Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir

 

Dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da. Amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyil. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın adı Tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərin ifadəçisidir. Bu ad zərifliklə qüdrətin birləşdiyi, dünyanı qoruyan ali duyğuların başlandığı, pisliklərin öz ömrünü başa vurduğu ünvandır. Bəzən ailələrin, bəzənsə bütövlükdə ölkələrin və xalqların taleyüklü anlarında sülh, humanizm, insanpərvərlik məhz qadınların timsalında qələbə çalıb. Qadın itirilmə təhlükəsi qarşısında qalan müqəddəsliklərin mühafizinə çevrilib. Yaxın-uzaq tarix qadın zəkasının, müdrikliyinin, təmkininin bəzi hallarda hətta insan tələfatı ilə nəticələnə biləcək böyük münaqişələrin, toqquşmaların qarşısını aldığı nə qədər faktlarla sübuta yetib.

 

Bəşər tarixi gender bərabərliyi uğrunda əzmkar mübarizələrlə də zəngindir: sivil insan cəmiyyəti formalaşandan öz təbii hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda ən müxtəlif çətinliklərə, psixoloji-mənəvi baryerlərə mətinliklə sinə gərib, ictimai həyatın ən müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. İnsan hüquq və azadlıqlarının ali dəyər sayıldığı, fərdin hüquqlarının dövlət mənafeyindən uca tutulduğu bizim günlərdə belə, gender bərabərliyinin təmini uğrunda mübarizə səngimək bilmir. Qəribə burasıdır ki, bu gün dünyanın ən inkişaf etmiş demokratik dövlətlərində də qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara, imtiyazlara malik olması xüsusi aktuallığa malik məsələlər kimi nəzərdən keçirilir. Bu aktuallıq həm də onunla şərtlənir ki, tarixən əksər dünya dövlətlərində kişilərlə müqayisədə qadınlar müəyyən ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalıblar, onların siyasi, sosial, mədəni hüquqları məhdudlaşdırılıb. Nəinki ailə dəyərlərinin, hətta cəmiyyətin inkişafına əsaslı təkan verən ali keyfiyyətlərin daşıyıcısı olan qadınlar anlaşılmaz bir ədalətsizliklə uzun əsrlər boyu elementar hüquqlardan da məhrum ediliblər.

 

Gender bərabərliyi -insan hüquqlarına yüksək ehtiram ifadəsi

 

Qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki gender bərabərliyi - qadın və kişilər arasında bərabərliyə deyilir və aşağıdakıları nəzərdə tutur: bərabər maddi rifah; bərabər imkanlar; dəyərlərin oxşar sistemi; qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak; resurslara və qazanclara bərabərhüquqlu nəzarət. Gender bərabərliyi dedikdə, heç də kişi və qadının eyni cür davranışı nəzərə alınmır. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Yəni, insanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalı, eyni zamanda, gender bərabərliyi kişilərin diskriminasiyasını və izolyasiyasını nəzərdə tutmamalıdır.

Gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı ziyanlı stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür.

 

Bərabərlik naminə birgəlik

 

Gender bərabərliyi uğrunda hərəkat ötən əsrin ikinci yarısından etibarən bütün dünyanı əhatə etməyə başlayıb. Problemin miqyası və aktuallığı hətta dünyanın siyasi atmosferini müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT, Avropa Şurası kimi mühüm təşkilatları da bu istiqamətdə səyləri gücləndirməyə sövq edib. BMT 1952-ci ildə "Qadınların siyasi hüquqları haqqında", 1962-ci ildə "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında", 1979-cu ildə isə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyaları qəbul edib. Bu sənədlərdə siyasi və dövlət əhəmiyyətli qərarların qəbulu prosesində qadınların kişilərlə balanslaşdırılmış iştirakının təmini sahəsində hökumətlərin məsuliyyəti və rolu əksini tapıb.

BMT Baş Assambleyası 1975-ci ildən 1985-ci ilə qədər olan dövrü "Qadın hüquqlarının onilliyi" elan edib. 1975-ci ildən sözügedən təşkilatın təşəbbüsü ilə Mexiko, Kopenhagen, Nayrobi və Pekində qadınların statusuna həsr olunmuş dörd qlobal konfrans təşkil edilib. Bu konfranslar beynəlxalq ictimaiyyətin diqqətini cinslər arasında qeyri-bərabərlik probleminə yönəldib.

