Azərbaycan dövlətinin antiböhran siyasəti təqdirəlayiqdir

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Türkiyə və Rusiyanın nüfuzlu ali məktəblərindən dəvət olunuş qonaqlar iştirak ediblər.

Onlardan biri Türkiyənin Mərmərə Universitetinin rektor vəkili, Bankçılıq və Sığortaçılıq İnstitutunun direktoru professor Camal İbiş bizimlə müsahibədə ölkəmizə səfəriylə və konfransla bağlı təəssüratlarını bildirdi.

- Bu sizin Azərbaycana birinci gəlişinizdir. Ona görə ölkəmiz barədə təəssüratlarınızı bilmək bizim üçün maraqlıdır.E

- Bəli, bu mənim Azərbaycana ilk gəlişimdir. Təəssüf ki, əvvəlki illərdə belə bir imkan düşməyib. Biz türk xalqları eyni dildə danışırıq, ortaq dəyərləri bölüşürük. Düzü, Bakıya gəlməzdən əvvəl Azərbaycanı başqa cür təsəvvür edirdim. Amma burda əyani şəkildə şahidi oldum ki, Azərbaycan bizim üçün xarici ölkədən daha çox, ikinci vətənimizdir. Bu mənada Azərbaycan mənə çox doğma gəldi. Adətən, xarici ölkələrdə olarkən bir müddət oraya öyrəşə bilmirsən. Bakıda isə özümü evimdə olduğum kimi hiss edirəm. Azərbaycanı çox sevdim və inşallah bundan sonra çalışacam Bakıya tez-tez gəlim.

Digər tərəfdən, mən elə ilk anlardan Azərbaycanın həm də dinamik inkişaf etdiyinin şahidi oldum. Bu barədə çox eşitmişdim, indi bunu gözlərimlə gördüm. Azərbaycanın inkişafını elə paytaxt Bakının timsalında hiss etmək mümkündür. Bakı öz gözəlliyinə, simasına, infrastrukturuna, ümumiyyətlə, bütün cəhətlərinə görə inkişaf etmiş ölkələrin şəhərlərindən geri qalmır. İnsanların təbəssümündən ölkənizdə həyat səviyyəsinin daim yüksəldiyi hiss olunur. Azərbaycanın inkişafı, sosial və iqtisadi sahədə son illərdə qazandığı böyük nailiyyətlər məni çox sevindirir.

- Azərbaycan qlobal iqtisadi böhrandan minimum itkilərlə çıxa bildi. İqtisadçı alim kimi bizim ölkədə həyata keçirilən antiböhran tədbirləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində aparılan işlər dərin elmi nəzəriyyələrə əsaslanır. Bu mənada ölkənizdə hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticə etibarilə öz bəhrəsini verdi və böhrandan çox xəfif keçdiniz. Azərbaycanın iqtisadi inkişafında neft amili mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasında diqqəti cəlb edən əsas cəhətlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu məqsədlə neft pulları hesabına qeyri-neft sektoruna məqsədyönlu sərmayələr qoyulur. Digər tərəfdən, Azərbaycanın neft pullarından gələn valyuta ehtiyatları ilbəil artır. Ölkənizdə maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə həyata keçirilən antiböhran tədbirləri gözəl effekt verməkdədir. Dövlət böhranın iqtisadiyyatda daha dərin iz buraxmaması, istehsal sahəsinin zərər çəkməməsi üçün gərəkən nə varsa, hamısını edir. Bütün bunlar təqdirəlayiqdir.

Baxın, Amerikaya və Avropaya. Onlar böhrandan daha çox əziyyət çəkdilər. Böhran Türkiyəyə də təsirini göstərdi. Bu, əsasən iqtisadi artımda, daxili istehsalda hiss olundu. Məlum olduğu kimi, Türkiyədə istehsal olunan məhsulların 60 faizə qədəri Avropa ölkələrinə ixrac olunur. Əgər mal satılan ölkələr sıxıntılı dönəm yaşayırsa, demək, onlara əvvəlki kimi məhsul ixrac etmək mümkün deyil. Bu səbəbdən Türkiyədə işsizliyin səviyyəsi bir qədər artdı. Əgər əvvəllər Türkiyədə 100 nəfərdən 10-u özünə iş tapa bilmirdisə, qlobal iqtisadi böhrandan sonra bu rəqəm 13-ə yüksəldi. Böhrandan az zərərlə çıxmaq üçün Türkiyədə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. İnanırıq ki, bunlar öz bəhrəsini verəcək və biz də böhrandan xəfif çıxacağıq.

Türkiyə iqtisadiyyatı daha çox sənaye və turizmə bağlıdır. Qeyd etdiyim kimi, sənaye böhranın təsiri ilə gerilədi. Turizmə gəldikdə isə əsasən avropalılar Türkiyədə istirahətə üstünlük verirlər. Amma bu böhran avropalılara daha çox təsir etdiyi üçün yəqin ki, bundan Türkiyənin turizm sektoru da zərər çəkəcək.

- Sizcə, bu cür elmi-praktik konfransların keçirilməsi iqtisadi böhranın təsirlərinin minimuma endirilməsinə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə nə kimi töhfələr verir?

- Əlbəttə, belə konfransların keçirilməsinin olduqca faydası var. Çünki burada elm adamları, iqtisadçılar öz mülahizələrini ortaya qoyur, təcrübələrini bölüşür və bütün bunlar ortaq maraqlara xidmət etdiyindən effektiv nəticələr verir. Bakıda keçirilən bu konfrans isə qlobal böhran zamanı dövlət idarəçiliyinin roluna həsr olunub. Bu konfransda belə bir fikir ortaya qoyuldu ki, böhranın təsirlərini minimuma endirmək üçün məsələyə kompleks yanaşmaq lazımdır. Dövlət bu məsələdə daha diqqətli olmalıdır. Tutaq ki, bir evdə yanğın baş verib və orada olan hər kəs ayrılıqda canını qurtarmağa cəhd göstərir. Bu zaman kimsə qabağa düşür, arxada qalanlar isə zərər çəkir. Lakin insanlar birgə hərəkət etsələr, yəni, bir-birinə kömək əllərini uzatsalar, o zaman yanğından hamısı xilas ola bilərlər. Böhran da belədir. İqtisadiyyatın bütün tərəflərinə eyni şəkildə diqqət göstərmək lazımdır. Bu mənada Azərbaycan dövlətinin antiböhran siyasəti olduqca təqdirəlayiqdir. Biz konfransda dünya təcrübəsi və Azərbaycan modeli ilə yaxından tanış olduq. İnanıram ki, bu elmi-praktiki konfransın nəticələri bizim ümumi işimizə böyük töhfələr verəcək.

 

 

Müsahibəni yazdı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 6 iyun- S.  4.