Vətəndaş mənafeyini
önə çəkən səmərəli iqtisadi siyasət
Xalqa layiqli xidməti
qarşıya məqsəd qoyaraq fəaliyyətində hər
bir vətəndaşın maraq və mənafeyini uca tutan
hakimiyyət komandası şəffaf idarəçiliyi təmin
etməklə, ilk növbədə, ictimai gözləntiləri
nəzərə almağa çalışır. Bu mənada,
ictimai rəy hökumətin fəaliyyətinə nəzarət
funksiyasını yerinə yetirməklə müsbət və
mənfi meyillərə obyektiv qiymət verən, onu mövcud
problemlərin həllinə doğru istiqamətləndirən
hərəkətverici mexanizm rolunu oynayır. Müstəqil
Azərbaycanın son illərdə ciddi makroiqtisadi nailiyyətlərə
imza ataraq regionun ən qüdrətli dövlətlərindən
birinə çevrilməsi də məhz bunun nəticəsidir.
Uğurla gerçəkləşdirilən
yeni neft strategiyasının 2003-cü ildən daha yüksək
nəticələrə yol açması,
respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə
qədəm qoyması - ümumi daxili məhsulun artım
tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli
dərəcədə çoxalması iqtisadi sektorda
islahatların genişləndirilməsinə, sosial-mədəni
modernləşməyə imkan yaratmışdır. Bütün
bunların nəticəsi kimi respublikamız ötən il
iqtisadi sahədə keçid dövrünü başa vuraraq
inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoymuşdur.
Bir sıra qabaqcıl Qərb
dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini
qısa zamanda adlamağa müvəffəq olmuş
respublikamızın dünyanı sarsıdan qlobal böhrandan
minimum itki ilə çıxması və ümumi daxili məhsul
istehsalında əvvəlki yüksək tempi qoruyub
saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində
də heyrətlə qarşılanır. İqtisadi sahədə
keçid dövrünü geridə qoyan Azərbaycanın
bazar iqtisadiyyatı sisteminə sürətli
transformasiyasının spesifik cəhətləri, daha dəqiqi,
"İnkişafın Azərbaycan modeli" ilə
bağlı müzakirələrə hazırda
dünyanın nüfuzlu elm mərkəzlərində də
kifayət qədər həssaslıqla yanaşılır.
Azərbaycan Prezidenti
İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi
strategiyası respublikanın inkişafı prosesində
dinamizmi və məqsədyönlüyü təmin etmiş,
hər bir mərhələ üçün qarşıda
duran vəzifələrin həllinə real imkanlar
açmış, cəmiyyətin ümumi potensialının
milli məqsədlər naminə səfərbər
olunmasına etibarlı zəmin
formalaşdırmışdır. Dövlət
başçısının rəhbərliyi altında həyata
keçirilən siyasət, ölkənin demokratik
inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi
yolunda atılan addımlar isə, ilk növbədə, vətəndaşların
rifahına, firavanlığına hesablanmışdır. "Hər
bir məmur xalqının xidmətçisi
olmalıdır", - deyə hakimiyyəti xalqa layiqli xidmət
məramı kimi dəyərləndirən Prezident İlham Əliyevin
qətiyyəti və prinsipiallığı hökumətin
daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə
yanaşı, həyata keçirilən islahatların səmərəli
nəticələr verməsini də təmin etmişdir.
Nazirlər Kabinetinin 2010-cu
ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu
uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin
lokomotivinə çevrilən, demokratikləşmə yolunda
atdığı ardıcıl addımlarla Cənubi
Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan
respublikamızın iqtisadi sahədə də dinamik inkişaf
etdiyini təsdiqləyir. Cənab İlham Əliyevin
iclasdakı dərin məzmunlu nitqi deməyə əsas verir
ki, dövlət başçısı hər bir mərhələ
üçün hökumət qarşısında hansı əsas
problemlərin, vəzifələrin dayandığını
aydın təsəvvür edir. Və bu məqsədlərin
gerçəkləşdirilməsi üçün konkret
planlara, proqramlara, yüksək iş qabiliyyətli komandaya
malikdir.
