Təhsil cəfakeşi
Sədərək rayonunun mərkəzində - Heydərabad qəsəbəsində dərs deyən qabaqcıl müəllimlərdən biri Nazəndə Məcidli Laçında dünyaya göz açıb. Sonradan taleyinə qaçqın həyatı düşdüyünə görə orta təhsilini Bakı şəhərindəki 39 nömrəli orta məktəbi bitirib və yüksək balla BDU-nun tarix fakültəsinə daxil olub. Ali təhsil ocağını yaxşı və əla qiymətlərlə başa vurduqdan sonra yeddi il Bakıdakı Laçın məktəblərinin birində çalışıb. İki ildir ki, fəaliyyətini Heydərabad qəsəbəsində davam etdirir. Az müddət ərzində həmkarlarının və şagirdlərinin böyük hörmətini qazanıb. Həyat yoldaşı Fərid Məcidli də ali təhsillidir. 2001-ci ildə Heydər Əliyev adına Bakı Ali Komandirlər Məktəbini bitirib. Elə o vaxtdan da zabit kimi Naxçıvandakı "N" saylı hərbi hissədə xidmət edir.
Heydərabad qəsəbə məktəbini fərqləndirən cəhətlərdən biri odur ki, düşmənlə sərhəd xəttinin yaxınlığında yerləşir. Sinif otaqlarından, foyedəki pəncərələrdən düşmən mövqeləri aydın görünür.
520 şagird yerlik bu məktəb ötən əsrin doxsanıncı illərində inşa olunub. Milli zəmində münaqişələr başlananda onun da "qara günləri" başlanıb. Düşmənin ağır toplardan atdığı mərmilər binaya ciddi ziyan vurub. Bir çox hallarda isə məktəbdə dərs və məşğələlər dayandırılıb. Şagirdlər təhsillərini Sədərək kənd orta məktəbində davam etdiriblər. 2006-cı ildə qəsəbə orta məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ona yeni görkəm gətirib. Məktəbin qarşısında böyük meyvə bağı və süni örtüklü kiçik futbol meydançası salınıb. Yeniyetmələr asudə vaxtlarını burada keçirirlər.
Hazırda məktəb rayonun qabaqcıl təhsil ocaqlarından biri sayılır. Burada 104 şagirdin təlim-tərbiyəsi ilə 19 müəllim məşğul olur. Ötən il 14 məzundan 6-sı ali, 3-ü orta ixtisas məktəblərinə daxil olub. 2 məzun test imtahanlarından 500-dən yuxarı bal toplayıb. Qumral Qasımzadə 583 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasına, Murad Məmmədov isə 514 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Əvvəlki il 9 məzundan 5-i tələbə adını qazanıb.
Məktəbin direktoru Nadir Quliyev deyir ki, cari ilin nəticələri daha sevindirici olacaqdır. Burada öz peşəsini ürəkdən sevən, ona qəlbən bağlanan müəllimlər çoxdur. Onlardan dörd nəfəri Naxçıvan şəhərindəndir. Yerli hakimiyyət orqanlarının köməyi ilə onlar mənzillə təmin olunub. Direktor Nazəndə müəllimə haqqında da xoş sözlər söylədi.
Nazəndə müəllimədən, - sərhəd bölgəsində yaşayıb və işləmək çətin deyil ki, - deyə soruşduqda bildirdi ki, Laçın da düşmənlə üzbəüz sərhəddə yerləşir. O vaxt orada silahlardan açılan atəşləri, törədilən vəhşilikləri hələ də unutmayıb. O illər uşaq idim, qorxurdum. Amma indi şükürlər olsun ki, düşmənə cavab verməyə qadir ordumuz var, nədən qorxacağam. Bura gələnədək Heydərabad qəsəbəsini belə yaraşıqlı və gözəl təsəvvür etməzdim. İki min nəfərə yaxın əhalisi olan qəsəbədə böyük infrastruktur tədbirləri həyata keçirilib. Çalışdığım orta məktəb də onlardan biridir. Hazırda qəsəbədə dövlət vəsaiti hesabına 20-ə yaxın müasir tipli, hər biri iki mərtəbədən ibarət olan fərdi evlərin tikintisi aparılır. 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək avtomobil yolunun beynəlxalq standartlar əsasında yenidən qurulmasına başlanılıb. Bütün bunlar məni də çox sevindirir.
Söhbət əsnasında öyrəndim ki, Nazəndə müəllimə elmi-tədqiqat işləri ilə də məşğuldur. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantıdır. "İslam və xristianlıq: dialoq və ziddiyyətlər" mövzusunda elmi tədqiqat işi üzərində çalışır. Nazəndə müəllimə yerli sakinlərin qonaqpərvərliyindən həvəslə danışdı. Dedi ki, qəsəbədə uşaq bağçası olmadığı üçün məktəbə gedəndə iki körpəsini qonşularına əmanət edir, onlara qayğı ilə baxırlar.
Hər bir azərbaycanlı kimi onun da ən böyük arzusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edilməsini görməkdir.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2010.-5
iyun- S. 7.