Leyla Əliyeva: "Azərbaycan sivilizasiyalar arasında körpü ola bilər"

 

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri və "Baku" jurnalının baş redaktoru, Heydər Əliyevin nəvəsi Leyla Əliyeva "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məqsədləri və iş metodları, Heydər Əliyev Fondunun fəaliyyəti, habelə hazırda Azərbaycanın Avropada və ABŞ-da yaranmaqda olan yeni obrazı barədə söhbət açmışdır.

AzərTAc həmin müsahibəni təqdim edir.

 

- Çox sağ olun ki, bizim studiyaya gəlmisiniz. Biz bilirik ki, son günlər Sizin vaxtınız çox az idi, əgər sirr deyilsə, nə ilə məşğul olurdunuz?

Keçən həftə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) ikinci konfransı keçirilmişdir. Bu təşkilatın bir yaşı tamam olmuşdur. Konfransda 500 nümayəndə iştirak edirdi. Onlar təkcə Moskvadan deyil, regionlardan da gəlmişdilər. Bu gün bizim təşkilatın 60-dan çox bölməsi vardır. Regionlarda və Moskvada gənclər çox fəal işləyirlər. Təşkilatımızın məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, insanları tariximizlə tanış etmək, Moskvada, Rusiyada yaşayan vətəndaşlarımıza yardım göstərmək, gənclərin təhsil almasına kömək etmək, onların inteqrasiyasına şərait yaratmaqdır. Biz humanitar və sosial sahədə çoxlu layihələr həyata keçiririk. Bizim gənclər uşaq evlərində, xəstəxanalarda uşaqlara kömək edirlər. "Qanın milləti yoxdur" adlı xüsusi layihəni də qeyd etmək istəyirəm. Bu layihə çərçivəsində azərbaycanlı gənclər xəstə uşaqlar üçün qan vermişlər. Bu layihə əyani şəkildə göstərdi ki, Azərbaycan və Rusiya gənclərinin həyati dəyərləri eynidir.

RAGT-nin konkret işləri barədə danışmaq lazım gəlsə, mən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsini çox əhəmiyyətli hesab edirəm. Fevralın axırlarında Moskvadakı "Prezident-otel"də "Xocalıya ədalət" beynəlxalq kampaniyasına yekun vurulmuşdur. Keçən il bu kampaniya çərçivəsində 1992-ci ilin fevral hadisələri haqqında informasiyanı bütün qitələrin sakinlərinə çatdırmaq məqsədilə 70-dən çox tədbir keçirilmişdir. Rusiyanın bir sıra şəhərlərində bu tədbirlərin keçirilməsində RAGT üzvləri fəal iştirak etmişlər. Məqsədimiz 1992-ci ildə məhv edilmiş bu Azərbaycan şəhərinin faciəsi haqqında həqiqəti bütün dünyaya çatdırmaqdır. Xocalı Azərbaycanın ağrılı yeridir və biz həqiqəti deməliyik. Biz istəyirik ki, bizi eşitsinlər.

Biz idmana da böyük diqqət yetiririk. 2009-cu ilin may ayında Azərbaycanın klub komandalarının iştirakı ilə mini-futbol üzrə çempionat keçirmişik. O vaxt çempionatda 16 komanda iştirak etmişdi. Builki çempionata isə artıq 24 komanda qatılmışdı. Gənclərimiz çox fəaldır, onlar bizim bütün təşəbbüslərimizi dəstəkləyirlər. Buna görə də onlarla işləmək şəxsən mənə çox rahatdır. Bu, bizim RAGT barədə.

İndi isə Heydər Əliyev Fondu haqqında. Artıq üç ildir ki, Rusiyada bu Fondun nümayəndəliyi fəaliyyət göstərir. Fondun nümayəndəliyi bütün ölkələr arasında birinci olaraq məhz Rusiyada açılmışdır. Mən bunu qeyd etmək istərdim. Biz daim çoxlu mədəni və xeyriyyəçilik tədbirləri keçirir, fotosərgilər, konsertlər, kitabların təqdimat mərasimlərini təşkil edirik. Fondun əsas məqsədi Azərbaycanın zəngin mədəni və tarixi irsini təbliğ etməkdir.

