Mərkəzi Klinik Xəstəxananın əməkdaşları
Heydər Əliyev Fondu ilə tanış olmuşlar
Mərkəzi Klinik Xəstəxananın əməkdaşları iyunun 4-də Heydər Əliyev Fondu ilə tanış olmuşlar.
Tanışlıq zamanı qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Ömrünü Azərbaycana və məxsus olduğu xalqa həsr etmiş, müasir dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün fonda gələnlər buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.
Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman həyata keçirdiyi quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.
Qonaqlar Heydər Əliyevin dünyanın tanınmış siyasi liderləri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.
İştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Böyük ömrün anları" filminə də baxmışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 5 iyun- S.
3.