Fərdi məlumatlar haqqında
Azərbaycan Respublikasının
Qanunu
Bu qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun məqsədi
Bu qanunun əsas məqsədi
fərdi məlumatların toplanılmasının, işlənilməsinin
və mühafizəsinin qanunvericilik əsaslarını və
ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin
qayda və tələblərini, fərdi məlumatların
informasiya ehtiyatlarında formalaşdırılması, informasiya
sistemlərinin yaradılması, informasiyanın verilməsi və
ötürülməsi qaydalarını, bu prosesdə
iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini
və məsuliyyətinin əsaslarını müəyyən
etməkdən, əsas insan və vətəndaş
hüquqlarını və azadlıqlarını, o cümlədən
şəxsi və ailə həyatının sirrini saxlamaq
hüququnu müdafiə etməkdən ibarətdir.
Maddə 2. Qanunda istifadə olunan əsas
anlayışlar
2.1. Bu qanunda istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
2.1.1. fərdi məlumatlar -
şəxsin kimliyini birbaşa və ya dolayısı ilə
müəyyənləşdirməyə imkan verən istənilən
məlumat;
2.1.2. fərdi məlumatların
subyekti (bundan sonra - subyekt) - barəsində fərdi məlumatlar
toplanılan, işlənilən və mühafizə edilən,
kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən
fiziki şəxs;
2.1.3. fərdi məlumatların
informasiya sistemi - qanunvericiliklə müəyyən edilmiş
qaydada fərdi məlumatların toplanılmasını,
işlənilməsini və mühafizəsini təmin edən
informasiya sistemi;
2.1.4. fərdi məlumatların
informasiya ehtiyatları - qanunvericiliklə müəyyən
edilmiş qaydada və həcmdə fərdi məlumatların
informasiya sistemlərində, habelə ayrıca
toplandığı informasiya ehtiyatları;
2.1.5. fərdi identifikasiya
nömrəsi - fərdi məlumatların informasiya sistemlərinə
barəsində fərdi məlumat daxil edilən şəxsə
müəyyən edilmiş qaydada verilən və şəxs
barəsində müvafiq məlumatları birmənalı
müəyyən etməyə imkan verən vahid təkrarolunmaz
kod;
2.1.6. xüsusi kateqoriyalı
fərdi məlumatlar - fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə,
ailə həyatına, dini etiqadına və əqidəsinə,
səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;
2.1.7. fərdi məlumatların
toplanılması - subyekt barəsində fərdi məlumatların
sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə
edilməsi;
2.1.8. fərdi məlumatların
işlənilməsi - fərdi məlumatlar üzərində
aparılan əməliyyatlar (fərdi məlumatların
yazılması, sistemləşdirilməsi, təzələnməsi,
dəyişdirilməsi, çıxarılması,
adsızlaşdırılması, saxlanması,
ötürülməsi, məhv edilməsi);
2.1.9. fərdi məlumatların
mülkiyyətçisi (bundan sonra - mülkiyyətçi) -
qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların
informasiya sistemi və ya ehtiyatı üzərində tam
sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata
keçirən, fərdi məlumatların işlənilməsi
məqsədini müəyyən edən dövlət və
ya yerli özünüidarə orqanı, hüquqi və ya
fiziki şəxs;
2.1.10. fərdi məlumatların
operatoru (bundan sonra - operator) - fərdi məlumatların
toplanılmasını, işlənilməsini və
mühafizəsini həyata keçirən fərdi məlumatların
mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən
həcmdə və şərtlərlə həvalə etdiyi
dövlət və ya yerli özünüidarə orqanı,
hüquqi və ya fiziki şəxs;
2.1.11. fərdi məlumatların
istifadəçisi (bundan sonra - istifadəçi) - yalnız
özü üçün zəruri informasiyanın əldə
olunması məqsədi ilə səlahiyyətləri daxilində
mülkiyyətçi tərəfindən müəyyən
edilmiş qaydada və həcmdə fərdi məlumatlardan
istifadə hüququ verilmiş dövlət və ya yerli
özünüidarə orqanı, hüquqi və ya fiziki
şəxs;
2.1.12. fərdi məlumatların
yayılması - fərdi məlumatların kütləvi
informasiya vasitələri, habelə informasiya sistemləri ilə
açıqlanması və ya fərdi məlumatlarla şəxslərin
hər hansı digər üsulla
2.1.13. fərdi məlumatların
verilməsi - fərdi məlumatların qanunvericiliklə
müəyyən edilmiş qaydada sorğu əsasında maddi
daşıyıcılarla və ya informasiya texnologiyaları
vasitəsilə istifadəçilərə təqdim edilməsi;
2.1.14. fərdi məlumatların
toplanılmasına və işlənilməsinə qadağan
qoyulması - fərdi məlumatlarla əlaqədar istənilən
əməliyyatın dayandırılması;
2.1.15. fərdi məlumatların
adsızlaşdırılması - fərdi məlumatların,
onun subyektinin kimliyini müəyyənləşdirməyə
imkan verməyən vəziyyətə salınması;
2.1.16. fərdi məlumatların
transsərhəd ötürülməsi - fərdi məlumatların
qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının dövlət sərhədindən əlaqədar
beynəlxalq təşkilatlara, başqa ölkələrin
dövlət və ya yerli özünüidarə
orqanlarına, hüquqi və ya fiziki şəxslərinə
verilməsi;
2.1.17. fərdi məlumatların
məhv edilməsi - informasiya sistemində fərdi məlumatların
silinməsi, məzmununun sonradan bərpa edilməsi
mümkün olmayan vəziyyətə salınması və
ya fərdi məlumatlar olan maddi daşıyıcıların
məhv edilməsi.
