Qafqaz Müsəlmanları
İdarəsində "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməsinin
yeni nəşrinin təqdimatı olmuşdur
Qafqaz Müsəlmanları İdarəsində "Qurani-Kərim"in AMEA-nın akademikləri Ziya Bünyadov və Vasim Məmmədəliyevin Azərbaycan dilinə tərcüməsinin yeni nəşrinin, habelə daha iki kitabın - "Yasini-Şərif" və "Sevimli peyğəmbərimizin həyat nümunələri və hədisləri" kitablarının təqdimatı olmuşdur.
QMİ-nin Elmi-Dini Şurasının üzvü, akademik Vasim Məmmədəliyev bildirmişdir ki, bu kitabların nəşri ölkəmizdə əlamətdar hadisədir. QMİ-nin sıx əməkdaşlıq əlaqələri olduğu Türkiyənin "Qismət" nəşriyyatının Bakı bölməsi tərəfindən nəşr edilən kitablar Ankarada çap olunmuşdur.
Bu, "Qurani-Kərim"in Azərbaycan dilində (ərəb dilində mətn olmadan) 11-ci nəşridir. Nəşrdə surələrin izahları da yer almışdır. Qafqaz Müsəlmanları İdarəsi Silahlı Qüvvələrin əsgərləri üçün "Qurani-Kərim"in ərəb dilində miniatür nəşrinin çap edilməsini nəzərdə tutmuşdur.
QMİ sədrinin birinci müavini hacı Salman Azərbaycan üçün dini ədəbiyyatın çap edilməsində "Qismət" nəşriyyatı ilə əməkdaşlıq münasibətlərindən danışmışdır. O demişdir ki, "Qurani-Kərim"in bu nəşri digər türkdilli nəşrlərdən tərcümənin dəqiqliyi və aydınlığı ilə fərqlənir. Bu isə tərcüməçilərin xidmətidir. Azərbaycan dilində dini ədəbiyyat nəşri tərcüməsində ilk dəfə olaraq "Yasini-Şərif" kitabında tərcümə ilə yanaşı, surələrin ərəb dilində mətni Azərbaycan transkripsiyasında verilmişdir.
Naşir Xəlil Öztürk, "Qismət" nəşriyyatının direktoru Müzəffər Şain nəşriyyatın fəaliyyətindən danışmış, gələcəkdə də Azərbaycan üçün "Qurani-Kərim"in nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırmışlar.
V.Məmmədəliyev nəşrlərin ərsəyə gəlməsində iştirak edənlərə, habelə adlarının çəkilməsini istəməyən sponsorlara təşəkkürünü bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 4 iyun- S.6.