Ülviliyə qanadlanan nəğmələr

 

Niyaməddin Musayevin adı çəkiləndə biz nəslin yaddaşında qəribə bir xiffət oyanır. Ürəyimizin min həvəsli arzularla çırpındığı zamanlarda Niyaməddinin özünəməxsus nəfəslə oxuduğu "Şahnaz"ı duyğularımızı dara çəkirdi:

 

Deyin hardadı, o üzü dönük,

Sevən ürəyim onu soraqlar!

 

İlk baxışda bəlkə də adi sözlərdir. Amma Niyaməddini dinləyənlər gözəl duyurlar ki, bu misralar onun qəribə səsinin qəmli ahəngində necə əfsuna dönürdü. Sanki səs görünürdü, səs alışıb yanırdı. Bir dilim alova çevrilib köksümüzə köz kimi sıxılırdı. Ürəkdən qəm alan bu haray kimi kövrəltmirdi?! Kövrəlmək də təzələşmək, yeniləşmək deməkdir. Tələbə vaxtı mənə elə gəlirdi ki, "Şahnaz" Niyaməddinin zirvəsidir. Ondan sonra nə oxusa, o mahnılar həmin zirvənin ətəklərinə belə çatmaz. Əlbəttə, elə o zaman da Niyaməddin orijinal üslubda, bir-birindən həzin, könüldə qalan mahnılar oxuyurdu. Bununla belə, Niyaməddin Musayevin yaradıcılığında "Şahnaz"ın yeri bambaşqa idi.

Sanki bütün bunların acığına günlərin birində Niyaməddin Musayev Azərbaycanın böyük şairi Məmməd Arazın sözlərindən ibarət yeni bir mahnısını oxudu:

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da, qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya mənim, dünya sənin, dünya heç kimin.

 

Nə qəribə etiraz, nə qəribə sevgi! Olumla ölüm arasındakı bir addımlıq yolda göyərmiş və qara günləri bu qədər aydınlığı ilə eşidənin duyğularına necə ələyirdi Niyaməddin?! Yoxsa növbəti zirvəsi idi bu mahnı?! Duydum ki, əsl həqiqət başqadır. Əslində sənətdə son zirvə olmur. Ümummilli lider Heydər Əliyev Niyaməddin Musayevin nəfəsindən qopan bu mahnını çox sevirdi. Görüşlərinin birində ulu öndər arzusunu dilə gətirərək demişdi: "Niyaməddin, sənin Məmməd Arazın sözlərinə bir mahnın var e, "Dünya sənin, dünya mənim, dünya heç kimin". Çox gözəl oxuyursan. Deyəsən, musiqisini də özün bəstələmisən?" Müğənni də təvazökarcasına başını aşağı salaraq "bəli" - dedi. Gözlərimizdən çəkilməyən bu görüşdə ulu öndərimiz mahnı janrı ilə bağlı çox qiymətli fikirlər söylədi.

Niyaməddin Musayev ruhumuzun müğənnisidir. Pərəstişkarlarının qəlbində onun nəğmələrinin öz yeri, öz yozumu var. Əgər oxuyan Niyaməddindirsə, eşidəni sevindirən ancaq budur. Yəni ifasındakı nəğmələrin bir o qədər də fərqinə varılmaz. Təbii, bu, başqa məsələdir ki, ürəyimizdən hansı nəğmə də keçərdi. İfa etdiyi mahnıların hamısına elə bil ki, əbədilik olaraq öz mənəvi möhürünü vurub. Nəfəsində duyduğumuz şərqilər özgə ifada bizə çatmaz. Elə müğənninin ən böyük sənət qələbəsi də budur: özü olmaq! Bəzən deyirlər ki, bu, ancaq müəllif mahnılarının ifaçısına məxsusdur. Xalq mahnılarını hamı eyni avazla oxuya bilir. İstər-istəməz Qədir Rüstəmovun "Sona bülbüllər"i yada düşür, Fatma Mehrəliyevanın "Kəsmə şikəstə"sini xatırlayırıq. Təkrarı, əvəzi varmı? Həyatda hər kəs ömrünü yaşadığı kimi, mahnı ifaçılığında da hər bir müğənni məhz öz izini qoyur, öz sözünü deyir.

Bəs ilk mahnısını nə vaxt oxuyub Niyaməddin Musayev? Dediyinə görə, bu, orta məktəb illərində "Şuşa laylası" adlı mahnı olub. Nə qədər dəqiqdi bu cavab, bilmirəm. Bildiyim odur ki, Niyaməddin dünyaya gəldiyi gündə elə ilk nəğməsini oxuyub. Onda nə söz bilirdi, nə musiqi anlayırdı. Bir körpə qığıltısı ilə oxuyub ilk nəğməsini, dünyanın ən gözəl, ən təmiz, ən bənzərsiz şərqisini! İlk musiqi dərsini də elə onda anasının laylalarından alıb.