Bir neçə gün əvvəl Bakıda təşkil olunmuş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da müasir dünyada qadın hüquqlarının müdafiəsi sahəsində mövcud durumun müzakirəsi və təhlili, adekvat qərarların qəbulu baxımından mühüm əhəmiyyətə malikdir. Avropa Şurasına üzv dövlətlərin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərlərinin, xaricdən, o cümlədən ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqların, dövlət orqanlarının, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri tədbirə Bakının ev sahibliyi etməsi təsadüfi görünmür. Azərbaycanda cəmiyyətin bütün həssas zümrələri kimi qadınların da hüquqlarının etibarlı müdafiəsinə çevrilən, onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu gün eyni zamanda dünyada gender bərabərliyi uğrunda hərəkatın ön cərgəsində addımlayır. Son illər məhz Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı bir sıra tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması kimi məsələlər prioritet müzakirə mövzusu olmuşdur.

 

Mentalitetimiz qadına yüksək dəyər verir

 

Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs hədislərdə və "Qurani-Kərim"də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərinin birində buyurur: "Qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır".

Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən kamil qadın obrazlarının bədii təsviri verilir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud" boylarının qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Dahi Nizami əsərlərində Məhinbanu, Nüşabə, Şirin, əfsanəvi Fitnə kimi mükəmməl obrazlar yaradıb. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümünə çevrilib.

Tarixin konkret dönəmlərində Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olublar. Uzağa getməyək, elə Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstəriblər. 1918-ci ildə seçki hüququ qazanan Azərbaycan qadını XX əsrdə bir neçə əsrə bərabər inkişaf yolu keçib. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradır.

Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın layiq olduğu uca mövqeyə yüksəlmişdir. 1993-cü ilin iyununa qədər respublikanın üzləşdiyi ağır məhrumiyyətləri - xaos və anarxiya mühitini, sosial-iqtisadi, siyasi, mənəvi böhranı, qan-qadanı taleyində yaşamağa məhkum olmuş xanımlarımız rahat nəfəs alaraq böyük nikbinlik və ümidlə ictimai-siyasi həyatda fəallıq göstərməyə başlamışlar. Ulu öndər Heydər Əliyev Azərbaycan qadınının müsbət keyfiyyətlərini daim xüsusi vurğulamış, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmışdır. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli lider onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".

 

Gender bərabərliyinə etibarlı hüquqi zəmin

 

Ulu öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olmaqla respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini hər zaman ən ali dəyər kimi qiymətləndirən ümummilli liderin yüksək iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın sosial-iqtisadi, siyasi, mədəni həyatında əldə olunmuş yüksək tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, gender bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac verib.

Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.

Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 15 ildə beynəlxalq təcrübə də dərindən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Bu müddətdə respublikamız BMT-nin müvafiq konvensiyalarına imza atıb, eyni zamanda, 2001-ci ildə təşkilatın Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2002-ci ildə isə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub. 2001-ci ildən isə Avropa Şurasının tamhüquqlu üzvünə çevrilmiş respublikamız təşkilat çərçivəsində qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasibətlərini genişləndirir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub.

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.

2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir.

Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirib. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb.

Hazırda ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. 1995-ci ildə ulu öndərin tövsiyəsi ilə YAP Qadınlar Şurasının yaradılması da bunun təsdiqidir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün də etibarlı zəmin formalaşdırır. Bu baxımdan 2007-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir.

 

Qadın hüquqlarının etibarlı hamisi

 

Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun şəxsində Azərbaycan qadınının YUNESKO və İSESKO kimi mötəbər qurumlarda etibarlı nümayəndəsi, nəcib və xeyirxah elçisi vardır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani ifadəsidir.

Bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir.

2008-ci ilin yayında Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Mehriban xanım Əliyeva, eyni zamanda, Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulayıb: "Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir".

 

Məişət zorakılığına yox!

