Dövlətin inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən siyasət uğurlu bəhrələr verir

 

Azərbaycanda iqtisadi inkişafın davamlı və ildən-ilə daha dinamik olacağı barədə hələ bir neçə il əvvəl söylənilən fikirlər, irəli sürülən proqnozlar öz təsdiqini tapır. Reallıqlar isə ondan ibarətdir ki, Azərbaycan artıq neçə illərdir ki, iqtisadi inkişaf templərinə görə dünya liderlərindən biridir. Son 2-3 ildə bir çox dövlətlər beynəlxalq iqtisadi və maliyyə böhranının ağır təsirlərinə məruz qaldıqları halda, respublikamız bu sınaqdan minimum itki ilə çıxmış, bütün makroiqtisadi göstəricilər üzrə inkişafa nail olmuşdur.

Azərbaycanın iqtisadi uğurları ondan xəbər verir ki, ulu öndər Heydər Əliyevin dövlətin inkişafını, xalqın yaxşı yaşamasını özündə əks etdirən ideyaları həyata vəsiqə qazanır, banisi olduğu neft strategiyasının təntənəsi ölkəmizin milli maraqlarına, vətəndaşlarımızın sosial rifahına xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ideyalardan çıxış edərək həyata keçirdiyi yeni iqtisadi inkişaf strategiyasının dərin elmi və iqtisadi nəzəriyyələrə əsaslanması, iqtisadi inkişafa dair real prinsipləri özündə əks etdirməsi respublikamızın iqtisadi inkişafına yeni nəfəs verir. Təbii ki, iqtisadiyyatda baş verən bütün keyfiyyət dəyişikliklərinin kökündə maliyyə imkanları dayanır. Əgər etibarlı maliyyə mənbələri olmasaydı, sərmayələr yatırılmasaydı, iqtisadi inkişafın indiki dinamikliyini təmin etmək mümkün olmazdı. 1993-cü ildən sonra Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycana xarici sərmayələrin yatırılması, son illərdə isə ulu öndərin neft strategiyasının təntənəsi olaraq respublikamızın özünün daxili maliyyə imkanlarının yaradılması xüsusi qeyd edilməlidir. 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev bu barədə deyib: "Ölkəyə böyük həcmdə xarici sərmayənin gətirilməsi nəticəsində bizim uzunmüddətli inkişaf strategiyamız təmin edildi. Heydər Əliyev neft strategiyasının bütün bu işlərin içərisində xüsusi yeri vardır. Bu strategiya bu gün də uğurla icra edilir və məhz bunun nəticəsində biz bu gün Azərbaycanda çox sürətli inkişafı görürük. Biz bu gözəl imkanlardan səmərəli şəkildə istifadə edə bildik. İqtisadiyyatımızın şaxələndirilməsi işində çox böyük uğurlara nail ola bildik. Neft-qaz amilindən çox uğurla və məharətlə istifadə edərək, ölkəmizin hərtərəfli inkişafına nail ola bildik".

Neft amilinin Azərbaycanın dinamik inkişafında böyük rol oynaması təbiidir. Amma dünyanın neftlə zəngin bəzi dövlətlərinin praktikasından məlum olduğu kimi, neft onlara heç də həmişə inkişaf, yaxşı həyat verməyib. Bu da ondan irəli gəlir ki, həmin ölkələrdə neft gəlirlərindən düzgün istifadə olunmayıb. Nəticə etibarilə həmin ölkələrdə neft gəlirləri iqtisadiyyatın inkişafına heç bir töhfə verməyib, əhali yoxsul vəziyyətdə qalıb.

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasətində prioritet istiqamətlərdən biri qeyri-neft sektorunun, sənayenin neftlə bağlı olmayan sahələrinin, kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu məqsədlə Azərbaycanın neft gəlirlərinin bir qismi bu sahələrə yönəldilir, o cümlədən regionlarda iqtisadiyyatın inkişafına ciddi diqqət yetirilir, investisiya layihələri uğurla icra edilir. Son illər ərzində iqtisadiyyata və iqtisadi inkişafa xidmət edən digər sahələrə on milyardlarla dollar vəsait qoyulub. Fərəhli haldır ki, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Məsələn, 2009-cu ildə iqtisadiyyatın və digər sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 7,4 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 79,9 faizini daxili investisiyalar təşkil etmişdir. Digər mühüm fakt ondan ibarətdir ki, ötən il ümumi investisiyanın 73 faizi, yəni, 5,4 milyard manatı qeyri-neft sektorunun inkişafı üçün istifadə edilib. Maliyyə imkanlarından ölkənin tələbatını ödəməkdən ötrü investisiya şəklində sənaye istehsalında, infrastruktur layihələrinin həyata keçirilməsində istifadə olunması həm iş yerlərinin açılması, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradır.

Digər tərəfdən, Azərbaycanda əldə edilmiş gəlirlər əmanət kimi çox etibarlı şəkildə saxlanılır və buna görə də son illərdə dövlətin maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın beynəlxalq maliyyə böhranından minimum itki ilə çıxmağının səbəblərindən biri də məhz kifayət qədər valyuta ehtiyatlarının olmasıdır. Həm keçən il, həm də bu ilin birinci rübündə ölkəmizin strateji valyuta ehtiyatları xeyli artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 22 milyard dollardan çoxdur. Bu rəqəm nəinki ildən-ilə, hətta aydan-aya artır. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə, uğurlu neft-qaz siyasəti buna imkan verir.

Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev sosial məsələlərin əksəriyyətinin öz həllini tapdığını, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılacağını bildirib: "Ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülübdür. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə, silinəcəkdir".

Azərbaycan iqtisadiyyatının inkişafının sosial problemlərin həllinə geniş imkanlar yaratdığı, bu istiqamətdə məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyi faktdır. Sosial siyasətin ən böyük uğurlarından biri ölkə üzrə yoxsulluğun səviyyəsinin azalaraq 11 faizə düşməsidir. İqtisadi tərəqqinin sosial problemlərin yoluna qoyulmasında mühüm rol oynamasının digər bariz nümunəsi yeni yaradılan iş yerləridir. 2004-cü ildən bu yana, ölkə üzrə 900 minə yaxın yeni iş yeri açılıb ki, bunun da böyük əksəriyyəti daimidir. Yeni iş yerlərinin açılmasının əsas səbəbi regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla yerinə yetirilməsi, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlığın təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal, emal, xidmət müəssisələrinin açılmasıdır.

Hazırda regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramı uğurla icra olunur. I Dövlət Proqramının həyata keçirilməsinin sanballı nəticələri onun davam etdirilməsi üçün yaxşı zəmin oldu. Bu dövlət proqramında qarşıya qoyulan məqsədlərin reallaşdırılması Azərbaycan iqtisadiyyatının yüksəlişində növbəti mərhələ olacaq. "Mən tam əminəm ki, ikinci regional inkişaf proqramının uğurlu icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas infrastruktur, sənaye, iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. İqtisadi inkişafın dinamikası onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə bəlkə də vaxtından əvvəl çatacağıq" - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycanın milli inkişaf strategiyasını dövrə uyğun həyata keçirən Prezident İlham Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti əminliklə deməyə əsas verir ki, dövlətimizin inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən siyasət ardıcıllıqla və böyük əzmlə həyata keçirilir.

 

 

Azərbaycan.- 2010.- 6 iyun- S.  1.