Uğurlu tamaşalar

 

Azərbaycan xalqının mədəni yüksəlişində musiqili teatrın da böyük rolu olmuşdur. Müsəlman şərqində ilk operanın - "Leyli və Məcnun" operasının məhz Azərbaycanda tamaşaya qoyulması və bu əsərə xalqın marağının yüz ildən artıq bir dövrdə daha da artması mənəvi-bədii keyfiyyətləri muğam kökləri üzərində qurulmuş xalqımızın əsl incəsənət nümunələrinə böyük sevgisinin nəticəsidir. Başlanğıcını Üzeyir musiqisinin qəlb oxşayan notlarından götürmüş xalqımız öz musiqi zövqünü daha da püxtələşdirərək klassik musiqini qavrama imkanlarını ölçüyəgəlməz dərəcədə artırmışdır.

Musiqi məbədimiz olan opera və balet teatrının tamaşalarından zövq almağa adət etmiş əcnəbi qonaqlar azərbaycanlıların Qərb opera musiqisinə olan maraqlarının genişliyinə təəccüblərini gizlətmək də istəmirlər. Amma son dövrlərdə milli muğam sənətimizin sərhədləri aşaraq dünyaya yayılması əcnəbiləri də öz sehrinə salmışdır. Onlar anlamağa başlamışlar ki, muğam xalqımıza göndərilmiş Tanrı sevgisidir. Muğam hətta Qərb klassik musiqi əsərlərinin açarıdır. Muğamı anlayan hər kəs dünyanın klassik musiqi şedevrlərinə biganəlik göstərə bilməz. Azərbaycanlı seyrçilər və dinləyicilər milli muğam operalarımızı sevdikləri qədər də Avropa operalarını sevirlər. Jorj Bizenin "Karmen" operasının uvertürasını dinləyərkən sanki "Heyratı" muğamının təranələrinin sehrinə düşürsən. Vaxtilə rus və alman bəstəkarları (Qlinka və Rixard Ştraus) öz əsərlərində Azərbaycan musiqi materialından ustalıqla istifadə etmişlər. Azərbaycan operasevərlərinin artan tələblərini yüksək səviyyədə yerinə yetirmək üçün Akademik Milli Opera və Balet Teatrının rəhbərliyi və istedadlı kollektivi əsl yaradıcılıq nümunəsi nümayiş etdirir. Dünya operası şedevrlərinin ("Toska, "RİQOLETTO","Trubadur", "Çio-çio-san", "Məzhəkəçilər", "Traviata" və s.) teatrın repertuarında möhkəm yer tutması qədirbilən tamaşaçıları sevindirməyə bilmir.

Maraq xatirinə deyək ki, sivil dünyanın məşhur opera teatrlarının heç birində daimi solist heyəti yoxdur. Tamaşaçıların rəğbət bəslədikləri ifaçılar hələ qədim dövrlərdən kənar teatrlardan dəvət olunur. Bu, tamaşaçıların zövqünü oxşamaq məqsədilə edilir. Tutumlu, geniş diapozonlu səsi olan qastrolçu solist bu və ya digər tamaşanın ürəyi sayılır. O, tamaşaya yenilik, tamaşaçıya sevinc gətirir. Bu yaxınlarda Azərbaycan Milli Opera və Balet Teatrının səhnəsinə böyük italyan bəstəkarı Cüzeppe Verdinin həmişə sevilməkdə olan "Aida" operasının tamaşaya çıxarılması Bakının musiqi həyatında önəmli hadisəyə çevrildi. Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, prestijli beynəlxalq müsabiqələr qalibi Azərbaycan operasevərlərinin yaxın dostu Teymuraz Ququşvili firon sarayının keşik başçısı Radames, Ukraynanın əməkdar artisti vokalçıların Sloveniyada keçirilən Ondina Otta adına beynəlxalq müsabiqəsinin "Qran Pri" mükafatı laureatı, Helsinkidə keçirilən beynəlxalq opera sənəti festivalında Aida partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafatın sahibi, Ukrayna operasının "Qızıl səsli" ifaçısı Viktoriya Çenskaya Nubiya (Həbəşistan) padşahının qızı Aida, Azərbaycan Respublikasının əməkdar artisti Fidan Hacıyeva Misir fironunun qızı Amneris, respublikanın əməkdar artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin diplomantı Gülnaz İsmayılova Kahinə qız partiyalarında kamil ifaçılıq nümunələri göstərməklə tamaşaçılara böyük zövq verdilər.

