Azərbaycan dövləti ekoloji problemlərin həllini
prioritet hesab edir
Ekoloji durumun sağlamlaşdırılması və təbii
sərvətlərdən səmərəli istifadə sahəsində
ekoloji siyasət uğurla reallaşdırılır
Azərbaycan Respublikası
müstəqillik əldə etdikdən sonra ölkəmizdə
ətraf mühitin mühafizəsi, insanların sağlam təbii
mühitdə yaşaması və təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə istifadəsi məsələsi
sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
Ölkədə ətraf
mühit sahəsində mövcud olan problemlərin həll
edilməsi üçün irimiqyaslı tədbirlər
görülür, layihələr həyata keçirilir. Ona
görə də heç təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamına əsasən 2007-ci ildən
etibarən 23 may tarixi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi işçilərinin peşə bayramı
günü kimi qeyd edilir.
Son illər
iqtisadiyyatımızın sürətli inkişafının
nəticəsi olaraq artan gəlirlərin qeyri - neft sektoruna
yönəldilməsi ekoloji layihələrin həyata
keçirilməsi imkanlarını xeyli genişləndirmişdir.
Buna görə də bir çox ölkələr maliyyə
böhranına məruz qaldıqları bir dövrdə
ölkəmizdə infrastruktur layihələrin icrası davam
etdirilmiş, ekoloji problemlərin həlli istiqamətində
görülən tədbirlər ön planda olmuşdur.
Bununla əlaqədar
xüsusi qeyd edilməlidir ki, ətraf mühitin mühafizəsi
məsələlərinə daim böyük diqqət yetirən
Prezident İlham Əliyevin təşəbbüsü ilə
2010-cu il ölkəmizdə "Ekologiya ili" elan
edilmişdir. Ölkə rəhbərliyinin ekologiya ilə
bağlı məsələləri daim diqqət mərkəzində
saxlaması ətraf mühitin
yaxşılaşdırılması istiqamətində
aparılan işlərə böyük təkan vermişdir.
Ulu öndər Heydər Əliyevin
layiqli davamçısı ölkə Prezidenti cənab
İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji
problemlərin müzakirəsinə həsr olunmuş
müşavirələrin keçirilməsi, ətraf
mühitlə bağlı qəbul olunmuş dövlət
proqramlarının icrasına göstərilən diqqət,
mövcud ekoloji problemlərin daha səmərəli həll
edilməsi məqsədilə müvafiq sərəncamların
verilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına parlaq nümunədir.
Ekoloji vəziyyətin sağlamlaşdırılması və
ətraf mühitin mühafizəsi sahəsində son bir
neçə ildə xeyli işlər görülmüş,
uzun illər ərzində yaranmış və müstəqil
Azərbaycana miras qalmış ekoloji problemlər təhlil
edilərək, onların kompleks həllinə yönəldilən
Milli və Dövlət Proqramı təsdiq edilmiş,
ekologiya və ətraf mühitin mühafizəsi sahəsində
hüquqi baza təkmilləşdirilmişdir.
Ötən müddət ərzində
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə
təsdiq olunmuş "Ekoloji cəhətdən dayanıqlı
sosial-iqtisadi inkişafa dair", "Meşələrin bərpa
edilməsi və artırılmasına dair", "Azərbaycan
Respublikasında Hidrometeorologiyanın İnkişafı
Proqramı", "Azərbaycan Respublikasında
yay-qış otlaqlarının, biçənəklərin səmərəli
istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair" proqramlarda nəzərdə
tutulmuş tədbirlər həyata keçirilmişdir.
Ölkəmizin ekoloji siyasətini özündə əks
etdirən bu sənədlər fəaliyyətimizi istiqamətləndirən
əsas proqram sənədlərdir.