İki ilə yaxın
müddətdə davam edən qlobal maliyyə-iqtisadi
böhran inkişaf etməkdə olan dövlətlərdə
resessiya ilə nəticələnmiş, dünya sənaye
istehsalı, əmtəə dövriyyəsi, sərnişin və
yük daşımaları azalmış, işsizliyin səviyyəsi
yüksəlmiş, əhalinin real gəlirləri
azalmışdır. Böhrandan ən çox əziyyət
çəkən sahələr tikinti, emal və hasilat sənayeləri
olmuş, bir çox ölkələrdə bankların,
müəssisələrin və əhalinin kreditləşmə
imkanları daralmış, son nəticədə investisiya fəallığı
və istehlak tələbi azalmışdır. 2009-cu ildə
dünya iqtisadiyyatı 1,1 faiz, habelə beynəlxalq ticarət
dövriyyəsinin həcmi 11 faizdən çox
azalmışdır. Böhranın dalğası Azərbaycanın
yerləşdiyi bölgədəki ölkələri də
sarsıdaraq onlarda iqtisadi vəziyyətin pisləşməsinə,
ümumi daxili məhsulun həcminin azalmasına gətirib
çıxarmışdır. MDB-nin üzvü olan əksər
dövlətlərdə bu azalma 6 faizdən çox, Ermənistan
kimi perspektivsiz ölkədə, hətta 20 faiz olmuşdur.
Nazirlər Kabinetinin 2010-cu il
aprelin 14-də keçirilmiş iclası isə göstərdi
ki, 2008-ci ilin ortalarından etibarən dünya
iqtisadiyyatını iflic edən qlobal böhran qarşıya
qoyulmuş məqsəd və vəzifələrin həyata
keçirilməsi prosesində Azərbaycana ciddi problem
yaratmamışdır. Böhranın ən şiddətli mərhələsi
sayılan 2009-cu ildə Azərbaycan üçün müəyyən
çətinliklər yaransa da, hökumətin qlobal
böhrana qarşı həyata keçirdiyi qabaqlayıcı
tədbirlər səmərə vermiş, nəticədə
bütün makroiqtisadi parametrlər üzrə inkişafa
nail olunmuşdur. Hökumətin çevik və işlək
fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi
sığortalayıcı mexanizmlərin hər bir mərhələ
üzrə işə salınması, daxili maliyyə mənbələrinin
destruktiv iqtisadi proseslərə qarşı səfərbər
edilməsi son nəticədə respublikanın qlobal
böhrana potensial müqavimət əzmini gücləndirmişdir.
Milli bankların dəstəklənməsi
də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata
keçirilməsi, kreditlərə və faiz dərəcələrinə,
habelə inflyasiyaya nəzarətin gücləndirilməsi,
real iqtisadiyyata daimi sərmayə axınının təmin
edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında
yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət
istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsi hökumətin antiböhran tədbirlərinin
yalnız bir qismidir. Fiksal və monetar siyasətin səmərəliliyi
hökumətə qarşıya qoyduğu vəzifələri
həyata keçirməyə, iqtisadiyyatın inkişafı
üçün zəruri maliyyə əsasları
formalaşdırmağa imkan yaratmışdır.
Dövlət
başçısı İlham Əliyevin Nazirlər
Kabinetinin iclasındakı nitqində vurğuladığı
kimi, ötən 5 ildə ölkə iqtisadiyyatında
müşahidə olunan yüksək artım hökumətə
ən müxtəlif sahələrdə islahatları
uğurla davam etdirmək imkanı yaradır: "Azərbaycanın
uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə
iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun
üzərində əlavə iqtisadi artıma nail olmaq bir
daha göstərir ki, apardığımız siyasi, iqtisadi və
sosial islahatlar öz nəticələrini verməkdədir. İlin
birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır.
Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft
sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz
artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil
etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin
həlli üçün bizə əlavə imkanlar
yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir.
Nəzərə alsaq ki, əhalinin pul gəlirləri
artır, - bunun ən gözəl göstəricisi banklara
qoyulan əmanətlərin 30 faizdən çox
artmasıdır, - görərik ki, inflyasiyanın bu
aşağı səviyyədə saxlanması insanların
rifah halına mənfi təsir göstərmir".
Hökumətin 2010-cu ilin
birinci rübünün yekunları ilə bağlı
keçirilmiş iclası eyni zamanda göstərir ki, Azərbaycanda
ən müxtəlif sahələrdə həyata keçirilən
islahatlar vətəndaş maraqlarının etibarlı təminatına,
eləcə də sosial problemlərin aradan
qaldırılması yolu ilə əhalinin firavan həyat tərzinin
təmin olunmasına yönəlmişdir. Xalqa layiqli xidməti
komandası qarşısında ciddi tələb kimi müəyyənləşdirən
dövlət başçısı İlham Əliyev
sosial-liberalizm xəttinə üstünlük verməklə
keçid dövrü üçün xarakterik olan sosial
problemlərin həlli istiqamətində kompleks tədbirlər
həyata keçirir.
