Dövlət İdarəçilik
Akademiyasında beynəlxalq
konfrans keçirilmişdir
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutu, Mərmərə Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti tərəfindən keçirilən beynəlxalq tədbirdə ayrı-ayrı ölkələri təmsil edən mütəxəssislər iştirak etmişlər.
Konfransda çıxış edən DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətini vurğulamış, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışmışdır.
Mövzu ilə bağlı fikirlərini açıqlayan rektor bildirmişdir ki, bu gün dünyanı bürüyən maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi inkişafı və tətbiq etdiyi antiböhran siyasəti dünyada maraqla qarşılanmışdır.
Professor S.Qəndilov ölkəmiz üçün səciyyəvi olan müvafiq inkişaf modelinin uğurlu nəticələrini xatırlatmışdır. Türkiyə və Orta Şərq İdarəçilik İnstitutunun baş direktoru, professor Eyyup Günay İsbir, Bankçılıq və Sığortaçılıq İnstitutunun direktoru, professor Camal İbiş və digər çıxış edənlər tədbirin əhəmiyyətini vurğulamış, təşkilatçılara və iştirakçılara uğurlar arzulamışlar.
Professor Zahid Fərrux Məmmədov "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: ümumi problemlər və fərqli yanaşmalar" mövzusunda məruzə etmişdir.
Mövzu üzrə digər məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 5 iyun- S.
3.