"Aidə" ərəb sözü olub "fayda", "mükafat" deməkdir. Bu opera Misirdəki türk xədivi İsmayıl paşanın Süveyş kanalının inşasının başa çatması şənliklərində Qahirənin "Opera" teatrında tamaşaya qoyulmaq üçün Cüzeppe Verdiyə sifarişi sayəsində ərsəyə gətirilmişdir. Böyük bəstəkar bu operanın musiqisini dörd aya bəstələmişdir. Bitkin musiqi nömrələri dramatizmlə dolğun səhnələrdə xoş uyarlıq yaradır. Həmin səhnələrdə Verdi musiqiçi virtuoz kimi görünməmiş emosional zirvələr fəth etmişdir. "Aida" operası Cüzeppe Verdinin melodiyalar aləminə böyük nüfuzetmə qabiliyyətinin məhsuludur. Operanın bəzi hissələri, məsələn, ikinci pərdədə təntənəli qələbə marşı Aida və Radamesin qaranlıq zindanda "Müqəddəs torpaq, əfv et, sən bütün iztirabları özündə saxlayırsan" son dueti və s.Verdi yaradıcılığının əlçatmaz zirvələridir. Bu melodiyalar Azərbaycan dinləyicisinə heç də yad deil, bəlkə də doğmadır. Dinləyiciyə elə gəlir ki, onu ovsunlayaraq qəlbinə yol tapan təntənəli marş "Bayati Şiraz" muğamının "Bərdaşt" və "Mayeyi Bayati Şiraz" şöbələri üstündə yazılmışdır. Bəlkə də bu dediklərimiz İtaliya və Azərbaycan musiqilərinin bir-birinə yaxınlığından irəli gəlir.

Onu da deyək ki, Radamesin, Aidanın, Amnerisin ariyaları ifası heç də asan olmayan musiqi materiallarıdır. İki oktava yarım səs diapazonu olmayan ifaçıların bu ariyaların ifasına girişmələri müşkül məsələdir. Azərbaycan opera səhnəsində geniş səs imkanlı ifaçıların obyektiv və subyektiv səbəblərdən yoxluğunu nəzərə alan teatrın rəhbərliyi tamaşaçıların operadan gözlədikləri zövqü ala bilmələri üçün kənar teatrlardan qastrolçu çağırmağı ən optimal variant saymışlar. Heç də hər bir qastrolçu tamaşaçıların incə zövqünü oxşaya bilmir. Ona görə ki, səs imkanları buna yol vermir. Bakıya dəvət edilmiş qastrolçu-tenorların bir çoxu (xüsusilə Gürcüstanın Opera və Balet Teatrından vaxtilə dəvət olunmuş tenorlar Radamesin birinci pərdədə sevgilisi Aidaya xitabən oxuduğu ariyasının final hissəsinin öhdəsindən gələ bilməməsi faktları məlumdur. Belə hallarda bu natamamlıq incə duyumlu tamaşaçıların diqqətindən yayınmadığına görə öz narazılıqlarını çatdırmağı lazım bilirlər. Operasevərlərə yaxşı məlumdur ki, Nil çayının sahili pərdəsində Aidanın oxuduğu ariya böyük vokal çətinlikləri ilə əlaqədardır. Hətta özlərini dünyada görkəmli soprano kimi tanıtmaq istəyən qadın ifaçılarımız, xalq artisti Qərinə Kərimova istisna edilmək şərti ilə Aidanın ariyasının son finalotunu (yuxarı "do" notunu) uğursuzluqla götürür, bəzən də heç götürə bilmirlər. Bu, təəssüf doğurur. Belə halların qarşısını almaq üçün növbəti mövsümdə teatrın direktoru Akif Məlikovun kənardan qastrolçu çağırmaq təşəbbüsü alqışlanmalıdır. Gürcüstan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı - möhtəşəm səs imkanlı tenor Teymuraz Ququşvili əvvəldən axıradək Radamesin ariyalarını ustad sənətkarlara xas tərzdə xoşagələn oxudu. Onun həm bəm, həm də zil registrlərdə eyni rəvanlıqla oxuya bilməsi dinləyiciləri son dərəcə razı saldı.

