Ədəbiyyatşünaslıq elminin təntənəsi

 

Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər şərəfli və məmnunluq gətirən bir iş olsa da, o qədər də çətin və məsuliyyətlidir. Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində ədəbi yaşamaq hüququ qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyev haqqında kitab yazmaq isə daha böyük məsuliyyət tələb edir.

Məhz buna görə də görkəmli ədəbiyyatşünas alimlərimizin bədii sözün intəhasız imkanlarından məharətlə istifadə edərək Azərbaycanın salnaməsinə qızıl hərflərlə yazılmış bu bənzərsiz tarixi şəxsiyyətə həsr etdikləri "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı əsəri böyük maraqla oxuyub başa çatanda bir rahatlıq hissi keçirdim. Bir daha özüm üçün kəşf etdim ki, dahilər dünyalarını dəyişirlər, lakin onların fikir və ideyaları yaşayır, aktuallığını itirmir, bütün zamanlar üçün gərəkli olur. Kitabı oxuyaraq gəldiyim ilk qənaət bu oldu ki, Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq, tənqid, bədii tərcümə sahəsindəki fikir və ideyaları bugünümüz üçün də aktual olaraq qalır. Kitabdan hasil etdiyim mühüm bir qənaət də o oldu ki, ulu öndərin istər klassik irs, istər çağdaş ədəbiyyatımız, istər ədəbi proses, istərsə də folklorumuz barədə heyrətamiz bələdliklə mülahizələr yürütməsi, məsələnin kökünə nüfuz etməsi onun fitri istedadından və mənəvi dəyərlərimizə tükənməz məhəbbətindən xəbər verir.

Onu da deyim ki, bu mövzu hələ Heydər Əliyevin sağlığında gündəmdə olmuş, 1998-ci ildə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" işıq üzü görmüşdü. Həmin kitabda akademik Bəkir Nəbiyev, müxbir üzv Yaşar Qarayev, professorlar Vilayət Quliyev və Məhərrəm Qasımlının bu gün də aktuallığını itirməyən əsərləri toplanmışdı. Lakin əsərin nəşrindən keçən illər ərzində həmin mövzu bir sıra yeni materiallarla zənginləşmişdir. Odur ki, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda yeni müəlliflər cəlb etməklə əsərin yenidən işlənmiş nəşri hazırlanmışdır. "Yenidən işlənmiş nəşri" məsələsinə aydınlıq gətirmək üçün bircə misalla kifayətlənəcəyəm. İlk kitabda akademik Bəkir Nəbiyevin məqaləsi 24 səhifə, yeni kitabda 69 səhifədir. Professor Vilayət Quliyevlə müxbir üzv Teymur Kərimlinin "Heydər Əliyev və klassik ədəbiyyat" əsərinin və professor Məhərrəm Qasımlının əsərinin həcmi iki dəfəyə qədər artıb. Professor Nizaməddin Şəmsizadənin "Heydər Əliyev və Azərbaycançılıq", eləcə də fəlsəfə doktoru Nikpur Cabbarlının "Heydər Əliyev və ədəbi proses" əsərləri isə tamamilə yeni olub, ilk dəfə məhz bu kitabda nəşr edilmişdir.

Kitabda müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin çağdaş ədəbiyyatımız, folklorumuz və klassik ədəbi irsimizlə bağlı fikir və mülahizələri şərh edilir, bu sahəyə ümummilli liderin qayğısından söz açılır və mənəviyyat sahəsində müdrik siyasətinin mahiyyəti, ədəbiyyatımızın inkişafı, yazıçı və şairlərimizin taleyi və təbliği ilə bağlı misilsiz xidmətləri zəngin faktlar əsasında açıqlanır.

Bəri başdan deyim ki, alimlərimiz bu məsuliyyətli işin öhdəsindən şərəflə gələ bilmişlər. Əsəri oxuduqca qəlbi xalqa məhəbbətlə döyünən, usanmaq bilmədən xalqa xidmət göstərən öndərin Azərbaycan ədəbiyyatı sahəsində gördüyü miqyaslı işlər göz önünə gəlir. Aydınca görünür ki, bütün başqa sahələrə olduğu kimi, o, ədəbiyyatımıza, yazıçı və şairlərə, ədəbiyyatşünaslara da qədərincə qayğı göstərmişdir. Çünki ümummilli lider cəmiyyətdə ədəbiyyatın rolunu dərindən dərk edir və yüksək qiymətləndirirdi.

Heydər Əliyev yazıçı və şairləri ədəbi dil normasının, nitq mədəniyyətinin qanunvericisi hesab edir, onların yubileylərinin keçirilməsinə xüsusi önəm verir, bir çoxlarının anlaya bilmədiyi məqamları açıqlayırdı: "Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Bu, lazımdır, özü də mütləq lazımdır. Digər tərəfdən isə belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir... Bir daha qeyd edirəm ki, bu yubileylərin keçirilməsində məqsəd həmin şəxslərin özlərinin yada salınmasından çox, xalqın elminin, mədəniyyətinin, mənəviyyatının zənginliyini nümayiş etdirməkdir və indiki nəslə, gələcək nəsillərə onlardan daha faydalı istifadə etmək üçün imkan yaratmaqdır".