 

Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı isə göstərir ki, cinslərarası bərabərlik, hörmətin, sivil münasibətlərin təmini bütün inkişaf etmiş dövlətlərin və təşkilatların prioritet kimi müəyyənləşdirdiyi, yüksək dəyər verdiyi məsələlərdən biridir. Gender məsələlərinə həsr olunmuş beynəlxalq miqyaslı tədbirin Bakıda keçirilməsi həm də onu göstərir ki, respublikamızda qadın hüquqlarının təmini sahəsindəki ümumi durum hazırda beynəlxalq təşkilatları da tam razı salır.

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunda da xüsusi vurğulandığı kimi, gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə real gender bərabərliyinə nail olunması üçün qüvvələrini əsirgəmirlər.

Bu gün regionda sülh və sabitliyə, təhlükəsizliyə ciddi problem yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ən böyük mənəvi-psixoloji zərbə alan məhz qadınlar olub. Dəhşətli haldır ki, bu gün yüz minlərlə qadın, qız, uşaq münaqişə nəticəsində doğma torpaqlarından məcburi köçkün düşüb, minlərlə qadın qətlə yetirilib, girov götürülərək olmazın işgəncələrə məruz qalıb. Gender bərabərliyini önə çəkən beynəlxalq təşkilatların və dövlətlərin bu faktlara biganə və etinasız qalması isə son dərəcə təəssüf doğurmaqla yanaşı, ikili standart yanaşmaların nəticəsidir. Dövlət başçısının konfrans iştirakçılarına təbrik məktubunda bu və digər faktlar da təəssüf hissi ilə önə çəkilir: "...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün əksəriyyətini təşkil edən qadınlarımızın ən kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq, həmin insanların doğma yurdlarına qayıtması istiqamətində göstərilən səylər də hələlik nəticəsiz qalmışdır".

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva konfransdakı dərin məzmunlu çıxışında doğru olaraq bildirdi ki, bu gün qadınları gender bərabərliyi sahəsində ümumi məqsədlərə nail olmaq yönümündə beynəlxalq hərəkatlara fəal cəlb etməyə ciddi ehtiyac yaranıb. Azərbaycanın birinci xanımı bütün qadınları bu sahədə dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinə qarşı mübarizə aparmağa çağırdı.

Gender bərabərliyini demokratik cəmiyyətin mühüm əsaslarından biri kimi dəyərləndirən Azərbaycanın birinci xanımı həmçinin vurğuladı ki, XX əsrdə tərəqqipərvər dünya dövlətləri bu sahədə mühüm irəliləyişlərə nail olublar. Ziyanlı ənənələr və etik davranış qaydaları, qadınlara qarşı ayrı-seçkilik halları əsaslı şəkildə aradan qalxıb. Gender probleminin ciddiliyi müxtəlif ölkələrdə tam şəkildə qavranılır və yalan stereotiplərin aradan qaldırılması prosesinə başlanıb. Bütün bunları diqqətə çəkən Mehriban xanım Əliyeva onu da bildirdi ki, Avropanın inkişaf etmiş bir sıra ölkələrində gender ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı uğurlu milli siyasətin formalaşdırılması, kişi ilə qadın arasında real sosial bərabərliyin bərqərar olunması sahəsində zəngin təcrübə vardır. Bu gün müasir Avropa cəmiyyətində qadınlar demək olar ki, bütün ictimai sahələrdə, o cümlədən ən mürəkkəb, ənənəvi kişi peşələrində fəaliyyət göstərirlər. Onlar dünyada biznes, maliyyə işlərində və hərbi sahədə fəal rol oynayırlar. Qadınlar problemlərin həllinə xüsusi diqqət yetirərək siyasətdə də iştirak edirlər. Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, qarşımızda duran məsələlər hələ də çoxdur. Bir çox qətnamə və qərarlar hələ də yerinə yetirilməyib.

Azərbaycanda qadın hüquqları uğrunda mübarizənin uzun tarixə malik olduğunu xatırladan Heydər Əliyev Fondunun prezidenti çıxışında həmçinin bildirdi ki, respublikamız bu sahədə böyük nailiyyətlər əldə edib. "XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu vermişdir. Bu, bir çox digər Qərb ölkələrindən fərqli olaraq, əvvəl baş vermişdir. XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar".