2.2. Bu qanunda istifadə olunan
informasiya, informasiya texnologiyaları, informasiya sistemləri və
ehtiyatı, korporativ informasiya sistemi və digər
anlayışlardan informasiyanın toplanılması, işlənilməsi
və mühafizəsi sahəsində münasibətləri tənzimləyən
Azərbaycan Respublikasının qanunlarında müəyyən
olunmuş mənalarda istifadə olunur.
Maddə 3. Fərdi məlumatlar sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi
3.1. Fərdi məlumatlar sahəsində
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
bu Qanundan, habelə digər normativ hüquqi aktlardan ibarətdir.
3.2. Azərbaycan
Respublikasının milli təhlükəsizliyinin, habelə
qanunçuluğun təmin edilməsi məqsədi ilə, kəşfiyyat
və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinin
həyata keçirilməsi ilə əlaqədar fərdi məlumatların
toplanılması və işlənilməsi, dövlət
sirrinə aid edilən və milli arxiv fondunda toplanılan fərdi
məlumatların mühafizəsi qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən
edilir.
3.3. Bu qanunun müddəaları
fiziki şəxslər tərəfindən fərdi məlumatların
müstəsna olaraq şəxsi və ailə ehtiyacları
üçün toplanılmasına və işlənilməsinə
şamil edilmir.
Maddə 4. Fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin əsas prinsipləri
4.1. Fərdi məlumatların
informasiya ehtiyatlarının formalaşdırılması,
onların informasiya sistemlərinin yaradılması Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas
insan və vətəndaş hüquq və
azadlıqlarına riayət edilməklə, qanunçuluq,
konfidensiallıq, könüllülüyün məcburiliklə
uzlaşdırılması prinsiplərinə uyğun həyata
keçirilir.
4.2. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
prosesində insanın həyat və sağlamlığı
üçün təhlükə yaradılmasına, onun
şərəf və ləyaqətinin
alçaldılmasına yol verilmir.
II fəsil
Fərdi məlumatların kateqoriyaları, onların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin tənzimlənməsi
Maddə 5. Fərdi məlumatların hüquqi rejimi və
mühafizəsi
5.1. Fərdi məlumatlar
toplandığı andan mühafizə olunur və bu məqsədlə
daxilolma (əldə olunma) növünə görə
konfidensial və açıq kateqoriyalara bölünür.
5.2. Konfidensial fərdi məlumatlar
qanunvericilikdə nəzərdə tutulmuş tələblərə
uyğun səviyyədə mülkiyyətçi, operator və
bu məlumatlara giriş hüququ olan istifadəçilər
tərəfindən mühafizə olunmalıdır.
Konfidensial fərdi məlumatlar qanunla müəyyən
olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə
yalnız subyektin razılığı əsasında verilə
bilər.
5.3. Açıq fərdi məlumatlar
kateqoriyasına müəyyən olunmuş qaydada
adsızlaşdırılmış, subyekt tərəfindən
açıq elan olunmuş və ya ümumi istifadə
üçün yaradılmış informasiya sisteminə
subyektin razılığı ilə onun barəsində daxil
edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və
atasının adı daimi açıq fərdi məlumatdır.
Açıq kateqoriyalı fərdi məlumatların
konfidensiallığının təmin edilməsi tələb
olunmur.
5.4. Xüsusi kateqoriyalı məlumatlar,
onların xüsusiyyəti və bu Qanunun 11.1-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, konfidensial, həm də
açıq fərdi məlumatlar kateqoriyasına aid edilə
bilər.
5.5. Fərdi məlumatların
mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən
təmin olunmalıdır. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində fəaliyyət göstərən fiziki şəxslər
fəaliyyət müddətində və işdən
çıxdıqdan sonra həmin məlumatların
yayılmaması barədə yazılı iltizam verməlidirlər.
5.6. Telekommunikasiya, poçt
rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin
informasiya təminatını ödəmək məqsədi
ilə ümumi istifadəli informasiya sistemlərinə
subyektin yazılı razılığı əsasında onun
təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının
adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı,
telefon nömrəsi və elektron ünvanı,
yaşadığı və olduğu yer, ixtisası və
iş yeri, məşğul olduğu fəaliyyət
növü, ailə vəziyyəti, şəkli və digər
məlumatlar) daxil edilə bilər.
5.7. Fərdi məlumatlar
ümumi istifadəli informasiya sistemlərinə açıq
mənbələrdən daxil edildikdə həmin informasiya
sisteminin operatoru daxil edilən məlumatların tərkibini və
əldə edilmə mənbəyini subyektə bildirməlidir.
Bu məlumatlar subyektin, məhkəmənin və ya müvafiq
icra hakimiyyəti orqanının yazılı tələbi ilə
həmin informasiya sistemindən təxirə salınmadan
çıxarılmalıdır.
5.8. Mülkiyyətçi və
ya operator fərdi məlumatların mühafizəsinin (o
cümlədən təsadüfi və icazəsiz məhv
edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin
və digər halların qarşısının
alınmasının) təmin edilməsinə zəmanət
verən texniki-təşkilati tədbirlər görməlidir.