Tamaşadan sonra afişanın qarşısında dayanıb "Aida" operasının aparıcı solistlərinin adlarını diqqətlə oxuyan bir tamaşaçı üzünü mənə tutub dedi: "Görəsən, bizim belə ifaçılarımız nəyə görə yoxdur?"

Bu sualı Bakı Musiqi Akademiyasının vokalçılar hazırlayan əməkdaşlarına verməsini məsləhət gördüm.

Tamaşada firon qızı Amnerisin partiyasının ifaçısı metso-soprano səsli Fidan Hacıyeva son dərəcə yaxşı oxudu. O, həm incə görkəminə, həm də ifaçılıq qabiliyyətinə görə çox diqqətçəkən idi. Fidan metso-soprano səs diapazonu üçün səciyyəvi olmayan yuxarı registrlərdə çox asanlıqla və təmiz oxumaları dəfələrlə tamaşaçıların gur alqışları ilə dəyərləndirildi.

Koloratur soprano səsli Gülnaz İsmayılova kahinə qızın partiyasını ustad sənətkar kimi oxudu

Respublikanın əməkdar artisti, Bülbül adına birinci beynəlxalq müsabiqənin "Qran Pri" laureatı, möhtəşəm bas səs sahibi Əli Əskərov hər dəfə olduğu kimi bu dəfə də ustad vokalçı kimi məharətini göstərdi.

Gürcüstanın əməkdar artisti Eldar Kesadze səhnə həmkarlarının fonunda təəssüf ki, çox solğun göründü.

Təqdirəlayiq haldır ki, teatr kollektivi müasir dövrün tələblərindən geri qalmamaq üçün dünya operasının görkəmli xadimləri ilə yaradıcılıq əlaqələri yaratmışdır. Almaniyanın görkəmli musiqiçisi professor Korneliya fon Kersenbrok Bakıda zaman-zaman ustad dərsləri keçir.

Almaniyalı Pyer Dominik Ponellinin Cüzeppe Verdinin "Traviata" operasına böyük məharətlə dirijorluq etməsi Bakı tamaşaçılarının yaddaşına möhkəm həkk olunmuşdur.

Paytaxt tamaşaçıları Rossininin "Sevilya bərbəri" operasının uğurlu alınmasında dirijor, Rusiyanın əməkdar incəsənət xadimi, professor Andrey Anixanovun xüsusi rolunu yüksək dəyərləndirmişlər.

Rusiyanın əməkdar incəsənət xadimi Arkad Şteynlux Puççininin "Toska" operasının uğurla oynanılması üçün xeyli zəhmət çəkmişdir.

Ukraynanın əməkdar incəsənət xadimi, professor Valentina Reka Cüzeppe Verdinin "Riqoletto", Rusiyanın xalq artisti professor Aleksandr Petrov Puççininin "Toska", Ukraynanın əməkdar incəsənət xadimi, professor Nikolay Tretyak Verdinin "Bohema" opelarının tamaşalarına bəyənilmiş quruluş vermişlər.

Bakıya dəvət olunmuş Rusiyanın xalq artisti Liya Sabitova İohann Ştrausun uşaqlar üçün "Düyməcik" baletini səhnələşdirməklə onların böyük sevincinə səbəb olmuşdur.

Estoniyanın əməkdar incəsənət xadimi Vasili Medvedev Qara Qarayev baletinə yeni quruluş verməklə onu daha baxımlı etmişdir. Yaradılmış beynəlxalq əlaqələr tamaşaların uğurlu alınmasına və tamaşaçı rəğbəti qazanmasına yardımçı olmuşdur. Bütün bunlar Azərbaycan Opera və Balet Teatrının uğurları siyahısına salınmalıdır.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.- 6 iyun- S.  7.