Ölkə
iqtisadiyyatının sürətli inkişafı, dövlət
büdcəsinin imkanlarının artması və ölkə
Prezidentinin gündəlik qayğısı ekoloji problemlərin
həllinə geniş imkanlar yaratmış, dövlət
başçısının sərəncamı ilə ətraf
mühitlə bağlı problemlərin həllinə yönəldilən
mühüm və çox qiymətli sənəd olan "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı" təsdiq
olunmuşdur. Kompleks Tədbirlər Planının
icrasını təmin etmək məqsədilə ölkənin
gərgin ekoloji vəziyyətdə olan bölgələrinin,
əsasən də, Bakı şəhəri və Abşeron
yarımadasının ətraf mühitin
sağlamlaşdırılması istiqamətində
mühüm işlər həyata keçirilmişdir.
Kompleks Tədbirlər
Planından irəli gələn ətraf mühitin
qorunmasına yönəldilmiş Bakı Buxtasının,
Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq
Hava Limanının ətrafının, Abşeron
yarımadasındakı göllərin, neftlə çirklənmiş
torpaqların, lay suları altında qalmış sahələrin
və digər istehsal tullantıları ilə çirklənmiş
ərazilərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması, bərk məişət
tullantılarının idarə olunmasının təkmilləşdirilməsi
və digər tədbirlərin həyata keçirilməsi
üçün maliyyə vəsaitinin ayrılması bu
problemlərin həll edilməsini
reallaşdırmışdır.
Azərbaycan Respublikasında
ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2010-2014-cü illər üçün əlavə tədbirlər
planı hazırlanmışdır. Uzun illər Sumqayıt
şəhərinin ətraf mühitinin normadan artıq
çirklənməsinə səbəb olan xlorun
alınmasında əmələ gəlmiş 287 min ton civə
tərkibli toksiki tullantılar Təhlükəli
Tullantılar Poliqonuna daşınaraq tam şəkildə zərərsizləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Xəzər dənizinin
çirklənmədən qorunması ilə bağlı
müvafiq sərəncamına əsasən 2007-2009-cu illər
ərzində Bilgəh, Buzovna, Mərdəkan,
Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu
sahəsində ümumilikdə gündə 6140 kubmetr
çirkab su təmizləmə gücünə malik beynəlxalq
standartlara cavab verən modul tipli qurğulardan ibarət 16
stansiya qurularaq Abşeron yarımadasının 86 kilometrlik
sahil zolağını əhatə edən "Xəzər dənizinin
ekoloji mühitinin mühafizəsi sistemi"
yaradılmışdır.
Ölkə rəhbərinin
"Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında" sərəncamından irəli
gələn məsələlərin həlli istiqamətində
2007-2009-cu illər ərzində 12 rayonun 122 kəndində
modul tipli sutəmizləyici qurğular
quraşdırılmış, 224 min insan Ümumdünya Səhiyyə
Təşkilatının standartlarına cavab verən
içməli su ilə təmin olunmuşdur. Hazırda əlavə
olaraq 18 rayonun 96 kəndində modul tipli sutəmizləyici
qurğuların quraşdırılması istiqamətində
iş gedir ki, nəticədə 170 mindən çox əhali
yüksək standartlara cavab verən su ilə təmin
olunacaqdır.
ETSN fəaliyyət göstərdiyi
illər ərzində ətraf mühitin mühafizəsi, təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi, biomüxtəlifliyin
qorunması, meşələrin bərpa olunması və
artırılması, geoloji kəşfiyyat xidməti,
hidrometeorologiya, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi istiqamətində fəaliyyət
göstərmiş, bir sıra mühüm tədbirlərin həyata
keçirilməsinə nail olmuşdur.
Son illər ərzində
ETSN-in ətraf mühitin mühafizəsinə nəzarəti
həyata keçirən qurumlar tərəfindən hüquqi,
fiziki şəxslər və vətəndaşlar tərəfindən
yol verilmiş qanun pozuntularına görə müvafiq tədbirlər
görülmüş, nəticədə Ətraf Mühitin
Mühafizəsi üzrə Dövlət Fonduna əvvəlki
illərlə müqayisədə qat-qat artıq vəsaitin
köçürülməsi təmin olunmuşdur.