5.9. Fərdi məlumatların
mühafizəsinə dair tələblər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
5.10. Fərdi məlumatların
arxivləşdirilməsinə aid qaydalar Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə 6. Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
dövlət tənzimləməsinin əsas formaları
6.0. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində dövlət tənzimləməsi tədbirləri
aşağıdakılardan ibarətdir:
6.0.1. milli informasiya məkanının
fərdi məlumatlar bölümünün
formalaşdırılması və onun təhlükəsizliyinin
təmin olunması, bu sahədə təhdidlərin və
mühafizə səviyyəsinin qiymətləndirilməsi;
6.0.2. fərdi məlumatların
toplanılmasının və işlənilməsinin
hüquqi əsaslarının müəyyən edilməsi;
6.0.3. fərdi məlumatların
toplanılması və işlənilməsi zamanı əsas
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi;
6.0.4. fərdi məlumatların
toplanılması və işlənilməsi üzrə fəaliyyətin
lisenziyalaşdırılması;
6.0.5. fərdi məlumatların
informasiya sistemlərinin dövlət qeydiyyatının
aparılması;
6.0.6. fərdi məlumatların
informasiya sistemlərinin, habelə müvafiq informasiya
texnologiyaları vasitələrinin
sertifikatlaşdırılması;
6.0.7. fərdi məlumatların
informasiya sistemlərinin yaradılması və tətbiq edilməsi
sahəsində hüquqi və texniki sənədləşdirmənin
standartlaşdırılması;
6.0.8. fərdi məlumatların
informasiya ehtiyatlarının və sistemlərinin və
onların layihə sənədlərinin dövlət
ekspertizasının həyata keçirilməsi;
6.0.9. dövlət idarələrarası
fərdi məlumatların informasiya sistemlərinin
yaradılması və idarə edilməsi sahəsində
dövlət tənzimləməsi.
III fəsil
Subyektin hüquqları
Maddə 7. Subyektin hüquqları
7.1. Subyekt
aşağıdakı hüquqlara malikdir:
7.1.1. informasiya sistemində
özü barəsində fərdi məlumatların
mövcudluğu, onların mülkiyyətçisi və ya
operatoru haqqında məlumat almaq;
7.1.2. informasiya sistemində
özü barəsində fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
üçüncü şəxslərə verilməsinin
hüquqi əsaslandırılmasını tələb etmək,
bu məlumatların toplanılmasının, işlənilməsinin
və üçüncü şəxslərə verilməsinin
subyekt üçün hansı hüquqi nəticələrə
səbəb olacağı barədə məlumat almaq;
7.1.3. informasiya sistemində
özü barəsində toplanılmış fərdi məlumatların
məzmunu ilə tanış olmaq;
7.1.4. informasiya sistemində
özü barəsində fərdi məlumatların
toplanılması və işlənilməsi məqsədini,
işlənilmə müddətini, üsullarını, onun fərdi
məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin,
o cümlədən məlumat mübadiləsi
aparılması nəzərdə tutulan informasiya sistemlərinin
dairəsini bilmək;
7.1.5. informasiya sistemində
özü barəsində toplanılmış və işlənilən
fərdi məlumatların dəqiqləşdirilməsini və
qanunvericiliklə müəyyən olunmuş hallar istisna
olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin
məlumatların müəyyən olunmuş qaydada arxivə
verilməsi barədə müraciət etmək;
7.1.6. özü barəsində
fərdi məlumatların toplanılmasına və işlənilməsinə
qadağan qoyulmasını tələb etmək;
7.1.7. informasiya sistemində
özü barəsində toplanılmış və işlənilən
fərdi məlumatların əldə edilməsi mənbələri
barədə məlumat almaq, həmin məlumatların
qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
7.1.8. informasiya sistemində
özü barəsində toplanılmış və işlənilən
fərdi məlumatların mühafizəsini tələb etmək;
7.1.9. özü barəsində
toplanılan və işlənilən fərdi məlumatların
olduğu informasiya sistemlərinin uyğunluq
sertifikatının mövcudluğu və dövlət
ekspertizasından keçirilməsi haqqında məlumat almaq;
7.1.10. bu qanunla və Azərbaycan
Respublikasının başqa normativ hüquqi aktları ilə
müəyyən edilmiş digər hüquqlardan istifadə
etmək.
7.2. Fərdi məlumatların
toplanılmasının və işlənilməsinin qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi xarakter
daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində
olan məlumatların toplanılmasına və işlənilməsinə
etiraz etmək hüququna malikdir. Subyektin etirazı mülkiyyətçiyə
və ya operatora yazılı surətdə təqdim
olunmalıdır. Subyektin etirazının əsaslandırılması
tələb olunmur. Mülkiyyətçi və ya operator həmin
etirazı aldıqda göstərilən fərdi məlumatların
toplanılmasını və işlənilməsini dərhal
dayandırmalıdır.
7.3. İnformasiya
texnologiyaları vasitəsilə fərdi məlumatların
toplanılması və işlənilməsi nəticəsində
qəbul olunan qərar subyektin mənafeyini pozduğu halda,
qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi
xarakter daşıdığı hallar istisna olmaqla, subyektin bu
məlumatların göstərilən üsulla
toplanılmasına və işlənilməsinə etiraz etmək
hüququ vardır. Mülkiyyətçi və ya operator fərdi
məlumatların informasiya texnologiyaları vasitəsilə
işlənilməsinə qarşı etiraz aldıqda, subyektdən
onun barəsində məlumatların digər üsulla işlənilməsinə
razılıq almalı və ya fərdi məlumatların
işlənilməsini təxirə salmadan
dayandırmalıdır.
