Cəlilabadın sosial siması dəyişir,
iqtisadi imkanları artır
Cəlilabad dəyişir, getdikcə daha abad, yaraşıqlı məkana çevrilir. Rayon ərazisinə daxil olan andan bu inkişafın şahidi olmaq mümkündür. Baharın bu vədəsində hər tərəf yaşıllığa, gül-çiçəyə bürünüb. Hər yağan yağışdan sonra Günəşin hərarəti ilə boy atan ucsuz-bucaqsız taxıl zəmiləri dalğalandıqca sonsuz dənizi xatırladır. Köhnə və yeni salınan üzüm bağları da göz oxşayır. Cərgə boyunca çəkilən məftillərə qaldırılmış tənəklərdə artıq üzüm kürüsü əmələ gəlir. Yaxın vaxtlarda onlar əvvəlcə gülə, sonra isə qoraya çevriləcək.
Göytəpə istiqamətində əkinlərin çoxunu kartof sahələri təşkil edir. Cəlilabadda il ərzində 3 dəfə kartof yetişdirilir. Yanvar ayının əvvəllərində əkilən və sellofan altında becərilən kartofun yığılmasına artıq bir neçə gündür başlanıb. Düzdür, nübar məhsulu yetişdirmək nisbətən çox vəsait tələb edir. Bununla bərabər o yaxşı gəlir gətirir. İndi yığılan məhsulun kiloqramı sahədə 50 qəpiyə alınır. İyun ayında məhsulu yığılacaq sahələrdə isə kartof gül açmağa başlamyıb. Bu onu göstərir ki, bitki yetişmə ərəfəsindədir. Bir sözlə, indi cəlilabadlılar sahələrdə yorulmaq bilmədən çalışırlar. Hamı istəyir ki, əkib-becərdiyi yerdən daha çox və keyfiyyətli məhsul götürsün. Əldə etdiyi gəlirlə ailəsini firavan dolandırsın, ev tiksin, maşın alsın, xeyir-şərini yola versin.
İndi məhsulu yetişdirməklə yanaşı onu saxlamaq, qış aylarında əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək də önəm kəsb edir. Bu məqsədlə Cəlilabadda da anbarlar, soyuducu kameralar tikilir. Yaxın vaxtlarda onlar işə salınacaq və beləliklə torpaq mülkiyyətçisi, fermer yetişdirdiyi məhsulu necə və harada satmaq qayğısından azad olacaq.
Artıq 4 ilə yaxındır ki, RİH-ə Əziz Əzizov başçılıq edir. Ötən müddət ərzində burada çox işlər görülüb. Regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı çərçivəsində bütün sahələrdə uğurlu nəticələr əldə edilib. Aparılan tikinti, quruculuq, abadlıq işləri sayəsində Cəlilabad şəhərinin, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişib. Əvvəllər yol qıraqlarındakı primitiv, köhnə ticarət köşkləri cansıxıcı təsir bağışlayırdı. Buradan qarlı-yağışlı günlərdə palçıq-çamur, isti günlərdə isə toz-torpaq əlindən ötüb keçmək müşkül məsələ idi. Axşamlar isə şəhər qaranlığa qərq olurdu. İndi Cəlilabad tamam başqa bir gökəmdədir. Şəhərin başlanğıcından qurtaracağına kimi yolun sağ və soluna yüngül konstruksiyalı materialdan səliqəli şəkildə hasar çəkilmiş, çinar ağacları əkilmiş, müasir elektrik dirəkləri basdırılmışdır. Yeni ticarət və sosial obyektlərsə əraziyə xüsusi yaraşıq verir.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı da rayonda uğurla həyata keçirilir. Bir-birinin ardınca yeni-yeni sosial əhəmiyyətli obyektlər, istehsal müəssisələri tikilib istifadəyə verilir. Bunlar isə öz növbəsində əhalinin işsizlik probleminin həll edilməsində, sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır.
Bu yaxınlarda bütün Cəlilabad camaatı yenidən sevinc hissləri yaşadı. Prezident İlham Əliyev növbəti dəfə rayona səfər etdi. Əhali ölkə başçısını həmişəki kimi yenə böyük hörmət və məhəbbətlə qarşıladı. Həmin gün Cəlilabadda bayram əhvali-ruhiyyəsi hökm sürürdü. Hamı bilirdi ki, Prezident yenə də rayonun həyatı ilə yaxından tanış olacaq, əhali ilə görüşüb səmimi söhbətlər aparacaq, problemlərilə maraqlanacaq, neçə-neçə mühüm obyektin açılış və təməlqoyma mərasimində iştirak edəcək. Elə də oldu.
