Azərbaycanlı alimlərin çıxışları maraqla
qarşılandı
Türkiyənin Balıkəsir şəhərində bu günlərdə keçirilən beynəlxalq simpozium "Folklorda və ədəbiyyatda köç mövzusu"na həsr olunmuşdu. Simpoziumu Motiv Vəqfi, Balıkəsir Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Balıkəsir Valiliyi, Balıkəsir Bələdiyyə Başqanlığı təşkil etmişdilər.
Simpoziuma müxtəlif ölkələrdən 200-ə yaxın alim dəvət olunmuşdu. Azərbaycandan da 20-yə yaxın alim simpoziumda iştirak edirdi. AMEA-nın elmi əməkdaşlarından Fəlsəfə İnstitutunun professoru F.Qurbanov "Toplumun inkişafında köç prosesinin yeri və rolu", professor Q.Qədirzadə "Naxçıvanda yarımköçəri maldarlıq haqqında", Ə.Ələkbərli "Qərbi Azərbaycandan Azərbaycan türklərinin köçürülməsinin 200 illik tarixinin əsas mənzərəsi", H.Ağaverdi "Oğuz eposunun ata sözü variantında köç konsepsiyası", A.Mahmudova "M.Füzulinin "Leyli və Məcnun" əsərində gəlin köçürmə adəti", M.İsmayıl "Azərbaycan şifahi xalq ədəbiyyatında yaylaq-qışlaq və çobanla bağlı mövzular", T.Qədirzadə "Naxçıvanda köçlə bağlı adətlər və inanclar", A.Paşayev "Oğuz köçünün türk ədəbiyyatına ərməğan etdiyi ədəbi ünvanlardan biri", Azərbaycan Musiqi Akademiyasının dosenti X.Həsənzadə "Türk xalqlarının mahnılarında intonasiya əlaqələri", S.Şərifova "Müasir səhnə ədəbiyyatının inkişafında önəmli bir faktor olan köç", Azərbaycan İqtisad Universitetindən M.Əliyeva "Azərbaycan folklorunda köç bayatıları və Qarabağ harayı", X.Əsədova "Azərbaycan xalçaçılıq sənətində köç motivləri", S.Nemətova "Naxçıvan folklorunda köç motivi" və bu sətirlərin müəllifi "Qarabağın düzənlik bölgəsində yaşayan insanların yaylağa köçü ilə bağlı adət-ənənələri" ilə əlaqədar məruzələrlə çıxış etdilər.
Müzakirələr göstərdi ki, azərbaycanlı alimlər mövzu ilə bağlı ciddi araşdırmalar aparmış, maraqlı faktlar ortaya çıxarmışlar. Simpoziumda Qarabağdan ermənilər tərəfindən zorla köçürülən insanların acı taleyi ilə bağlı məruzələr də dinlənildi. Fasilələrdə dünyanın çeşidli yerlərindən gələn alimlər azərbaycanlı elm xadimlərinə yanaşıb Qarabağla bağlı onlara çox sayda suallar verdilər, ermənilərin Azərbaycan torpaqlarını işğal etmələrini qəzəblə pislədilər. Simpozium keçirilən günlərdə Motiv Vəqfinin başqanı Zəki Baykal, Balıkəsir Universitetinin rektoru, professor Şərif Saylan, Balıkəsir valisi Yılmaz Arslan, bələdiyyə başqanı İsmayıl Ox, Balıkəsir Universitetinin müəllim və tələbələri, Azərbaycandan gələn hər bir qonağa yaxınlaşaraq ölkəmizə olan sevgilərini bildirib dedilər ki, Qarabağ probleminin indiyədək həll olunmaması onları da çox narahat edir. Biz də dedik ki, çox çəkməz, Qarabağ torpağı düşmən tapdağından azad olar, belə bir simpoziumu Xankəndidə keçirərik.
Tamilla ƏLİYEVA,
"Azərbaycan"
qəzetinin Türkiyə
təmsilçisi
Azərbaycan.- 2010.- 4 iyun- S.
6.