7.4. Subyekt onun barəsində
fərdi məlumatların qanunsuz toplanılması və
işlənilməsi, mühafizəsinin təmin edilməməsi,
habelə bu Qanunun tələblərinə əməl
olunmaması nəticəsində onun hüquqlarının pozulduğu
hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə
şikayət etmək, habelə ona vurulmuş mənəvi və
maddi ziyanın ödənilməsini məhkəmə
qaydasında tələb etmək hüququna malikdir.
7.5. Subyekt bu qanunun
7.1-7.3-cü maddələrində göstərilən
hüquqlarını mülkiyyətçiyə və ya
operatora kağız formatında yazılı ərizə və
şəxsiyyətini təsdiq edən sənədi təqdim
etməklə və ya gücləndirilmiş elektron imzalı
elektron sorğu verməklə həyata keçirir.
IV fəsil
Fərdi məlumatların toplanılması və
işlənilməsi
Maddə 8. Subyektin özü barəsində fərdi məlumatların
toplanılmasına və işlənilməsinə
razılığı
8.1. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə
toplanılması və işlənilməsi halları istisna
olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların
toplanılmasına və işlənilməsinə yalnız
subyekt tərəfindən verilmiş yazılı, o cümlədən
gücləndirilmiş elektron imzalı elektron sənəd
formasında razılıq və ya özünün
yazılı təqdim etdiyi məlumatlar əsasında yol
verilir.
8.2. Subyektin fərdi məlumatların
işlənilməsi üçün yazılı
razılığa aşağıdakılar daxil edilməlidir:
8.2.1. subyektin kimliyini müəyyənləşdirməyə
imkan verən məlumatlar;
8.2.2. subyektdən
razılıq alan mülkiyyətçinin və ya operatorun
kimliyini müəyyənləşdirməyə imkan verən
məlumatlar;
8.2.3. fərdi məlumatların
toplanılması və işlənilməsi məqsədi;
8.2.4. subyekt tərəfindən
işlənilməsinə razılıq verilmiş fərdi məlumatların
və onların işlənilmə əməliyyatlarının
siyahıları;
8.2.5. subyektin
razılığının qüvvədə olma
dövrü və onun geri götürülməsi şərtləri;
8.2.6. fərdi məlumatların
müvafiq informasiya sistemində müəyyən olunmuş
saxlanma müddəti başa çatdıqdan və ya subyektin
ölümündən sonra onun barəsində
toplanılmış fərdi məlumatların qanunvericiliklə
müəyyən olunmuş qaydada məhv edilməsi və ya
arxivləşdirilməsi şərtləri.
8.3. Subyekt vəfat etdikdə,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz
itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan
hesab edildikdə, habelə yetkinlik yaşına
çatmadığı, özü razılıq vermək
iqtidarında olmadığı hallarda bu Qanunla tələb
olunan razılıq müvafiq olaraq onun vərəsələri,
qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən
biri tərəfindən verilir.
8.4. Subyektdən onun fərdi
məlumatlarının toplanılması və işlənilməsi
üçün razılığın alınması
haqqında sübutun təqdim olunması vəzifəsi
mülkiyyətçinin və ya operatorun üzərinə
düşür. Vəfat etmiş şəxslər barəsində
fərdi məlumatların işlənilməsinə subyektin
sağlığında qadağan qoyulmamışdırsa, həmin
məlumatlar qanunvericiliklə müəyyən olunmuş
hallarda işlənilə bilər.
8.5. Açıq fərdi məlumatların
toplanılmasını və işlənilməsini həyata
keçirən mülkiyyətçi və ya operator subyektin
tələbi ilə həmin məlumatların açıq fərdi
məlumatlar kateqoriyasına aid olduğunu sübut etməlidir.
Maddə 9. Fərdi məlumatların
toplanılmasının və işlənilməsinin əsas
şərtləri
9.1. Fərdi məlumatların
toplanılmasının və işlənilməsinin məqsədi
mülkiyyətçi və ya operator tərəfindən dəqiq
bəyan edilməli, həmin məlumatların
toplanılması və işlənilməsi bu məqsədlərə,
habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki
və təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi
məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən
olunmuş və bəyan edilmiş məqsədlər
üçün toplanılmalı və göstərilmiş
məqsədlərə uyğun üsullarla işlənilməlidir.
9.2. Toplanılan və
işlənilən fərdi məlumatların həcmi və
xarakteri bəyan edilmiş məqsədlərə və
mülkiyyətçilərin səlahiyyətlərinə
uyğun olmalıdır.
9.3. Fərdi məlumatlar dəqiq,
tam olmalı və zərurət yarandıqda təzələnməlidir.
9.4. Fərdi məlumatların
toplanılması və işlənilməsi məqsədlərinə
nail olunduqda və onların saxlanılması zərurəti
aradan qalxdıqda həmin məlumatlar təxirə
salınmadan məhv edilməlidir.
9.5. Fərdi məlumatların
bu qanunla müəyyən olunmuş toplanılması və
işlənilməsi şərtləri insan orqanizminin bioloji
xüsusiyyətlərini səciyyələndirən və
onun kimliyini birmənalı olaraq müəyyənləşdirməyə
imkan verən məlumatların - əl-barmaq və ovuc izləri,
üz təsviri, gözün qüzehli və tor
qişası, səs fraqmenti və onun akustik parametrləri,
dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən
ölçüləri, bədənin xüsusi əlamətlərinin
və qüsurlarının təsviri, yazı xətti və
imzası, habelə digər biometrik məlumatların
toplanılmasına və işlənilməsinə tam həcmdə
şamil edilir.