Biz təhsil sahəsinə də böyük diqqət yetiririk. Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda 300-dən artıq məktəb tikilmişdir. Bunlar təhsil sahəsində ən son tələblərə cavab verən məktəblərdir: müasir texnika, idman qurğuları ilə təchiz edilmişdir, uşaqların istirahəti üçün hər cür şərait vardır. Fondun dəstəyi ilə Azərbaycanın hüdudlarından kənarda - Pakistanda qızlar üçün məktəb və Gürcüstanda ümumtəhsil məktəbi inşa olunmuşdur. Biz Moskvada məktəb açmağı planlaşdırırıq. Bu məktəb etnomədəni komponentli məktəb olacaqdır. Moskvada yaşayan azərbaycanlı uşaqlar öz ana dilini öyrənmək, Azərbaycan xalqının mədəniyyəti və tarixi, adət və ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Rusiya paytaxtında artıq belə bir məktəb fəaliyyətdədir - Şimal dairəsindəki 157 nömrəli məktəb. Lakin bildiyiniz kimi, Moskva çox böyük şəhərdir və bu şəhərdə bizim uşaqlar çoxdur. Buna görə də istərdik ki, həmvətənlərimizin mümkün qədər çox hissəsi ana dilini öyrənmək imkanına malik olsun.

Mən həm də "Baku" jurnalının baş redaktoruyam. Artıq üç ilə yaxındır ki, bu jurnal çıxır. Onun da məqsədi Azərbaycanı Rusiya auditoriyasına, rusiyalı oxucuya göstərməkdir. Mən bu layihəni necə nəzərdə tutmuşdumsa, elə də alındı. Mən istəyirdim ki, jurnal orijinal olsun, heç bir başqa nəşrə oxşamasın. Lakin bununla bərabər, cəlbedici olsun və Azərbaycandan bəhs etsin. Rusiya bazarında belə nəşr yoxdur. Prinsip etibarilə bizdə hər şey yaxşı alındı - jurnal öz oxucularını, öz auditoriyasını tapdı. İndi biz jurnalı 45 min nüsxə tirajla çap edirik. Bu jurnala təkcə Rusiyada deyil, dünyanın başqa ölkələrində də abunə yazılırlar. Ola bilsin ki, gələcəkdə ingilis dilində də jurnal nəşr etdik.

- Siz mənim növbəti sualımı qabaqladınız. Əlbəttə, sizin Rusiyada görüləsi işləriniz çoxdur. Mənim fikrimcə, Azərbaycan barədə, xüsusən Azərbaycanın çoxəsrlik mədəniyyəti barədə jurnalın bir buraxılışında hər şeyi söyləmək mümkün deyildir. Maraqlıdır, bəs xaricdə Azərbaycanı necə qəbul edirlər? Siz xaricdə oxumusunuz, tez-tez xaricdə olursunuz. Elə həmin amerikalılar və ingilislər Azərbaycanın nə demək olduğunu necə təsəvvür edirlər? Sizə "Azərbaycan nə deməkdir" sualını versəydilər, həmin suala bir sözlə necə cavab verərdiniz?

- Bu gün Azərbaycanı həm Amerikada, həm də Avropada əvvəlkindən qat-qat yaxşı tanıyırlar. Əlbəttə, bu, sevindirici haldır, çünki adamların Azərbaycana böyük marağı yaranmışdır. Onlar özləri Azərbaycan haqqında informasiya axtarırlar. Bu suala bir sözlə cavab vermək isə, əlbəttə, çətindir. Mənim fikrimcə, avropalı üçün Azərbaycan sivilizasiyalar arasında bir körpü və tolerantlıq nümunəsi ola bilər. Öz fikrimə gəldikdə isə, mən belə hesab edirəm ki, Azərbaycan nadir ölkədir. Onun insanları da, təbiət mənzərələri də, iqlimi də nadirdir. Yeri gəlmişkən, dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda vardır. Azərbaycan mədəniyyəti haqqında, bizim rəssamlar, şairlər, yazıçılar, muğamımız barədə danışmaqla qurtarmaz.

