qəzza sektorunun blokada vəziyyətində
saxlanmasına xidmət edən siyasətə son qoyulması
üçün o, Avropa İttifaqının lazımi
addımlar atmasının vacibliyini də vurğulayır:
"Qəzzada olan əhalinin 80 faizinin yoxsulluq həddindən
də aşağı səviyyədə yaşamasına biz
biganə qala bilmərik".
Ümumiyyətlə, 3
ildir ki, Qəzzada yaşayan 1,4 milyon insan blokada vəziyyətində
yaşayır. Aparılan araşdırmalar göstərir ki,
hazırda Qəzza sektorunda durum doğrudan da, çox
acınacaqlıdır və burada hər 10 sakindən 8-i
yalnız humanitar yardımlar sayəsində qida və digər
ehtiyaclarını ödəyir. Bu vəziyyətə son
qoyulması üçün BMT-nin Baş katibi Pan Gi Mun da Qəzzanın
blokadasının aradan qaldırılmasının vacibliyni
vurğulayıb: "Qəzzaya humanitar yardım aparan gəmilərə
hücum nəticəsində baş verən faciə problemin
yalnız səthini nümayış etdirib. Qəzza üzərinə
uzunmüddətli blokada əks-nəticə verir və
doğru hərəkət deyil. Blokada günahsız
adamları cəzalandırır və İsrail hakimiyyəti
blokadanı dərhal ləğv etməlidir".
Qəzzanın
blokadasına son qoyulması tələbi dünyanın digər
bölgələrində də səslənməkdədir. Bu
hal bir daha İsrail hərbi qüvvələrinin
"Azadlıq donanması"na hücumunun indi sözügedən
ölkə üçün əks effekt verdiyini əyani
nümayiş etdirir. Lakin hər hansı ciddi əsas və
ehtiyac olmadan humanitar yük daşıyan gəmilərə
hücum İsrail üçün təkcə qeyd olunan məqamla
məhdudlaşmır. Danılmaz həqiqətdir ki, baş
verən olay İsrail-Türkiyə münasibətlərinə
də müəyyən dərəcədə xələl gətirib,
bu ölkənin müsəlman dünyasında nüfuzuna
ciddi zərbə vurub. Onu da xatırladaq ki, bu vaxta qədər
İsrailin müsəlman dünyasında əsas
aparıcı tərəfdaşlarından biri məhz
Türkiyə olub. İndi İsrail hərbçiləri məlum
hadisəni törətməklə Türkiyə ilə illər
boyu qurulan tərəfdaşlığa sarsıdıcı zərbə
vurub. Bu isə təbii olaraq Türkiyənin haqlı
etirazına səbəb olub, yəhudi xalqı ilə
qırılmaz dostluq əlaqələrinin olduğunu bildirən
qardaş ölkə baş verənlərə görə
İsrailin üzr istəməsini, olayın yaradılacaq beynəlxalq
komissiya səviyyəsində araşdırılmasını
istəyir. Belə bir mövqe dünyanın əksər
dövlətləri tərəfindən də dəstəklənir.
Humanizm prinsiplərinə
daim sadiqliyi ilə seçilən, Türkiyə ilə
mövcud münasibətləri strateji tərəfdaşlıq,
dostluq prinsipləri üzərində qurulan Azərbaycan da məsələyə
ilk reaksiya verən ölkələrdən biri kimi Qəzzaya
humanitar yardım aparan gəmi karvanına hücumu sərt
şəkildə pisləməkdədir. Belə bir məqama
da xüsusi diqqət yetirilir ki, insident zamanı qan
tökülməsi faktı ümumiyyətlə, heç bir
arqumentin İsrail hökumətinə haqq
qazandırmadığını qətiyyətlə deməyə
əsas verir. Rəsmi Bakı beynəlxalq hüquqa təcavüz
olunduğunu əsas gətirərək məsələnin
ciddi şəkildə araşdırılmasını vacib
sayır. Azərbaycan ictimayyətində belə bir fikir
hakimdir ki, hadisəyə ədalətli qiymət verilməli, baş
verənlərə görə məsuliyyət daşıyan
tərəf də olayın araşdırılmasına öz
köməyini göstərməlidir. Məhz bu,
sözügedən insidentin daha ciddi fəsadlar törətməsinin
qarışısının alınmasında mühüm rol
oynayardı.