9.6. Fərdi məlumatların
toplanılması və işlənilməsi yalnız
aşağıdakı şərtlərdən biri olduqda həyata
keçirilə bilər:
9.6.1. subyekt fərdi məlumatların
toplanılmasına və işlənilməsinə öz
razılığını verdikdə və ya bu məlumatlar
açıq kateqoriyalı olduqda;
9.6.2. fərdi məlumatlar
onların toplanılması və işlənilməsi məqsədlərini
və üsullarını müəyyən edən
qanunvericilik əsasında işlənildikdə;
9.6.3. elmi və statistik tədqiqat
məqsədləri üçün fərdi məlumatlar
onların mütləq qaydada
adsızlaşdırılması aparılmaqla işlənildikdə;
9.6.4. fərdi məlumatların
toplanılması və işlənilməsi subyektin həyat
və sağlamlığını qorumaq üçün
lazım olduqda.
9.7. Xüsusi kateqoriyalı məlumatların
toplanılmasına və işlənilməsinə,
aşağıdakı hallar istisna olmaqla, yol verilmir:
9.7.1. xüsusi kateqoriyalı
məlumatların toplanılması və işlənilməsi
qanunla müəyyən olunmuş hallarda məcburi xarakter
daşıdıqda;
9.7.2. xüsusi kateqoriyalı
məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına aid
olduqda;
9.7.3. xüsusi kateqoriyalı
məlumatların toplanılması və işlənilməsi
subyektin, digər şəxsin və ya müvafiq şəxslər
qrupunun həyat və sağlamlığının
qorunması üçün zəruri olduqda və belə məlumatların
əldə olunması üçün subyektin
razılığının alınması mümkün
olmadıqda;
9.7.4. ictimai birliklərin və
digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə
aid olan xüsusi kateqoriyalı məlumatların
toplanılması və işlənilməsi həmin təşkilatlar
tərəfindən öz qanuni məqsədlərinə nail
olmaq məqsədi ilə və üçüncü şəxsə
subyektin razılığı olmadan verilməmək şərti
ilə aparıldıqda.
9.8. Bu Qanunun 9.7-ci maddəsində
nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların
toplanılması və işlənilməsi səbəbləri
aradan qaldırıldıqda həmin məlumatlara dərhal
qadağan qoyulmalı, xüsusi kateqoriyalı məlumatların
subyekti həmin məlumatların informasiya sistemində
saxlanmasına və ya arxivə verilməsinə
razılıq vermədikdə bu məlumatlar təxirə
salınmadan məhv edilməlidir.
9.9. Mülkiyyətçi fərdi
məlumatların toplanılmasını və işlənilməsini
müqavilə əsasında, fərdi məlumatların
mühafizəsinin təmin olunması şərti ilə
operatora həvalə etmək və ya özü operator kimi fəaliyyət
göstərmək hüququna malikdir.
9.10. Fərdi məlumatlara
dair ümumi istifadəli və korporativ informasiya sistemlərində
toplanılmış və işlənilən fərdi məlumatlar
ödənişli əsaslarla üçüncü şəxslərə
təqdim oluna bilər. Korporativ informasiya sistemlərində
toplanılmış və işlənilən fərdi məlumatların
ödənişli əsaslarla üçüncü şəxslərə
verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
9.11. Fərdi məlumatların
korporativ informasiya sistemlərində bu sistemlərdən
istifadə etmək hüququ olan istifadəçilərə
xidmət göstərilir.
9.12. İnformasiya sistemlərində
və ehtiyatlarında fərdi məlumatların
toplanılması, işlənilməsi, sorğuların verilməsi
və icrası, ərizələrin qeydiyyatının və
baxılmasının nəticələri, habelə informasiya
sistemlərinin idarə olunması və mühafizəsi ilə
bağlı əməliyyatlar barədə qeydlərin
müvafiq nəzarət-audit jurnallarında toplanılması
mülkiyyətçi və ya operator tərəfindən təmin
olunur.
9.13. Elmi və statistik tədqiqatlar
həyata keçirilərkən operator aldığı fərdi
məlumatları adsızlaşdırmalıdır.
Adsızlaşdırılmış məlumatların işlənilməsi
nəticələrinin dövlət sirri təşkil edən
məlumatlara aid edildiyi halda həmin məlumatların
qorunması dövlət sirri haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata
keçirilir.
9.14. Fərdi məlumatların
informasiya ehtiyatlarının formalaşdırılması və
informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin
göstərilməsi yalnız Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi
razılıq (lisenziya) əsasında həyata keçirilir.
Maddə 10. Mülkiyyətçinin və operatorun vəzifələri
10.1. Fərdi məlumatların
toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin
vəzifələri fərdi məlumatların
toplanılmasının və işlənilməsinin
qanuniliyini və təhlükəsizliyini təmin etməkdən
ibarətdir. Fərdi məlumatların toplanılması və
işlənilməsi, həmin məlumatların mühafizəsinin
tam təmin olunmaması nəticəsində subyektə dəyən
maddi və mənəvi ziyan və onun həcmi məhkəmə
tərəfindən müəyyən edilir, qanunvericilikdə
nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən
ödənilir.