Bu siyasət eyni zamanda, insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Azərbaycanın son illərdəki büdcə zərfində sosialyönümlü xərclərin davamlı şəkildə artması da iqtisadiyyatda bu sahənin prioritet istiqamət təşkil etdiyini göstərir.
Xatırlatmaq lazımdır ki, 2010-cu ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 1 milyard 192,3 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur. Ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq cari ildə bu xərclərin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət daşıyan minimum əməkhaqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin stabil maliyyələşdirilməsi qarşıya məqsəd qoyulmuşdur. Eyni zamanda pensiyaların baza hissəsinin yaşayış minimumuna yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, ölkənin pensiya sistemində islahatların dərinləşdirilməsi nəzərdə tutulmuşdur.
Ümumilikdə, 2010-cu ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 6 dəfədən artıqdır. Hesabat dövründə büdcə xərclərinin 33,8 faizi və ya 669 milyon manatı sosialyönümlü olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 milyon manat və ya 11,5 faiz çoxdur. 2010-cu ilin birinci rübü ərzində təhsil xərclərinə 17,2 milyon manat və ya 7,7 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 50,1 milyon manat və ya 17,2 faiz çox vəsait yönəldilmişdir.
Sosial sahədə həyata keçirilən siyasətin effektivliyi özünü həm də yoxsulluğun səviyyəsinin ildən-ilə azalmasında göstərir. Əgər 2003-cü ildə ölkə əhalisinin yarısı yoxsul vəziyyətdə yaşayırdısa, hazırda yoxsulluğun səviyyəsi 11 faiz təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında yoxsulluğun, işsizliyin səviyyəsinin aşağı salınmasının hökumət üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha vurğulamışdır: "Azərbaycanda yoxsulluq səviyyəsi 11 faiz səviyyəsindədir. Ancaq mən əminəm ki, əgər biz bu sahədə tam şəkildə şəffaflığa nail olsaq görərik ki, yoxsulluğun səviyyəsi ondan da aşağıdır. Çünki bu gün qeydiyyata düşməyənlər, qeyri-rəsmi qaydada maaş alanlar o statistikaya daxil edilmir, sanki yoxsul təbəqə kimi göstərilir. Əgər biz bu sahədə ciddi irəliləyişə nail olsaq, bu, hər cəhətdən daha yaxşı olacaqdır".
2010-cu ilin birinci rübünü uğurlu mərhələ kimi səciyyələndirməyə imkan verən əsas göstəricilərdən biri də icrasına hələ ötən illərdən başlanmış bir sıra infrastruktur layihələrin uğurla davam etdirilməsidir. Əgər 2007-ci ilin dövlət büdcəsində əsaslı dövlət investisiya qoyuluşlarına 1,5 milyard ayrılmışdırsa, 2010-cu ildə bu məqsədlə 4,3 milyard vəsait ayrılmışdır. Cari ildə dövlətin əsaslı kapital qoyuluşları üçün ayrılmış vəsaitlər əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsinə, o cümlədən sosial-mədəni infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir.
İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ildən-ilə yüksək templə artması, ilk növbədə, dövlət başçısı İlham Əliyevin ictimai həyatın bütün sahələrində modernləşməyə nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən qalmış infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadiyyatda davamlı və sabit inkişafa nail olmağın qeyri-mümkünlüyü yaxşı məlumdur. Müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Cənab İlham Əliyev Azərbaycan vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsini, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsini, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatını, yolların bərpası və yenidən çəkilişini, zəruri abadlıq işlərinin aparılmasını hökumətin əsas vəzifələri hesab edir.
Prezident İlham Əliyev hökumətin iclasında 2010-cu ildə bir çox layihələrin icrasının başa çatdırılacağını da diqqətə çatdırmışdır. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay su anbarı, Bakı məişət tullantıları zavodu, Sumqayıt texnoparkı, "Cənub" elektrik stansiyası kimi qlobal layihələrin maliyyələşdirilməsi diqqət mərkəzində olacaqdır. Cənab İlham Əliyev yolların əsaslı təmiri və yenidənqurulması ilə bağlı tövsiyələrini də diqqətə çatdırmışdır: "Bu il İpək yolu, yəni, Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun böyük hissəsi artıq tikilibdir, qalan hissələr başa çatmalıdır. Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur... Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir".