Müğənninin uşaqlıq illəri İmişlidə keçib. O, 1940-cı ildə bu şəhərdə doğulub, orta təhsilini alıb, elə o çağlarda da qəlbində bir niskil göyərib. Atasını erkən itirib. Görünür, bu da taleyin amansız qəsdidir ki, səni başqalarından tez seçir, fərqləndirir. Səni yaşıdlarından da tez sınağa çəkir. Həyatın bu dərdli, əzablı yollarından Niyaməddin öz səsinə sığınaraq keçib. Bir də gözlərini açıb ki, Bakıdadır. İlk konserti də 1970-ci ildə olub. O günün həyəcan və uğurlarını indiyədək unutmayıb. 1974-cü ildə isə bizi bizdən qoparan "Şahnaz" təsnifini oxuyub. Məhz şəhərin ünvanına yol açdığı günlər də o ildən başlayıb. O mahnı unudulmaz müğənnimiz, böyük sənət ustası Şövkət Ələkbərovanın da çox xoşuna gəlib. Təbiətindəki xeyirxahlıq, istedada kömək etmək, qolundan tutmaq xüsusiyyəti onu rahat buraxmayıb. Filarmoniyanın direktorundan xahiş edib ki, Niyaməddin Musayevin solo konsertinin keçirilməsinə icazə versin. İndi o günləri həzin duyğularla xatırlayan Niyaməddin Şövkət xanımın özünəməxsus mərdliyini, böyüklüyünü ehtiramla yad edir: "Proqrama Şövkət xanımla mənim birgə konsertim salındı. Konsertin başlanmasına bir neçə dəqiqə qalmışdı. Rəhmətlik zala baxıb mənə dedi: "Nə qədər adam gəlib? Neçə illərdir mən oxuyuram, bu qədər tamaşaçı görməmişəm. Hamısı sənin səsinin işığına yığışıb". Şövkət xanım belə ürək sahibi olmaqla yanaşı, sənətə, sənətçiyə qiymət verməyi bacaran, onu gərəyincə duyan fədakar insan idi. Sizə deyim ki, rəhmətlik Sara xanım Qədimova da belə mərd idi. Açığı, sənətkar qadınlarımız sənəti qiymətləndirməkdə kişilərdən daha çox fərqlənirlər. Onlarda bizlərə qarşı sənət qısqanclığı olmur".

Niyaməddin Musayev 1978-ci ilə kimi müxtəlif xalq çalğı alətləri ansamblında muğam ifaçısı kimi çıxış edib. Məhz həmin ildə "Röya" instrumental ansamblının yaradılması isə musiqi aləmində yeni bir sənət cığırı oldu. "Oxuyur Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Niyaməddin Musayev". Bir neçə il Niyaməddini məhz belə təqdim etdilər. O, əslində üzünü bütün Azərbaycana tutub oxuyurdu. Onu yurdumuzda hamı sevirdi. Niyaməddin başdan-başa Azərbaycan torpağının vurğunu idi. O, muğamlarımızı da, xalq mahnılarımızı da özünəməxsus şəkildə ifa edirdi. Bu həqiqəti hamı bildiyi halda onun sənətinə uzun müddət laqeydlik oldu və birdən-birə ona məhz belə bir fəxri ad necə verildi? Niyaməddin Musayevin söylədiklərindən: "1991-ci ildə Naxçıvana konsert verməyə getmişdik. Heydər Əliyev də Naxçıvanda Ağsaqqallar Şurasının sədri idi. O vaxt rəhmətlik Afiyəddin Cəlilov da orada işləyirdi. Xəbər gətirdilər ki, Afiyəddin müəllim səni görmək istəyir. Görüşdük, məni çox mehribanlıqla qarşıladı və dedi: "Niyaməddin, xalq səni çox sevir. Bu gün konsertə Heydər Əliyev də gələcək. Proqrama nəzər salsan, pis olmaz". Bu, mənim üçün gözlənilməz xəbər oldu. Çünki o vaxta kimi heç bir dövlət nümayəndəsinin, tanınmış siyasi xadimin qarşısında oxumamışdım. Heydər Əliyev içəri daxil olanda bütün salon ayağa qalxdı. Əvvəlki şövqlə, əvvəlki ehtiramla adamlarla salamlaşdı. Doğrudur, bu qəfil görüşə sevinsəm də, çox həyəcanlanmışdım. Asan deyil, ulu öndər Heydər Əliyev böyük səhnələr, böyük müğənnilər görüb, dünyanın "mənəm-mənəm" deyən sənətçilərini dinləyib. İndi belə bir şəxsiyyətin qarşısında mənim çıxış etməyim... Böyük məsuliyyət hissi duyurdum. Konsert yüksək səviyyədə keçdi. Qüdrət Quliyev (o vaxt muxtar respublikada ikinci katib işləyirdi) səhnəyə çıxdı. Mənə "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri diplomunu təqdim etdi. Yaman təsirləndim. İnanın, təşəkkür etməyə dilim də söz tutmadı. Konsertdən sonra Heydər Əliyev yaradıcı kollektivimizlə görüşdü. Bir daha ulu öndərin yaddaşına və sənət duyumuna məftun oldum. Mənim üçün unudulmaz bir gün də Bakıda qismətimə çıxdı. Heydər Əliyevin Prezident seçilməsi ilə bağlı andiçmə mərasimi ilə əlaqədar təşkil olunmuş konsert proqramında mən də iştirak edirdim. Ümumiyyətlə, ulu öndərin mənim boynumda böyük haqqı var. Aldığım bütün fəxri ad və mükafatlarda bu böyük insanın razılığı və imzası var. İndi xalq artistiyəm. Hər dəfə bu ad səslənəndə inanın, birinci olaraq Heydər Əliyevi xatırlayıram. Bəlkə də elə o səbəbdəndir ki, oxuduğum "Millət atası" mahnısı eşidənlər tərəfindən rəğbətlə qarşılanır. Çünki ürəyimin bütün məhəbbətini, həsrətini mən bu nəğmə ilə dilə gətirirəm".