10.2. Mülkiyyətçi fərdi
məlumatların toplanılması və işlənilməsi
zamanı operatorun vəzifələrini yerinə yetirdikdə,
bu qanunla operator üçün müəyyən olunmuş vəzifələr
mülkiyyətçiyə şamil edilir.
10.3. Operatorun vəzifələri
bu Qanunla və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
uyğun olaraq operatorla mülkiyyətçi arasında
bağlanmış müqavilənin şərtləri ilə
müəyyən olunur.
10.4. Fərdi məlumatların
toplanılması və işlənilməsi zamanı
operatorun vəzifələri fərdi məlumatların
toplanılmasının və işlənilməsinin
qanuniliyini, onların təhlükəsizliyini təmin etməkdən,
habelə mülkiyyətçi ilə bağlanmış
müqavilədən irəli gələn şərtləri
yerinə yetirməkdən ibarətdir.
10.5. Operator Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış
tədbirlərinin keçirilməsinə şərait
yaratmalı, müvafiq təşkilati və texniki məsələləri
həll etməli və bu tədbirlərin keçirilməsində
istifadə olunan üsulların konfidensiallığına əməl
etməlidir.
10.6. Mülkiyyətçi
müvafiq icra hakimiyyəti orqanının bu qanunla ona həvalə
edilmiş vəzifələrinin yerinə yetirilməsinə
dair tələblərini icra etməli və bu barədə 7
iş günü müddətində ona məlumat verməlidir.
Maddə 11. Fərdi məlumatların
toplanılmasının xüsusiyyətləri
11.1. Mülkiyyətçi və
ya operator subyektdən yalnız işlənilmə məqsədlərinə
nail olmaq üçün zəruri olan fərdi məlumatları
almaq hüququna malikdir.
11.2. Mülkiyyətçi və
ya operator fərdi məlumatları toplayarkən subyektə
aşağıdakıları mütləq bildirməlidir:
11.2.1. mülkiyyətçinin
və ya operatorun kimliyini müəyyənləşdirən məlumatlar;
11.2.2. fərdi məlumatların
işlənilmə məqsədi və bu məqsədin
hüquqi cəhətdən əsaslandırılması;
11.2.3. toplanılan və
işlənilən fərdi məlumatların informasiya
sistemində mühafizə səviyyəsi;
11.2.4. informasiya sistemlərinin
uyğunluq sertifikatının mövcudluğu və dövlət
ekspertizasından keçirilməsi haqqında məlumat;
11.2.5. fərdi məlumatların
nəzərdə tutulan istifadəçilərinin, o cümlədən
məlumat mübadiləsi aparılması nəzərdə
tutulan informasiya sisteminin dairəsi;
11.2.6. subyektin bu qanunla müəyyən
olunmuş hüquqları barədə məlumatlar.
11.3. Fərdi məlumatların
təqdim olunması qanunla müəyyən olunmuşdursa,
mülkiyyətçi və ya operator subyektə fərdi məlumatların
məcburi şəkildə təqdim edilməsindən
imtinanın hüquqi nəticələri barədə məlumat
verməlidir.
Maddə 12. Subyektin sorğusu
12.1. Mülkiyyətçi və
ya operator ödənişsiz olaraq subyektə onun haqqında məlumatları
təqdim etməli, eləcə də bu Qanunun 7.1-ci maddəsində
göstərilmiş hüquqlarını təmin etməlidir.
12.2. Subyekt bu Qanunun 7.1.5-ci və
7.1.6-cı maddələrində göstərilmiş
hüquqlarının təmin edilməsi məqsədi ilə
sorğu ilə müraciət edərkən zəruri tədbirlərin
görülməsi üçün müvafiq sənədləri
təqdim etməlidir.
12.3. Subyekt onun barəsində
toplanılmış və işlənilən məlumatlarla
bağlı mülkiyyətçiyə və ya operatora
sorğu ilə müraciət etdikdə, onun sorğusuna
mülkiyyətçi və ya operator tərəfindən
baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra edilməli,
həmin məlumatda digər şəxslər barədə fərdi
məlumatlar əks etdirilməməlidir.
12.4. Mülkiyyətçi və
ya operator subyektin verdiyi sorğuya daxil olduğu gündən ən
geci 7 iş günü keçənədək cavab verməlidir,
bununla bağlı üçüncü şəxsə
müraciət etmək zərurəti yarandıqda sorğunun
icra müddəti daha 7 iş günü uzadıla bilər.
12.5. Mülkiyyətçi və
ya operator subyektin sorğusu əsasında fərdi məlumatlarla
əlaqədar zəruri tədbirlər (məlumatın dəqiqləşdirilməsi,
məlumatın toplanılmasına və işlənilməsinə
qadağan qoyulması və s.) görməli, həmin tədbirlər
barəsində əvvəllər bu subyektə dair fərdi məlumatların
ötürüldüyü üçüncü şəxsə
3 iş günü müddətində məlumat verməlidir.
12.6. Mülkiyyətçi və
ya operator subyektin sorğusunun icrasından qanunvericiliklə
müəyyən edilmiş əsaslarla imtina etdikdə subyektə
sorğusunun alındığı gündən 5 iş
günü keçənədək əsaslandırılmış
cavab verməlidir.
Maddə 13. Fərdi məlumatların verilməsi
13.1. Bu Qanunun 8.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların
üçüncü şəxslər tərəfindən
mülkiyyətçiyə və ya operatora, eləcə də
onlar tərəfindən fərdi məlumatların istənilən
üçüncü şəxsə verilməsinə
yalnız subyektin yazılı razılığı ilə
yol verilir.