Qabaqcıl dünya təcrübəsi
və yeni texnologiyaların tətbiqinə əsaslanaraq
ölkədə müasir ekoloji monitorinq sistemi
yaradılmış, ətraf mühit komponentlərinin dəqiq
analizi və qiymətləndirilməsi məqsədilə
respublikanın müxtəlif bölgələrində, o
cümlədən ölkəyə daxil olan transsərhəd
çayların üzərində ən müasir cihazlarla təmin
olunmuş analitik tədqiqat laboratoriyaları təşkil
edilmişdir. Çoxfunksiyalı və avtomatik rejimdə
işləyən müasir cihazlar havada, suda və torpaqda 3
mindən artıq çirkləndiricini təyin etməyə
imkan verir. Nüvə texnologiyalarından istifadə edən
ölkələrlə sərhəd rayonlarda və
Pirallahı adasında radiasiya fonu üzərində
avtomatlaşdırılmış monitorinq nəzarəti
sistemi quraşdırılmışdır.
Bioloji müxtəlifliyin
qorunub saxlanılması nazirliyin fəaliyyətində əsas
istiqamətlərdən biri olmuşdur. Aparılmış tədbirlər
nəticəsində xüsusi mühafizə olunan təbiət
əraziləri inkişaf etdirilmiş, onların sahəsi
2003-cü ildən etibarən 478 min hektardan 876 min hektaradək
artırılmış və hazırda 8 Milli Park, 11 Qoruq və
24 Yasaqlıqdan ibarət şəbəkə ölkə ərazisinin
10,1 faizini təşkil edir. Xüsusən, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 115 895
hektar sahəsi olan, Cənubi Qafqazda ən böyük park
sayılan Şahdağ Milli Parkının yaradılması
biomüxtəlifliyin qorunması işinə böyük
töhfə vermişdir.
Azərbaycan Respublikası
Prezidenti tərəfindən 2008-ci il 26 dekabr tarixində
"Zooloji parkın yaradılması haqqında" sərəncam
verilmişdir. Bioloji müxtəlifliyin qorunub
saxlanılmasında, nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan fauna növlərinin bərpası və
reintroduksiyasının təmin edilməsində, ictimaiyyətin
Azərbaycan və dünya təbiəti haqqında məlumatlandırılmasında,
gənc nəslin təbiətə qayğıkeş ruhda tərbiyə
edilməsində yaradılacaq Zooloji park mühüm əhəmiyyətə
malikdir.
2003-2009-cu illərdə
meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin
salınması məqsədi ilə bir sıra ciddi tədbirlər
görülmüşdür. Toxum tədarükü, əkin
materiallarının yetişdirilməsi, meşələrin bərpası,
yeni meşə massivlərinin yaradılması sahəsində
göstəricilər bir neçə dəfə
artmış, meşə fonduna daxil olmayan ərazilərdə
- Kür-Araz çayları vadilərində, avtomobil, dəmir
yolları və sututarların kənarlarında, eləcə
də, Xəzər dənizi sahili qumluqların bərkidilməsi
istiqamətində müvafiq tədbirlər
görülmüşdür.
Əgər 2002-ci ildə əkin,
səpin və təbii bərpaya kömək tədbirləri
cəmi 7750 hektar sahədə aparılmışdırsa,
2009-cu ildə bu rəqəm artıq 10751 hektar olmuşdur.
Ümumilikdə, 2003-2009-cu illər ərzində 69715 hektar
sahədə meşəbərpa və yeni meşələrin
salınması işləri aparılmışdır.
Yeni yaradılmış Giləzi,
Qaradağ, Zərdab və Cəngi meşəsalma müəssisələri
tərəfindən səhralaşma prosesinə məruz
qalmış çətin meşəbitmə şəraitinə
malik ərazilərdə yeni yaşıllıq massivləri
salınmış, Abşeron, Quba, Kür və Giləzi
Regional Meşə Tingliyi müəssisələri
yaradılmışdır.
Meşə ilə
örtülü sahələr 2001-ci ildə 989 min hektardan
2009-cu ildə 1 milyon 21 min hektara
çatdırılmışdır ki, bu da respublikanın
meşə ilə örtülü ərazilərinin 11,4 faizdən
11,8 faizə qədər artması deməkdir.