Bizim böyük şairlərimizdən Bəxtiyar Vahabzadə, Məmməd Araz Niyaməddin Musayevin səsini çox sevirdilər. Müğənninin Bəxtiyar Vahabzadənin "Kölgəm qədər yaxınsan" şeirinə bəstələdiyi mahnı da rəğbətlə qarşılandı və sevildi. Rəhmətlik Bəxtiyar Vahabzadə söyləyirdi: "Sözlə demək istədiyim hissləri Niyaməddin səslə elə gözəl, heyranedici ifa edib ki..."

Niyaməddin Musayev oxuyanda tənhalıq, özünə çəkilmək istəyirsən, duyğularınla baş-başa qalmaq arzusunda olursan. Bir-birinə bənzəyən və bənzəməyən o qədər müğənni var ki?! Neçə-neçə gözəl nəfəsli ifaçımız barəsində "bənzərsizdi", "təkrarsızdı" demişik. Bu sözlərin həqiqiliyinə şübhə yox. Çünki belə ifadələri çoxumuz işlətmişik. Məsələ ondadır ki, Niyaməddin Musayevi kiməsə bənzətmək, kiminləsə müqayisə etmək heç mümkün deyil. Çünki onun sinəsindən qopan adi səs deyil. Sanki dəhşətli hüzndü, dərin kədərdi birləşərək haray qoparır. Bütün varlığı, mahnıları və musiqisi ilə Niyaməddin Musayev ancaq özüdür. Mahnı var ki, ürək oxşayır, qəlbə yatır, neçə-neçə xatirə oyadır, səni gah kövrəldir, gah da sevindirir. Mütəxəssislər ki, yəqin ki, razılaşarlar. Niyaməddinin ifa etdiyi mahnılar bunların heç biri deyil. Niyaməddin hüznü, Niyaməddin kədəri (məhz hüznü, kədəri, səsi yox) adamın ruhunu tərpədir, ölüb-dirilirsən. Varlığımızı silkələyən, bizi titrədən bu, nə möcüzədir? Baş açmırsan.

Xalq artistinin mahnı seçməkdə də öz yolu var. Şeiri müəllifə görə yox, müəllifi şeirə görə tapır. Dəfələrlə olub ki, cırılmış qəzet parçalarından misralar, şeirlər götürüb. Müəllifi kimdir, bilməyib, xoşuna gəlib, musiqi qanadı verib. Belə nəğmələrdən biri:

 

Danlayıb özümü, küsdüm özümdən,

Yalançı bir eşqə mən inanmışam.

Səndən yox, incidim iki gözümdən,

Onlara aldanıb oda yanmışam.

 

İlk nəğməsini oxuyan gündən ürəyinin odunu nəfəsinə, səsinə sıxaraq ülviliyə qanadlanan mahnılar oxuyub Niyaməddin Musayev. Gəncləri sevgiyə, həyata, məhəbbətə çağırıb. Bütün dinləyənləri yaşından asılı olmayaraq gözəlliyə, ucalığa, zirvələrə səsləyib. Bəlkə də buna görədir ki, onun mahnıları qulaqlıq deyil, ürək və könül ünvanlıdır!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 5 iyun- S.  7.