Əlbəttə, Azərbaycandan danışarkən milli mətbəximizi qeyd etməmək olmaz. Zənnimcə, hər hansı rusdan Azərbaycan barədə soruşsalar, o, ilk növbədə ölkəmizin mətbəxini qeyd edər. Yəqin ki, çoxları mənimlə razılaşar ki, Azərbaycan mətbəxi dünyada ən ləziz mətbəxlərdən biridir.

- İndi Azərbaycan restoranları Moskvada çox populyardır...

- Düşünürəm ki, tezliklə bu restoranların sayı hətta italyan restoranlarından da çox olacaqdır. Mənə gəldikdə isə, istərdim ki, Avropada Azərbaycanın mədəniyyəti haqqında daha çox bilsinlər. Ona görə ki, bu mədəniyyətlə maraqlananlar çoxdur, lakin tədbirlər az keçirilir. Fevral ayında biz "Bakı haqqında məhəbbətlə" adlı sərgi keçirdik. Bu sərgidə fransız foto ustası Georgi Pinxasovun foto əsərləri nümayiş etdirilirdi - o, həmin fotoşəkilləri bizim jurnal üçün çəkmişdi. O, Bakının fotoşəkillərini çəkmişdi, lakin bu işlər onun öz baxışını əks etdirirdi. O, çox istedadlı fotoqrafdır. Biz bu sərgini əvvəlcə Moskvaya, Manejə gətirdik, sonra Londonda göstərdik. Sərgi böyük marağa səbəb olmuşdur. Oraya gələnlər hədsiz çox idi. Buna görə də mən bu cür tədbirləri daha çox keçirməyi planlaşdırıram.

- Özü də hökmən nağaraçılar ansamblını gətirmək lazımdır. Mən həmin sərgidə olmuşam. Yadımdadır, axıra yaxın adamlar artıq dağılışmağa başlayanda birdən bu ansambl ifa etməyə başladı və heç kəs çıxıb getmədi.

- Elədir! Londonda adamlar gecə saat 12-dək həmin sərgidən dağılışmamışdı. Buna görə də əsas məsələ budur. Sən nə edirsən et, bu işin insanların xoşuna gəlib-gəlmədiyini, yoxsa onların, sadəcə, yolüstü oraya gəldiklərini başa düşə bilərsən. Əgər insanlar dağılışıb getmirsə, deməli, bu sərgi onların xoşuna gəlmişdir.

- Leyla xanım, bu qədər fəal ictimai həyatı ailə həyatı ilə necə uzlaşdıra bilirsiniz? Axı siz iki uşaq anasısınız və yəqin ki, həm də yaxşı bir xanımsınız.

- Əslində, məhz işlərimi çatdırmaq çətindir. Mən tez-tez təyyarə ilə uçuram, amma özümə söz vermişəm ki, hara getsəm, uşaqlarımı da özümlə götürəcəyəm. Buna görə də indi onlar həmişə mənim yanımda olur. Hətta 5 günlüyə və ya bir həftəliyə uçub gedəndə də mən istəyirəm ki, uşaqlar özlərinə diqqət hiss etsinlər, bu, onlar üçün çox vacibdir. Yəqin ki, həmişə ən başlıca məsələ hər şeyin uğurlu olacağına, hər şeyin yaxşı olacağına inanmaqdır. Nədənsə, mən hər bir işi görəndə həmişə inanıram ki, hər şey yaxşı olacaq, əla olacaqdır. Bu, hər bir insan üçün vacibdir. Onda, həqiqətən, hər işə vaxt çatacaq və hər şey yaxşı olacaqdır.