Bir neçə gün əvvəl Kür çayında baş verən məlum daşqınlarla bağlı ətraf rayonların bəzi kəndlərinin su altında qalmasına çevik reaksiya göstərən dövlət başçısı İlham Əliyev hökumətin bütün səylərini təbii fəlakətin fəsadlarının aradan qaldırılması yönümündə səfərbər etmişdir. Daşqına məruz qalmış yaşayış məntəqələrinin əhalisinin qısa müddətdə təhlükəsiz ərazilərdə çadır düşərgələrində yerləşdirilərək gündə üç dəfə isti yeməklə təmin olunması, onlara təhsil, səhiyyə xidmətlərinin göstərilməsi dövlət başçısının yüksək insanpərvərliyini və qayğıkeşliyini bir daha təsdiqləyir. Cənab İlham Əliyev yaranmış vəziyyətlə bağlı Bakıda və Şirvan şəhərində hökumət üzvlərinin iştirakı ilə keçirdiyi müşavirələrdə yaranmış vəziyyətin aradan qaldırılması üçün Kür çayının lildən təmizlənməsi, sahilbərkitmə işlərinin aparılması ilə bağlı göstəriş və tövsiyələrini vermişdir. Eyni zamanda, problemin kompleks şəkildə həlli üçün xüsusi dövlət proqramının hazırlanması, lazım gələrsə bəzi kəndlərin sakinlərinin təhlükəsiz ərazilərə köçürülməsi, habelə vətəndaşlara dəymiş maddi ziyanın dövlət büdcəsindən ödənilməsi ilə bağlı göstərişlər vermişdir.
Prezident İlham Əliyev dövlət məmurlarına təbii fəlakətdən ziyan çəkmiş vətəndaşların problemlərinə xüsusi qayğı və diqqətlə yanaşmağı tapşırmışdır: "Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək".
Azərbaycan Prezidentinin "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında" sərəncamı da təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi daşıyır. Sərəncamda göstərilir ki, son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara əsasən, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalmış, 300-dən çox ev uçmuş, 2 minə qədər ev qəzalı vəziyyətə düşmüş, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxmışdır.
Sərəncama əsasən, yaradılmış hökumət komissiyası yaşayış yerini itirmiş ailələrə, ilk növbədə, həyati əhəmiyyətli məsələlərin həllində zəruri kömək göstərməli, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirməli, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlamalı, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirməli, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etməli, onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görməlidir. Eyni zamanda, təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Sərəncamla komissiya gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlamalı və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Ümumiyyətlə, son illər həyata keçirilən bu və digər infrastruktur layihələri istər regional inkişaf proqramlarının uğurla reallaşdırılması, istərsə də sahibkarlığın dəstəklənməsi baxımından vacib əhəmiyyət daşıyır. Yaradılmış münbit biznes mühitinin nəticəsində ölkə üzrə ümumi investisiyaların strukturunda əhəmiyyətli dəyişiklik baş vermiş, daxili investisiyaların həcmi xarici investisiyaların həcmini əhəmiyyətli dərəcədə üstələmişdir. 2010-cu ilin birinci rübündə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 1 milyard 636,8 milyon, o cümlədən daxili mənbələr hesabına 1 milyard 231 milyon manat investisiya qoyulmuşdur. Daxili investisiya qoyuluşlarının 583,4 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Daxili investisiyaların həcmcə artımı isə ilk növbədə, sahibkarlığın inkişafı üçün həyata keçirilən kompleks tədbirlər sistemi ilə şərtlənir. Ötən 6 ildə kiçik və iri sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər bu sırada ayrıca vurğulana bilər. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxumla təmin edilməsi məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu illə müqayisədə 2 dəfə çoxdur. Ötən dövr özəl sahibkarlığın sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuş, nəticədə qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 67,6 faizə çatmışdır.
Sahibkarlarla vergi orqanları arasında münasibətlərin çevik mexanizmlər üzərində qurulması istiqamətində də müəyyən tədbirlər həyata keçirilir. Son illər Vergilər Nazirliyinin "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi" (AVİS) vasitəsilə həyata keçirilən iş prosesləri daha da genişləndirilmiş, vergi bəyannamələrinin internet vasitəsi ilə təqdim edilməsi, banklarla vergi orqanları arasında elektron sənəd mübadiləsi kimi vacib layihələr uğurla reallaşdırılmışdır. Bu tədbirlər sırasında 2010-cu il yanvarın 1-dən tətbiq edilən "Onlayn kargüzarlıq", "Elektron vergi hesab fakturası" və "Nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqi" sistemlərinin əhəmiyyətini xüsusi vurğulamaq olar. "Elektron hökumət" layihəsi çərçivəsində gerçəkləşdirilən bu sistemlər "vətəndaş-dövlət", "biznes-dövlət" və "biznes-biznes" münasibətlərinin müasir beynəlxalq standartlar səviyyəsində təşkilinə xidmət edir. Bu sistemlər eyni zamanda, vergi ödəyicilərinin vergi orqanları ilə əlaqəsinin asanlaşdırılmasına, vergi inzibatçılığında müasir elektron nəzarət mexanizmlərindən geniş istifadə edilməsinə yönəlmişdir. 2010-cu il yanvar ayının 1-dən etibarən həm də elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Ötən ilin sonuna qədər vergi ödəyicisi hesab-faktura almaq üçün müvafiq maliyyə idarəsinə getməli, müəyyən məbləğdə pul ödəməli idisə, artıq buna ehtiyac qalmamışdır. Elektron vergi hesab-fakturalarının tətbiqi həm vergi ödəyicilərinin işinin yüngülləşməsinə, onların vaxtına və vəsaitlərinə qənaət etməsinə, həm də bu sahədə aparılan vergi nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaradır.
Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınmasına və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır. Sənədə əsasən Nazirlər Kabineti 2 ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Fərmanda eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasının və aparılması qaydalarının hazırlanması nəzərdə tutulur. Sahibkarlıq sahəsində keçirilən yoxlamalar isə həmin reyestrdə qeydə alındıqdan sonra reallaşdırıla bilər.
Cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın vacibliyini də xüsusi vurğulamış, vergidən yayınma hallarını kəskin şəkildə pisləmişdir: "Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni, maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə, inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda - ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin. Beləliklə, əminəm ki, əgər biz buna maksimum dərəcədə nail ola bilsək, - deyə bilərəm ki, heç bir ölkədə, ən inkişaf etmiş ölkədə buna nail olmaq mümkün deyil, - bu, büdcəmizə həm əlavə vəsait gətirəcək, eyni zamanda, statistik göstəricilərimiz daha da dolğun olacaqdır".
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın və tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Ölkə rəhbərliyinin 2009-cu ildə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Son bir ildə yeni dövlət proqramının icrasını şəxsi nəzarətinə götürən cənab İlham Əliyev regionlara 30-a yaxın səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 100-dən çox obyektin açılış və təməlqoyma mərasimində iştirak etmişdir.
Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illərdə institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edəcəkdir.
Regionlara göstərilən diqqət və qayğının nəticəsi olaraq hesabat dövründə qeyri-neft sektorunda da artım müşahidə edilmişdir. 2010-cu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektoru üzrə 536,6 milyon manat proqnoza qarşı büdcəyə 548,5 milyon manat vəsait daxil olmuşdur.
Bu gün respublika əhalisinin təqribən 40, sənaye potensialının isə 70 faizi Abşeron yarımadasında cəmləşdiyindən, bu inzibati rayonun üzləşdiyi ekoloji problemlərin həlli xüsusilə aktualdır. Azərbaycan Prezidenti İlham Əliyev insanların fiziki sağlamlığını əsas götürərək ilk gündən ekoloji problemlərin həllinə xüsusi diqqət ayırmış, eyni zamanda, Bakıda yaşıllaşdırma işinin təkmilləşdirilməsinə, ardıcıl və sistemli şəkildə aparılmasına xidmət edən bir sıra fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır. 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi də bu sahəyə diqqət və qayğını əyani surətdə nümayiş etdirir: "Mütəmadi qaydada ekoloji monitorinq aparılmalıdır. Bu il geniş şəkildə ekoloji tədbirlər nəzərdə tutulur. Elə etməliyik ki, büdcədə bu məqsədlər üçün nəzərdə tutulan vəsait vaxtında verilsin. Çünki artıq ilin təxminən dörd ayı keçibdir. Çox işlər görülübdür. Xüsusilə, ağacəkmə ilə əlaqədar digər işlər görülübdür. Keçən dəfə dediyim kimi, biz artıq çirklənmiş göllərin təmizlənməsinə dərhal başlamalıyıq. Büdcədə vəsait nəzərdə tutulub. Elə etməliyik ki, bütün tender prosedurları tezliklə başa çatsın ki, bu işlər ləngiməsin".
Nazirlər Kabinetinin son iclasında "Mən əminəm ki, biz növbəti üç ay ərzində həm dövlət büdcəsində, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün sosial məsələlərin həlli işində plan üzrə, proqram üzrə addımlayacağıq və həmişə olduğu kimi, ölkəmizi inamla irəli aparacağıq, Azərbaycanın uğurlu dinamik inkişafını təmin edəcəyik", - deyən dövlət başçısı ölkədə qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirildiyini vurğulamışdır. Ümumilikdə, 2010-cu ilin birinci rübündə əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız qarşıdakı dövrdə də yüksək dinamizmlə inkişaf edəcək, qlobal böhranın son fazasını da uğurla adlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 6 iyun- S.
6.