Meşələrin qorunub
mühafizə olunması istiqamətində də ciddi tədbirlər
həyata keçirilmiş və bunun nəticəsində
qanunsuz ağac kəsilməsi halları ilbəil
azalmışdır. Azərbaycan Respublikası Prezidentinin
"Magistral avtomobil yollarının mühafizə
zolaqlarının yaşıllaşdırılması
haqqında" və "Bakı şəhərinin
yaşıllaşdırılması sahəsində əlavə
tədbirlər haqqında" sərəncamlarının
icrası ilə əlaqədar olaraq yolların estetik
görünüşünün
yaxşılaşdırılması və mühafizə zolaqlarının
eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul
istiqamətində magistral yolu ətrafında 172 min ədəd
ağac-kollar əkilmişdir. Münbit torpaq gətirilməsi,
müasir damcı suvarma sisteminin yaradılması və daimi
qulluq hesabına 90 faiz bitişə nail olunmuşdur.
Oxşar nəticələr
Bakını Heydər Əliyev Hava Limanı ilə birləşdirən
yollarda da əldə edilmişdir. Zığ-Heydər Əliyev
Hava Limanı yolu boyu 196 hektar ərazidə mürəkkəb
meşəbitmə şəraitində, neft məhsulları,
yod, bromla çirklənmiş torpaqlarda salınmış əkinlərə
lazımi xidmətin təmin edilməsi hesabına 80 faiz
bitişə nail olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin Bakı və onun ətrafında 3 milyon
ağacın əkilməsi barədə təşəbbüsü
ilə əlaqədar genişmiqyaslı işlər
aparılmış, Abşeron yarımadasının müxtəlif
ərazilərində yaşıllaşdırma məqsədilə
Bayıl yamacı - 20-ci sahə arası, Zığ
gölü - Heydər Əliyev Limanı arası ərazilərin,
Zığ gölü və ətrafının, digər ərazilərin
yaşıllaşdırılması istiqamətində tədbirlər
görülmüşdür. Bu tədbirlər 2010-cu ildə
də davam etdirilərək birinci rübün sonunadək
magistral avtomobil yollarının kənarlarının
yaşıllaşdırılması ilə əlaqədar Əzizbəyov-Heydər
Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafında,
keçmiş Binə və Sədərək ticarət mərkəzlərinin
yerində, Bayıl yamacında, Bakı-Qazax magistral avtomobil
yolunun Ələt-Atbulaq hissəsində, Bakı-Astara magistral
avtomobil yolunun Ələt-Salyan hissəsində, Bakı-Quba və
Bakı-Şamaxı magistral avtomobil yollarında ümumilikdə
152 ha ərazi yaşıllaşdırılaraq 166 min müxtəlif
cins ağac və kol bitkiləri əkilmişdir.
Ümumilikdə, 2009-2010-cu
ilin birinci rubu ərzində respublika ərazisində 8,2 milyon
ağac (onlardan 1,5 milyon ədədi - Abşeron
yarımadasında) əkilmişdir. Təkcə ETSN tərəfindən
həmin müddət ərzində Bakı şəhəri və
ətraf ərazilərdə təxminən 900 min ağac əkilmişdir.
Su hövzələrində
bioloji resursların artırılması və mühafizəsi
istiqamətində də tədbirlər həyata
keçirilmişdir. Balıqartırma müəssisələri
tərəfindən 2003-2009-cu illər ərzində 3,08
milyard ədəd müxtəlif növ vətəgə əhəmiyyətli
balıq körpələri süni və təbii yolla
yetişdirilib respublikanın su hövzələrinə
buraxılmışlar.
Milli Hidrometeorologiya xidmətinin
müasir tələblərə uyğun inkişafı
üçün hidrometeoroloji müşahidə şəbəkəsi
modernləşdirilmış, proqnoz sistemi müasir telekommunikasiya
və informasiya texnologiyaları ilə təmin olunmuşdur.
