İngiltərə-Azərbaycan Cəmiyyətinin
növbəti illik xeyriyyə tədbiri keçirilmişdir
"Hyatt Park" hotelində İngiltərə-Azərbaycan Cəmiyyətinin növbəti illik xeyriyyə tədbiri keçirilmişdir.
İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, xeyriyyə və digər sahələri bir yerə toplayan təşkilatdır. Cəmiyyət 1997-ci ildə Azərbaycan-Böyük Britaniya arasında bütün sahələrdə əlaqələrin dəstəklənməsi və Azərbaycanda xeyriyyə təşəbbüslərinə yardım etmək, üzvləri Azərbaycanda baş verənlər barədə yaxından məlumatlandırmaq və britaniyalılarda Azərbaycan haqqında məlumatın artırılması üçün yaradılmışdır. Cəmiyyətin əsas məqsədi fond yaradılması nəticəsində bütün pulların Azərbaycanda xeyirli məqsədlər üçün istifadə olunmasıdır. Bu fondlar heç bir inzibati xərclərə xərclənmir. Cəmiyyət üzvləri Azərbaycanda fəaliyyət göstərən və ya marağı olan kiçik şirkət və fərdlərlə yanaşı, neft, bank, sığorta, mühəndislik, xidmətlər, kommunikasiya və digər sektorlardan olan 40-dan çox əsas Britaniya şirkətindən (Amec Services, BMİ, bp, Azərbaycan Beynəlxalq Bankı, KCA Deutag və İTE Group) ibarətdir.
Tədbirdə Azərbaycanın dövlət və siyasi xadimləri, Milli Məclisin deputatları, yerli və xarici şirkətlərin rəhbərləri iştirak etmişdir. Tədbirin təşkilatçıları cəmiyyətin həmsədrləri - professor Nərgiz Paşayeva və Lord Freyzer olmuşdur. Yığıncaqda cəmiyyətin həmsədri Lord Freyzer çıxış edərək indiyədək həyata keçirilmiş tədbirlər və layihələr haqqında danışmış, ölkələrimiz arasında humanitar və mədəni münasibətlərin dərinləşməsinə qurumun verdiyi töhfələri qeyd etmişdir.
Xanım Nərgiz Paşayeva bildirmişdir ki, Azərbaycan və İngiltərə arasında əlaqələr müsbət istiqamətdə və dostluq şəraitində inkişaf edir. O, İngiltərə-Azərbaycan Cəmiyyətinin də bu işə öz töhfəsini verdiyini söyləmişdir. Cəmiyyətin Azərbaycanda həyata keçirdiyi və keçirəcəyi bir neçə humanitar aksiya barədə də məlumat verən xanım Nərgiz Paşayeva bildirmişdir ki, 2008-ci ilin iyun ayında Bakıda keçirilən son tədbirdə yığılmış vəsait Ramana qəsəbəsində yerləşən əlillər evinin təmirinə, orada kompüter otağının yaradılmasına, doğuş zamanı uşaq ölümlərini azaltmaq məqsədilə yaradılmış "HealthProm" ingilis xeyriyyə cəmiyyəti tərəfindən təklif olunan layihəyə, Saray qəsəbəsində 7 nömrəli internat məktəbinin təmirinə yönəldilmişdir.
Tədbirdə İngiltərə-Azərbaycan
Cəmiyyətinin Britaniya
ilə Azərbaycan arasında əlaqələrin
inkişafında rolu yüksək qiymətləndirilmiş
və cəmiyyətin
təşkil etdiyi xeyriyyə və mədəni tədbirlərin
təqdirəlayiq olması
vurğulanmışdır. Xeyriyyə cəmiyyətinin
humanitar fəaliyyəti
tədbir zamanı fotostendlərlə nümayiş
etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 4 iyun- S.
6.