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" əsərindən göründüyü kimi, ulu öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində ilk dəfə olaraq yazıçıların VI qurultayının (1981) gündəliyinə Güney Azərbaycanda ədəbi proses barədə məruzə salınmışdır. Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı problemləri üzrə katibliyin, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması da ümummilli liderin şəxsi əzmkarlığı və cəsarəti sayəsində mümkün olmuşdu. Sovet dönəmində belə bir addımı ədəbiyyatımızı və xalqımızı tükənməz məhəbbətlə sevən bir adam ata bilərdi. Az sonra Heydər Əliyev böyük cəsarət və məsuliyyət tələb edən başqa bir addım atdı. Hüseyn Cavidin nəşi Sibirin məhbəs məzarlığından gətirilib anadan olduğu Naxçıvanda torpağa tapşırıldı. Sovet rejiminin qılıncının dalı da, qabağı da amansızcasına kəsdiyi bir zamanda bunun necə təhlükəli addım olduğunu yaşlı adamlar yaxşı bilirlər. Yaşlı adamlar onu da yaxşı bilir ki, sovet dönəmində Azərbaycan Sovet Ensiklopediyasının binasının tikilməsi və oncildlik ensiklopediyamızın hazırlanması və çapı da Heydər Əliyevin titanik zəhməti hesabına başa gəlib.

Heydər Əliyev folklor, xalq musiqisi, etnoqrafiya kimi ən müxtəlif sahələri ehtiva edən milli-mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərirdi. Onun Azərbaycana rəhbərlik etdiyi dönəmdə Azərbaycan Aşıqlar Birliyi, Aşıq Pəri məclisi, Muğam teatrı, "Bulaq" və "Ozan" kimi tele-radio verilişləri meydana gəldi və milli-mənəvi dəyərlərimizin təbliğində əlahiddə xidmətlər göstərdi. Folklorumuzun toplanması, nəşri və tədqiqi sahəsində işi canlandırmaq üçün Heydər Əliyevin zamanında analoqu olmayan Folklor İnstitutu yaradıldı. Öndərin təşəbbüsü ilə ikicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası yaradıldı.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də azərbaycançılıq ideologiyasını formalaşdırması oldu. "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələri yaşatmalıyıq" - deyən ümummilli liderə görə dil yalnız mənəviyyat problemi olmayıb, Azərbaycan ideologiyasının təməl problemidir. Öndərimiz Azərbaycan dilinin taleyinə millətin və dövlətin taleyi müstəvisindən baxır və qətiyyətlə deyirdi: "Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir".

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" əsərindən hasil olan başlıca qənaətlərdən biri də odur ki, öndər görkəmli dövlət xadimi olmaqla bərabər, eyni zamanda, Azərbaycan mənəviyyatının ən mühüm sahələrinə dair dərin biliklərə sahib olan qeyri-adi şəxsiyyət, Azərbaycan mənəviyyatının ən böyük daşıyıcısı kimi tariximizdə qaldı.

Heydər Əliyevin gördüyü vüsətli işlər bütövlükdə əsərdə öz əksini tapıb. Mübaliğəsiz deyə bilərik ki, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" hamının stolüstü kitabı olmağa layiq qiymətli tədqiqat əsəridir. Odur ki, əsərin Dövlət mükafatına layiq görülməsi təqdirəlayiq hadisədir.

Dövlət mükafatını alimlərimizə təqdim edən möhtərəm Prezident İlham Əliyevin ədəbiyyatımız, elmimiz və dilimizin inkişafı yolunda gördüyü müstəsna işlər də kitabda qədirşünaslıqla gündəmə gətirilir. Xüsusi vurğulanır ki, Prezidentin milli-mənəvi və dövlətçilik əhəmiyyəti daşıyan sərəncamları çox vacib sənədlər olub, tarixi əhəmiyyət kəsb edir.

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı bu maraqlı əsərdən hasil etdiyim qənaətlər çoxdur. Onlardan biri, bəlkə də ən başlıcası odur ki, İlahinin Heydər Əliyevə bəxş etdiyi bitib-tükənməyən enerjini o, Azərbaycan xalqının gələcəyi naminə sərf etmişdir.

Müəlliflər öndərimizin miqyaslı fəaliyyəti ilə bağlı faktları zərgər dəqiqliyi ilə elə seçib, elə məharətlə təqdim ediblər ki, hər məqamda onlardan özün üçün bir yenilik hasil edirsən.

Tam əminliklə deyə bilərik ki, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" əsəri bir yandan ulu öndərin həyata keçirdiyi tarixi işlərə layiqli töhfə olmaq baxımından, digər tərəfdən də ədəbiyyatşünaslıq elmimizin təntənəsi baxımından həqiqi qiymətini alıb, Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

 

 

Qəzənfər PAŞAYEV,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 6 iyun.- S.  7.