Meteoroloji şəraitin və
buzlaqların dəqiq müşahidəsi, flora və
faunanın dərindən öyrənilməsi məqsədilə
Azərbaycan Respublikasının yüksək dağlıq ərazisində
"Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi"
yaradılmışdır. Kompleks Elmi Mərkəzin
bazasında və Şahdağın zirvəsində 2 avtomat
meteoroloji stansiya quraşdırılmış və alternativ
enerji hesabına onların fasiləsiz fəaliyyəti təmin
edilmişdir.
Respublika ərazisində, o
cümlədən Xəzər dənizi akvatoriyasında
sistemli və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin
aparılması davam etdirilmiş, hidrometeoroloji stansiya və məntəqələrdə
aparılan müşahidələrin nəticələrindən
qısa və uzun müddətli proqnozların tərtibatında,
o cümlədən gözlənilən təhlükəli
hidrometeoroloji hadisələrin
proqnozlaşdırılmasında istifadə olunmuşdur.
Müşahidə nəticələrinin ötürülməsi,
işlənilməsi, gündəlik, ongünlük, aylıq
hidrometeoroloji proqnozların hazırlanması, habelə
hidrometeoroloji şəraitin öyrənilməsi istiqamətində
elmi-tədqiqat, elmi-metodiki işlər həyata
keçirilmişdir.
Ölkə rəhbərinin
apardığı siyasət nəticəsində təmin
edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə
təchiz etmək üçün geoloji axtarış-kəşfiyyat
işlərində də ciddi nəticələr əldə
olunmuş, əlvan və nəcib metallar üçün bir
sıra perspektivli sahələr aşkar edilmişdir. Azərbaycanın
25 bölgəsində müxtəlif təyinatlı 104
yatağın sənaye ehtiyatları balansa
alınmışdır.
Daşkəsən filiz
bölgəsində Çovdar qızıl yatağı
aşkar edilmiş və onun sənaye ehtiyatları 44,61 ton
qızıl və 164,25 ton gümüş
hesablanmışdır. Göygöl filiz sahəsində
uranın kifayət qədər yüksək tutumu daha
çox maraq doğurur. Ehtiyatları 23 ton qızıl, 190 ton
gümüş və 37 min ton mis hesablanmış Gədəbəy
mis-qızıl yatağında 2009-cu ildə fəaliyyətə
başlamış Gədəbəy Qızıl-Mis Emalı
Zavodunda artıq 1743 kiloqram qızıl istehsal olunaraq
saflaşdırılmaq üçün göndərilmişdir.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
sosial-iqtisadi və digər sahələrdə, o cümlədən,
ətraf mühitin sağlamlaşdırılması sahəsində
həyata keçirilən quruculuq işləri bundan sonra da
daha geniş vüsət alacaqdır. Bu da müstəqil Azərbaycanın
qüdrətlənməsində, hər bir Azərbaycan vətəndaşının
həyat səviyyəsinin daha da yüksəlməsində
özünü əyani göstərəcəkdir.
Ölkəmizin ekoloji
durumunun sağlamlaşdırılması və təbii sərvətlərdən
səmərəli istifadə olunması sahəsində ekoloji
siyasətin reallaşdırılması məhz dövlət
rəhbərliyi tərəfindən göstərilən diqqət
və qayğı nəticəsində mümkün
olmuşdur.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin kollektivi əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş ətraf mühitin
sağlamlaşdırılması və təbii sərvətlərdən
davamlı istifadə olunması siyasətini cənab İlham Əliyevin
rəhbərliyi sayəsində daha da uğurla davam etdirərək
üzərinə düşən vəzifələrin öhdəsindən
bundan sonra da layiqincə gələcək, respublika əhalisinin
sağlam ətraf mühitdə yaşamasının təmin
olunmasında bütün imkanlarını səfərbər
edəcəkdir.
Hüseyn BAĞIROV,
ekologiya və təbii
sərvətlər naziri
Azərbaycan.- 2010.- 5 iyun- S.
4.