- Siz dediniz ki, uşaqları özünüzlə götürəcəksiniz. Lakin yəqin ki, haçansa siz bir müddətə onlardan ayrılmalı olacaqsınız. Çünki siz özünüz xaricdə oxumusunuz və yəqin ki, uşaqlarınız da xaricdə oxuyacaqlar. Siz ərinizlə bu barədə artıq fikirləşmisinizmi?

- Onlar hələ balacadırlar, cəmi yaşyarımlıqdırlar.

- Vaxt sürətlə ötüb keçir...

- Elədir, vaxt sürətlə keçir. Amma digər tərəfdən heç vaxt bilmirsən ki, haraya gedib çıxacaqsan. Məsələn mən Londonda oxuyarkən heç vaxt ağlıma gəlməzdi ki, Moskvada yaşayacağam. Amma ərə getdim və indi burada yaşayıram. Hərçənd mən Moskvada doğulmuşam və 7 il burada yaşamışam. Uşaqlar barədə hələ bilmirəm. Emin (əri - red.) Amerikada oxumuşdur, buna görə də ola bilsin ki, o, onların Amerikada oxumasını istəyərdi. Mən isə Londonda oxumuşam və buna görə də ola bilsin ki, onların Londonda oxumalarını istərdim. Lakin bununla belə, Bakı da var, Moskva da var, bir sözlə, hələ bilmirəm.

- Siz dediniz ki, əsas məsələ hər şeyin uğurlu olacağına inanmaqdır. Deyəsən, Sizin bu deviziniz, həqiqətən, ən azı Sizin üçün doğru çıxır. Siz həm işdə, həm təhsildə, həm də şəxsi həyatınızda çox şeyə nail olmusunuz. Bunlar karyeradan heç də az əhəmiyyətli deyildir. Daha nə isə varmı? Ona görə ki, mənim təsəvvürümə görə Sizə həmişə yeni çağırışlar, dəf ediləsi müəyyən çətinliklər lazımdır. Sizin daha nəyiniz çatışmır. Bəlkə snoubord idmanını, paraşütlə tullanmağı, fortepiano çalmağı öyrənmək istəyirsiniz?

- Əlbəttə, nələrsə çatışmır. Məncə, elə bir adam yoxdur ki, hər şeyə nail olduğunu və daha öyrənəsi heç nə olmadığını deyə bilsin. Hər bir yaşda, hər bir vəziyyətdə, hər bir insanın bilmədiyi, öyrənə biləcəyi nələrsə vardır. Məsələn, mən fransız və italyan dillərini öyrənmək istərdim. Londonda oxuyarkən ispan dilini öyrənirdim və bir il İspaniyada yaşadım. Hesab edirəm ki, dil bilmək insana çox üstünlüklər verir. Mən istərdim ki, uşaqlarım da çox dil bilsinlər. Əlbəttə, paraşütlə tullanmaq istəyirəm, amma uşaqlar doğulandan sonra bu işlə məşğul olub-olmayacağımı bilmirəm.

- İndi bu, istisna olunmalıdır.

- Amma mümkündür.

İşimdə də irəli getmək istəyirəm. Layihələr, ideyalar çoxdur. Həqiqətən, hər şeyə vaxt çatmır. Amma yenə də hər şeyin uğurlu olacağına inansaq, zənnimcə, gələcəkdə xeyli maraqlı işlər görmək olar.

- Elə isə gözləyək görək bu müddətdə Siz nə edə biləcəksiniz. Sizi yenidən studiyamızda gözləyirik.

- Bəli. Sağ olun.

- Çox sağ olun.

 

 

Müsahibəni qələmə aldı: Samir ŞAHBAZ

 

Azərbaycan.- 2010.- 6 iyun- S.  3.