Ümummilli lider Heydər Əliyev məktəblilərə, yeniyetmələrə, gənclərə intellektual səviyyə baxımından həmişə yüksəkdə olmağı, öz xalqının, elinin-obasının tarixini, adət-ənənəsini bilməyi tövsiyə edirdi. Bu məqsədlə o, keçən əsrin ortalarında hər bir rayonda şahmat məktəbinin, tarix-diyarşünaslıq muzeyinin yaradılması göstərişini vermişdi. Sevindirici haldır ki, bu sahələr Cəlilabadda indi də diqqət mərkəzindədir və ölkə başçısı səfər zamanı müasir üslubda tikilmiş Şahmat məktəbinin və tarix-diyarşünaslıq muzeyinin açılış mərasimlərində iştirak etdi.
Qarabağ probleminin həlli ölkə başçısının gündəlik fəaliyyətində prioritet yer tutur. Məsələnin həlli ilə yanaşı müharibə əlillərinin, şəhid ailələrinin sosial vəziyyəti, həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Digər yerlərdə olduğu kimi, indiyədək Cəlilabadda da bu sosial təbəqələr üçün bir neçə yaşayış binası tikilmişdir. Prezident rayona budəfəki gəlişi zamanı daha bir binanın - dördmərtəbəli 36 mənzilli yaşayış binasının açılış mərasimində iştirak etdi, müharibə əlilləri, şəhid ailələri, Böyük Vətən müharibəsi veteranları ilə görüşdü.
Cəlilabadda yeni fəaliyyətə başlayan Müalicə-Diaqnostika Mərkəzi Cənub bölgəsində ikinci müasir, dünya standartlarına cavab verən səhiyyə ocağıdır. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və digər şöbələr fəaliyyət göstərir. Şöbələrin hər biri müasir tibbi avadanlıq və mebellə təchiz edilmişdir. 260 nəfərin çalışdığı tibb ocağı regionun əhalisinə nümunəvi səhiyyə xidməti göstərir. Cəlilabad, habelə qonşu rayonların əhalisi indi müayinə və müalicə üçün Bakıya və digər yerlərə üz tutmurlar. Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edən Prezident bildirdi: "Gözəl, müasir diaqnostika mərkəzinin açılışı, doğrudan da böyük hadisədir. Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlıqlarını bərpa etsinlər, müayinədən keçsinlər".
Prezident səfəri çərçivəsində həmçinin "Cəlilabad Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak etdi. Müəssisə öz üzüm bağlarında keyfiyyətli məhsul yetişdirməklə dünya bazarında rəqabətə tab gətirən şərab istehsalına başlamışdır. Hazırda burada 500 nəfərdən çox işçi çalışır.
Rayonda daha mühüm bir obyektin - Göytəpə su anbarının açılışı oldu. Qeyd edək ki, su anbarının tikintisi üçün keçən əsrin 80-ci illərində layihə hazırlanmış və 1988-1992-ci illərdə layihənin icrası ilə bağlı bir çox işlər görülsə də, sonrakı dövrdə dövlət vəsaiti çatışmadığından tikinti dayandırılmışdı. 2005-ci ildən ölkə başçısının tapşırığına əsasən su anbarının inşasına yenidən başlanılmışdır. Hündürlüyü 17,5, uzunluğu 550 metr olan su hövzəsinin ümumi tutumu 3,7 milyon kubmetrdir. Anbarın istifadəyə verilməsi rayonda kənd təsərrüfatının inkişafını sürətləndirəcək, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradacaq.
Dövlət sərhədlərimizin müəyyən hissəsi Cəlilabad rayonundan keçir. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin göstərişi əsasında yaradılan Göytəpə qarnizonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə əsaslı tikinti, təmir və yenidənqurma işləri həyata keçirilmişdir. İmişli, Biləsuvar, Yardımlı, Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük hissələrindən biridir. Yenidənqurma işlərindən sonra burada əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 yerlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur.
Bütün bunlar ölkəmizin, eləcə də Cəlilabad rayonunun sürətlə inkişaf etdiyini göstərir. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9, əsas kapitala qoyulan investisiyalar 6,7, kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 dəfə artmışdır. 2003-2009-cu illərdə rayonda 12 min 800-ü daimi olmaqla 22 min 480 yeni iş yeri yaradılmışdır.
Seyran CAVADOV
Azərbaycan.- 2010.- 5 iyun- S.
4.