Şübhəsiz, respublikamızda qadın hüquqlarına yüksək hörmət, ilk növbədə, xalqın əsrlər boyu formalaşan milli-mənəvi, əxlaqi dəyərlərindən irəli gəlir. Azərbaycanlı ailə modelində qadın və kişinin yeri, hüquqları, vəzifələri qarşılıqlı anlaşma və hörmət şəraitində müəyyən olunmaqla, həm də mental keyfiyyətlərə əsaslanır. Qadın ailədə kişinin mənəvi üstünlüyünü, ümumi razılıq əsasında qərar vermək üstünlüyünü qəbul edir. Təhsili, intellektual səviyyəsi, dünyagörüşü geniş olan kişi isə, öz növbəsində, qadınların cəmiyyətdə özünü təsdiq etmək, işləmək, təhsil almaq, karyera qurmaq istəyinə qarşı çıxmır. Ən başlıcası, qadınların kişilərlə bərabər hüquqlarına bu gün Azərbaycanın milli qanunvericiliyi və ölkə iqtidarının siyasi iradəsi də tam təminat yaradır.

Bununla belə, respublikamızda müəyyən köhnə ənənə və stereotiplərin təsiri altında gender bərabərliyi sahəsində müəyyən problemlərin mövcudluğu da etiraf olunmalıdır. Təqdirəlayiq haldır ki, Mehriban xanım Əliyeva "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda konfransda bu və digər problemlərə də toxunub, qarşıda duran vəzifələrdən söz açıb. Azərbaycanın birinci xanımı məlum münaqişənin doğurduğu fəsadlarla yanaşı, respublikamızda məişət zorakılığı hallarının olduğunu da qeyd edib.

Demokratik cəhətdən inkişaf etmiş ölkələrdə belə, özünü ciddi sosial bəla kimi göstərən məişət zorakılığı fiziki, psixoloji, maliyyə, iqtisadi, sosial və başqa vasitələrdən istifadə yolu ilə insanın digərinə öz iradəsini qəbul etdirmək cəhdi və bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətdir. Zorakılıq bir kəsin gücündən, sosial statusundan, yaxud xidməti vəzifəsindən istifadə edərək başqalarını qəsdən incitməsi, şərəf və ləyaqətini alçaltmasıdır. Zorakılığa - zorakılıq hədələri, habelə insana zərər vura bilən digər hərəkətlər daxildir. Bu qeyri-insani davranış forması insanların əqli inkişafına, ümumi sağlamlığına və rifahına vurulmuş zərər də ola bilər. Zorakılığa, həmçinin insanların özlərinə bilərəkdən zərər verməsi, o cümlədən özünəqəsd halları da daxildir. Psixoloqların rəyinə görə, fiziki və psixoloji zora məruz qalan insanlar depressiya, aqressiya, stress keçirir, özlərinə qapanır, digərləri ilə münasibət qurmağa, cəmiyyətə inteqrasiya etməyə meyilli olmurlar.

Azərbaycanın birinci xanımı tədbirdəki çıxışında demişdir ki, belə halların qarşısının alınması üçün Milli Məclisdə "Məişət zorakılığı haqqında" qanun layihəsi hazırlanır: "Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır. ...Məişət zorakılığı haqqında qanun layihəsi Milli Məclisdə artıq oxunuşdan keçmişdir. Əminəm ki, bu qanun yaxın vaxtlarda qəbul olunacaqdır".

Ümumilikdə, Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı kifayət qədər səmərəli müzakirələrlə, qərarlarla yadda qaldı. Tədbirin gedişi həm də onu göstərdi ki, hazırda bütün dünya dövlətləri gender bərabərliyinin təmini sahəsində yeni imkanlar arayır, bu sahədə səylərini birləşdirməyə çalışırlar. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə tarixən formalaşmış zəngin ənənələri ilə həm bu prosesdə yaxından iştirak etmək, həm də gender bərabərliyinin təmini sahəsində mütərəqqi dünya təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir.

 

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının

sədri, filologiya elmləri

doktoru, professor

 

Azərbaycan.- 2010.-5  iyun- S.  5.