Baş verən hadisə
beynəlxalq hüquq normalarına ziddir. Hər hansı bir
dövlətin bu xarakterli addımlar atması hüquq
normalarının pozuntusu olmaqla yanaşı, həm də
kifayət qədər təəssüf doğuran haldır. Nəzərə
almaq lazımdır ki, hadisə beynəlxalq sularda baş
verib, yəni, hər hansı dövlətin ərazi
sularına icazəsiz daxil olunmayıb. Bu məqam bir daha
İsrail hərbçilərinin hərəkətinə haqq
qazandırmağın mümkün olmadığını təsdiq
edir. Daha bir vacib məqam ondan ibarətdir ki, qeyd olunduğu
kimi, hadisə nəticəsində qan tökülüb,
ölənlər və yaralananlar var. Elə bu da olayın
beynəlxalq miqyasda araşdırılmasını zəruri
edən növbəti əsas arqumentlərdən biri hesab
olunmalıdır. Bunu zəruri edən digər cəhət isə
humanitar yük daşıyan gəmilərdə təkcə
Türkiyənin yox, digər ölkələrin, məsələn,
Yunanıstanın, Azərbaycanın və başqa dövlətlərin
vətəndaşlarının olmasıdır.
Ancaq istənilən
halda beynəlxalq hüquqa, onun norma və prinsiplərinə
birbaşa hörmətsizlik edilib. Belə hallar beynəlxalq
hüquq qaydalarının gözlənməsini, ona riayət
edilməsini, eləcə də bu hüququn özünün
nə dərəcədə işlək vəziyyətdə
olmasına dair ciddi şübhə yaradır. Çünki
beynəlxalq hüquq normaları gözlənsəydi və
onlar işlək vəziyyətdə olsaydı, onda Ermənistan
uzun illər işğal altında saxladığı Azərbaycan
ərazilərinə görə beynəlxalq müstəvidə
sərt cəzalandırılmalı idi. Bu ölkəyə rəhbərlik
edənlər, Azərbaycan ərazilərinin
işğalında, minlərlə soydaşımızın
qanının tökülməsində bilavasitə əli
olanlar dünya dövlətlərini rahat şəkildə gəzib
dolanmaz, yüksək rəsmi səviyyələrdə qəbul
olunmazdı. Təəssüf ki, biz indi bunun əksini müşahidə
edirik. Bu səbəbdəndir ki, Dağlıq Qarabağ və
onun ətrafında olan rayonlar hələ də Ermənistan
silahlı qüvvələrinin nəzarəti
altındadır. Ermənistan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə xidmət
edən danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş
etdirir. ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən
yeniləşmiş Madrid prinsiplərinin tərəflərə
təqdim olunmasından bir neçə ay keçsə də,
Azərbaycandan fərqli olaraq Ermənistan ona öz münasibətini
açıqlamır. Belə hal isə Dağlıq
Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə
ciddi xələl gətirir. Bütün bunlara görə isə
məsuliyyət daşıyan yeganə tərəf ərazi
bütövlüyümüzə qəsd etməklə dəhşətli
bir cinayətə yol verən Ermənistandır. Cinayətkarın
cəzasız qalmasına dünya ictimaiyyəti laqeyd mövqe
sərgiləyir. Elə bu da beynəlxalq hüququn
pozulmasına təkan verən mənfi nümunənin
formalaşmasına rəvac verir. İsrail hərbçilərinin
hərəkəti də bu qəbildən sayıla bilər və
sözügedən hal pislənməli, belə olayların təkrarlanmamasına
çalışımalıdır.
Ümumiyyətlə isə dünyada belə hadisələr yaşanması birmənalı şəkildə qəbuledilməzdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan da yaşananlardan sonra Türkiyənin hadisəyə reaksiyasını təbii sayır, onun mövqeyini dəstəkləyir. Aydındır ki, dünyanın digər dövlətlərinin, o cümlədən türkdilli ölkələrin hamısının hadisəyə reaksiya verməsi, bu olayı pisləməsi vacib əhəmiyyət daşıyır. Çünki baş verənlərə görə məsuliyyət daşıyan tərəfə göstərilən belə kəskin beynəlxalq reaksiya perspektivdə analoji halların təkrarlanmasının qarşısının alınmasında mühüm təsir gücünə malikdir.
Alış QASIMOV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri, hüquq
elmləri doktoru, professor
Azərbaycan.- 2010.- 4 iyun.- S.
5.