13.2. Subyektin
razılığı olmadan fərdi məlumatların verilməsinə
yalnız aşağıdakı hallarda yol verilir:
13.2.1. açıq
kateqoriyalı fərdi məlumatlar verildikdə;
13.2.2. konfidensial fərdi məlumatlar
dövlət və ya yerli özünüidarə orqanları
tərəfindən onlara həvalə edilmiş vəzifələrin
icrası ilə bağlı verildikdə və bu zaman fərdi
məlumatların informasiya sistemləri üçün
qanunvericiliklə müəyyən edilmiş tələblərə
əməl edildikdə;
13.2.3. fərdi məlumatların
verilməsi subyektin həyat və
sağlamlığının qorunması məqsədləri
üçün lazım olduqda və onun
razılığını təxirə salınmadan almaq
mümkün olmadıqda.
13.3. Fərdi məlumatların
verilməsinə razılıq subyekt tərəfindən geri
çağırıla bilər. Subyekt tərəfindən fərdi
məlumatların verilməsinə dair razılığın
geri çağırılması mülkiyyətçiyə,
operatora və üçüncü şəxslərə məlum
olduğu andan onlar həmin məlumatların verilməsini dərhal
dayandırmalıdırlar.
Maddə 14. Fərdi məlumatların transsərhəd
ötürülməsi
14.1. Fərdi məlumatların
transsərhəd ötürülməsi bu Qanunla müəyyən
olunan tələblərə riayət edilməklə və bu
maddənin müəyyən etdiyi xüsusiyyətlər nəzərə
alınmaqla həyata keçirilir.
14.2. Fərdi məlumatların
transsərhəd ötürülməsi
aşağıdakı hallarda qadağan edilir:
14.2.1. Azərbaycan
Respublikasının milli təhlükəsizliyi
üçün təhdid yaratdıqda;
14.2.2. fərdi məlumatların
ötürüldüyü ölkənin qanunvericiliyi həmin
məlumatların Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş səviyyədə
hüquqi mühafizəsini təmin etmədikdə.
14.3. Subyektin fərdi məlumatların
transsərhəd ötürülməsinə razılıq
verdiyi, habelə fərdi məlumatların ötürülməsinin
subyektin həyat və sağlamlığının
qorunması üçün zəruri olduğu hallarda fərdi
məlumatların transsərhəd ötürülməsi
onların hüquqi mühafizəsi səviyyəsindən
asılı olmayaraq həyata keçirilə bilər.
14.4. Fərdi məlumatların
transsərhəd ötürülməsi zamanı bu məlumatların
təhlükəsizliyi mülkiyyətçi və ya operator
tərəfindən təmin edilir.
V fəsil
Fərdi məlumatların toplanılması, işlənilməsi
və mühafizəsi sahəsində dövlət tənzimləməsi
tədbirləri
Maddə 15. Fərdi məlumatların informasiya sistemlərinin
qeydiyyatı
15.1. Fərdi məlumatların
informasiya sistemləri, o cümlədən bu qanunun qüvvəyə
minməsinə qədər mövcud olan informasiya sistemləri
müvafiq icra hakimiyyəti orqanında dövlət
qeydiyyatından keçməlidir. Fərdi məlumatların
informasiya sistemlərinin dövlət qeydiyyatına
alınması və dövlət qeydiyyatının ləğv
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
15.2. Bu qanunun 3.2-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların
informasiya sistemini dövlət qeydiyyatından keçirmədən
fərdi məlumatların toplanılmasına və işlənilməsinə
yol verilmir.
15.3. Aşağıdakı
fərdi məlumatların informasiya sisteminin dövlət
qeydiyyatından keçirilməsi tələb olunmur:
15.3.1. dövlət sirri
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq dövlət sirrinə aid olan fərdi məlumatların
informasiya sisteminin;
15.3.2. mülkiyyətçi
və ya operatorla əmək münasibətlərində olan
subyektlərə aid və ya onların iş ərazisinə buraxılması
üçün zəruri olan fərdi məlumatların
informasiya sisteminin;
15.3.3. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş, fərdi
məlumatların işlənilmə məqsədindən və
subyektlərin sayına qoyulan maksimal həddən asılı
olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb
olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya
sistemlərinin.
15.4. Fərdi məlumatların
informasiya sisteminin dövlət qeydiyyatı mülkiyyətçinin
yazılı müraciəti əsasında 1 ay müddətində
həyata keçirilir. İnformasiya sistemlərinin dövlət
reyestrinə daxil edilməsi üçün həmin
müraciətdə fərdi məlumatların informasiya sistemi
barədə aşağıdakı əsas məlumatlar təqdim
edilir:
15.4.1. mülkiyyətçinin
kimliyini müəyyənləşdirən məlumatlar;
15.4.2. informasiya sisteminin
yaradılmasının hüquqi əsasları;
15.4.3. fərdi məlumatların
işlənilmə məqsədi və nəzərdə
tutulan üsulları;
15.4.4. informasiya sistemində
işlənilən fərdi məlumatların kateqoriyaları;
15.4.5. subyektlərin
kateqoriyaları;
15.4.6. informasiya sisteminin
istismarı zamanı mülkiyyətçinin fərdi məlumatların
mühafizəsi ilə bağlı öhdəsinə
götürdüyü tədbirlərin ümumi təsviri;
15.4.7. fərdi məlumatların
toplanılmasına və işlənilməsinə
başlanıldığı tarix;
15.4.8. fərdi məlumatların
istifadəçilərinin dairəsi;
15.4.9. fərdi məlumatların
toplanılmasına və işlənilməsinə nəzarət
və audit mexanizmləri;
15.4.10. digər əlaqəli
informasiya sistemləri, həmin sistemlərlə informasiya
mübadiləsi üsulları və mübadilə edilən
məlumatların kateqoriyaları;
15.4.11. informasiya sistemlərindən
istifadə olunmaqla əhaliyə göstərilə bilən
elektron xidmətlərin əhatə dairəsi;
15.4.12. subyektin bu qanunun 7.1-ci
maddəsində göstərilən hüquqlarının təmin
edilməsi qaydaları;
15.4.13. digər dövlətlərə,
habelə beynəlxalq təşkilatlara transsərhəd
ötürülən fərdi məlumatların
kateqoriyaları.
