Boris Qrızlov: "Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və ona hörmətlə yanaşır"

 

Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Boris Qrızlov iyunun 4-də Moskvada səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovla görüşündə demişdir: "Rusiyanın mövqeyi birmənalıdır və dəyişməzdir - Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dövlət Duması "Dağlıq Qarabağa" rəsmən heç bir deputat göndərməmişdir və Rusiya deputatlarının qondarma "seçkilərdə" iştirakı barədə rəhbərliyə heç bir məlumat verilməmişdir. Onlar yəqin bilirdilər ki, belə xahişlə mənə müraciət etsələr, rədd cavabı alacaqlar".

 

Qeyd edək ki, Milli Məclisin Sədri Oqtay Əsədov başda olmaqla, Azərbaycan Respublikasının mötəbər parlament nümayəndə heyəti Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə Moskvada səfərdədir.

Milli Məclisin mətbuat katibi Akif Nəsirov bildirmişdir ki, Boris Qrızlov Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu və dinamik xarakter daşıdığını vurğulamışdır. Onun sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər dinamik inkişaf edir, ən yüksək səviyyədə müntəzəm görüşlər keçirilir. Dövlət başçılarımızın səmərəli əlaqələri münasibətlərimizin möhkəmlənməsi işinə böyük töhfə verir. Boris Qrızlov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da Böyük Qələbənin 65-ci ildönümü münasibətilə səfəri Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etmişdir. Aşağı palatanın başçısı Qələbənin əldə edilməsinə layiqli töhfə vermiş Azərbaycan xalqının xidmətlərini xüsusi qeyd etmişdir. O, parlament nümayəndələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq münasibətlər çərçivəsində qarşılıqlı fəaliyyətinin, o cümlədən Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin bundan sonra da dərinləşməsinin və inkişafının əhəmiyyətini xüsusi qeyd etmişdir. B.Qrızlov demişdir ki, ölkələrimizin parlamentlərarası əlaqələri uğurla inkişaf edir, bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinə xas olan ümumi müsbət dinamikanı bütövlükdə əks etdirir. Rusiya Dövlət Dumasının sədri qazandığı böyük iqtisadi nailiyyətlər münasibətilə Azərbaycanı təbrik etmiş, qarşıdan gələn parlament seçkilərində uğurlar arzulamışdır.

Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır və ölkələrimiz arasında heç bir problem yoxdur. O, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və inkişafında ciddi amil olan dövlət başçılarımızın qarşılıqlı səfər və görüşlərinin rolunu vurğulamış, parlamentlərarası əlaqələrin inkişafını yüksək qiymətləndirərək bu yaxlınlarda Moskvada birgə komissiyanın 9-cu iclasının keçirildiyini xatırlatmışdır. Milli Məclisin Sədri parlamentlərarası münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edərək əlaqələrin bu səviyyədə, habelə MDB-nin Parlamentlərarası Assambleyası və digər beynəlxalq qurumlar formatında əhəmiyyətini vurğulamışdır.

O.Əsədov dünya maliyyə böhranına baxmayaraq, ölkəmizin inkişafından və iqtisadi nailiyyətlərindən söz açmış, diqqəti Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin etnik, dil, mədəni və dini özgürlüyünün, o cümlədən rus mədəniyyətinin və dilinin qorunmasına və inkişafına yönəltmişdir.

Oqtay Əsədov onu da bildirmişdir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Leyla xanım Əliyevanın başçılığı ilə Moskvada səmərəli fəaliyyət göstərir. Nümayəndəlik gənclərimiz arasında münasibətlərin inkişafı istiqamətində çox işlər görür. Onun fikrincə, Rusiyada "Baku" jurnalının nəşri və yayılması da xalqımızın zəngin tarixi-mədəni irsi və müasir Azərbaycanın reallıqları barədə obyektiv informasiyanı Rusiya ictimaiyyətinə çatdırmaq işinə xidmət edir.

Diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması perspektivlərinə cəlb edən Oqtay Əsədov qeyd etmişdir ki, münaqişənin həll olunmaması region ölkələrinin inkişafını ləngidən əsas amildir. O, ATƏT-in Minsk qrupunun həmsədri qismində Rusiyanın fəal səylərini vurğulayaraq ümidvar olduğunu bildirmişdir ki, Rusiya həmsədr ölkə kimi münaqişənin ədalətli həllinə və bütün regionda sabitliyin bərqərar olmasına dəstək göstərəcəkdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 5 iyun- S.  3.