15.5. Fərdi məlumatların
informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi
haqqında müraciətdəki məlumatlarda dəyişiklik
olduqda bu barədə 3 iş günü müddətində
müvafiq icra hakimiyyəti orqanına yazılı surətdə
bildirilməlidir.
15.6. Fərdi məlumatların
informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə,
həmin informasiya sistemində olan məlumatlara dərhal
qadağan qoyulmalı və təxirə salınmadan
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada məhv edilməlidir.
Maddə 16. Fərdi məlumatların informasiya sistemlərinin
dövlət reyestri
16.1. Bu qanunun 15.4-cü maddəsinə
uyğun təqdim olunmuş məlumatlar, fərdi məlumatların
informasiya sisteminin dövlət qeydiyyatı və ya dövlət
qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlar
müvafiq icra hakimiyyəti orqanının apardığı
informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməlidir.
16.2. Fərdi məlumatların
informasiya sistemlərinin dövlət reyestrinin
aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 17. Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri
17.1. Müvafiq icra hakimiyyəti
orqanı dövlət reyestrinə daxil edilmiş informasiya
sistemlərində fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin bu qanunun tələblərinə, habelə
məlumatların və onların işlənilmə
üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə
uyğunluğunu yoxlayır.
17.2. Müvafiq icra hakimiyyəti
orqanı aşağıdakı hüquqlara malikdir:
17.2.1. bu qanunla ona həvalə
edilmiş vəzifələrin həyata keçirilməsi
zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada
mülkiyyətçilərə və ya operatorlara
sorğular vermək, habelə dövlət orqanlarından,
mülkiyyətçilərdən və ya operatorlardan ödənişsiz
olaraq zəruri məlumatlar almaq;
17.2.2. fərdi məlumatların
informasiya sistemləri dövlət qeydiyyatından keçirilərkən
mülkiyyətçinin verdiyi məlumatları, o cümlədən
informasiya sistemlərinin layihəyə uyğunluğunu
yoxlamaq, müəyyən olunmuş qaydada informasiya sistemlərinin
dövlət ekspertizasını təşkil etmək;
17.2.3. fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
ilə məşğul olan dövlət orqanlarından,
hüquqi və fiziki şəxslərdən bu qanunun tələblərinin
pozulması hallarının aradan qaldırılmasını tələb
etmək;
17.2.4. fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində müvafiq qanunvericiliyin tələblərini
pozmuş şəxslərin müəyyən olunmuş
qaydada məsuliyyətə cəlb edilməsi
üçün tədbirlər görmək;
17.2.5. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər hüquqlardan istifadə etmək.
17.3. Müvafiq icra hakimiyyəti
orqanı öz fəaliyyətini həyata keçirərkən
əldə olunan fərdi məlumatların
konfidensiallığını təmin etməlidir.
17.4. Müvafiq icra hakimiyyəti
orqanının hərəkətləri (hərəkətsizliyi)
ilə əlaqədar Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada şikayət
verilə bilər.
Maddə 18. Milli informasiya məkanının fərdi məlumatlar
üzrə bölümü
18.1. Milli informasiya məkanının
fərdi məlumatlar üzrə bölümünün
formalaşdırılması, istifadəsi və
inkişafı vahid elmi-texniki konsepsiya əsasında həyata
keçirilir.
18.2. Fərdi məlumatların
informasiya sistemlərinin milli informasiya məkanında
dayanıqlı və mühafizə ilə təmin olunmuş
şəkildə qarşılıqlı fəaliyyət
göstərməsi və bu sahədə pərakəndəliyə
yol verilməməsi üçün onların təminat vasitələrində
informasiya texnologiyaları və təhlükəsizlik
standartları tətbiq edilir.
18.3. Milli informasiya məkanının
fərdi məlumatlar üzrə bölümündə
paylanmış ayrı-ayrı informasiya sistemlərində
eyni subyekt barədə məlumatların
uzlaşdırılmasını, bu sahədə pərakəndəliyin
və təkrarlığın qarşısının
alınmasını təmin etmək üçün fərdi
identifikasiya nömrəsi tətbiq olunur. Ayrı-ayrı
mülkiyyətçilərin və müxtəlif təyinatlı
fərdi məlumatların informasiya sistemlərinin və
ehtiyatlarının birləşdirilməsi, qanunvericiliklə
müəyyən edilmiş hallar istisna olmaqla, yolverilməzdir.
18.4. Fərdi məlumatların
informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin
daxil edilməsi və istifadə olunması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 19. Fərdi məlumatlar haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasında təqsirli
olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il
Azərbaycan.- 2010.- 6 iyun.- S.
2, 3