Mavi səma, yaşıl meşə,
göy dəniz
"Bakı Tur"da hesab edirlər
ki, turizmin inkişafı üçün bu amillərlə
yanaşı, infrastrukturun inkişafı və xidmət mədəniyyətinin
yüksəlməsi xüsusilə önəmlidir
Azərbaycanın gözəl təbiəti, geopolitik mövqeyi, tarixi-memarlıq abidələri, qədim adət-ənənələri zaman-zaman xarici ölkələrdən gələn turistlərin, iş adamlarının, dövlət rəsmilərinin diqqətini cəlb etmiş, yurdumuz haqqında təəssüratlarını qat-qat zənginləşdirmişdir. Son illər paytaxtda və bölgələrdə aparılan abadlıq-quruculuq işləri, yeni istirahət-sağlamlıq komplekslərinin, otellərin tikilməsi, infrastrukturun təkmilləşdirilməsi ölkəmizə turist axınının daha da güclənməsinə rəvac verib.
Azərbaycana üz tutan xarici ölkə vətəndaşlarında yurdumuz haqqında təəssüratın zənginləşməsində, onların istirahətinin, müalicəsinin təşkilində mühüm xidmətləri olan qurumlardan biri də "Bakı Tur" turizm agentliyidir. Turizm sahəsində zəngin təcrübəsi olan Fais Məmmədov uzun illərdir ki, bu quruma rəhbərlik edir. O, ölkəmiz haqqında əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğində, əhalimizin qonaqpərvərliyinin təqdimində turizmin əvəzsiz xidmətləri olduğunu bildirir:
- Turizm təşkilatlarının əməkdaşları əslində, böyük ideoloji-siyasi, humanitar vəzifələri yerinə yetirirlər. Xaricdən gələn hər bir qonağın nəzərində Azərbaycanın və azərbaycanlıların həqiqi obrazını yaratmaq missiyası həqiqətən də, şərəfli işdir. Rəhbərlik etdiyim "Bakı Tur" turizm agentliyi və Nabrandakı "Xəzər" istirahət kompleksi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində olan qurumlardır. "Bakı Tur" turizmin müxtəlif növləri ilə - azərbaycanlıların xarici ölkələrə turist gəzintilərinə göndərilməsi, xaricdən ölkəmizə qonaqların dəvəti, xarici ölkələrdə yerləşən sanatoriyalarda müalicə turlarının təşkili, Azərbaycan vətəndaşlarının ölkəmizin istirahət mərkəzlərində dincəlməsi, nəqliyyat, sığorta, bələdçi xidmətləri ilə məşğuldur.
2010-cu ilin yay mövsümünə hazırlığı başa çatdırmışıq. "Bakı Tur" müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində fəal iştirak edərək builki mövsüm üçün bir sıra müqavilələr bağlamışdır. Adətən, xarici turistlər ölkəmizdə üç-dörd gündən artıq qalmırlar. Lakin may ayında Fransadan gələn qonaqlarımız Azərbaycanı 13 gün ərzində bölgə-bölgə gəzdilər, yurdumuzun qədim tarixi-memarlıq abidələri, əhalinin məşğulluğu, adət-ənənələri, qonaqpərvərliyi ilə yaxından tanış oldular. Qeyd edim ki, 16 fransızın ən cavanı 70 yaşında idi. Otuz yaşlı bələdçimiz danışır ki, çətin dağ keçidlərində, çay yarğanlarında cəld və hər şeylə maraqlanan fransızlara çata bilmirmiş.
Qonaqlarımızın əksəriyyəti Böyük İpək yolu marşrutu ilə gəzintiyə üstünlük verir. Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Balakən rayonlarının zəngin təbiəti, paytaxtın təkrarsız gözəlliyi xarici turistləri xüsusilə cəlb edir. Bu il Almaniyadan 250 turistin gəlməsini gözləyirik. Çin, Norveç, Amerika Birləşmiş Ştatları və digər ölkələrin turizm şirkətləri ilə də müqavilələr bağlamışıq. İnkişaf etmiş ölkələrin turistlərini təbii gözəlliklərlə yanaşı, qədim mədəniyyət abidələrimiz, folklorumuz, məişətimiz, adət-ənənələrimiz daha çox maraqlandırır. Çoxları Azərbaycan ailələrində olmağı, ləziz yeməklərimizdən dadmağı arzulayır.
Son illər ölkəyə turist axınının artımını statistik rəqəmlər də təsdiqləyir. Ötən il 2008-ci ilə nisbətən xarici qonaqların sayı 20-25 faiz artmışdısa, bu il həmin rəqəmin 50 faizədək artacağı proqnozlaşdırılır. Təbii ki, bu artım Azərbaycanda olan ictimai-siyasi sabitliyin, dövlətimizin apardığı daxili və xarici siyasətin, ölkəmizin sosial-iqtisadi uğurlarının nəticəsidir. Bu yaxınlarda İngiltərənin Mançestr şəhərindən gələn turistlərdən birinin "Mən çox məmuniyyətlə Azərbaycanda yaşayardım" - deməsi Azərbaycanın hərtərəfli inkişafından, turizm sənayesinin yüksəlişindən xəbər verir. Bizim hər birimiz - ta hava limanından tutmuş, gömrük xidmətində, nəqliyyatda, polisdə, ictimai-iaşə obyektlərində çalışan hər bir azərbaycanlı - xarici qonaqlarda ölkəmiz haqqında xoş təəssürat yaratmağı bacarmalıyıq. Yaddan çıxarılmamalıdır ki, turistlər adi salamlaşmağı, hal-əhval tutmaq tərzini də yüksək qiymətləndirirlər.
Azərbaycanda turizm sənayesi dövlətin prioritet hesab etdiyi sahələrdəndir. Biz bu məsələdə inkişaf etmiş ölkələrdən, eləcə də qardaş Türkiyədən çox şey öyrənməliyik. Bir faktı deyim ki, hər il Türkiyəyə 26-27 milyon xarici ölkə vətəndaşı turizm marşrutları ilə qədəm basır. Təsəvvür edirsinizmi, bu, ölkə iqtisadiyyatına hansı dividendlər gətirir?! Azərbaycana gələn hər turist orta hesabla 700-800 ABŞ dolları xərcləyir. Biz elliklə çalışıb turistlərin sayını artırmaqla həm Azərbaycanın büdcəsinə xeyli fayda vermiş, həm də ölkəmizin siyasi nüfuzunu artırmağa kömək etmiş olarıq.
"Bakı Tur" dünyanın müxtəlif ölkələrindəki 300 sanatoriya ilə müqavilə bağlamışdır. Rusiyanın, Ukraynanın, Çexiyanın, Baltikyanı ölkələrin, Rumıniyanın, Bolqarıstanın, Almaniyanın, İsveçrənin müalicə ocaqlarında öz sağlamlığını bərpa etmək istəyən vətəndaşlar bizə müraciət edə bilərlər. Paytaxtımıza turist kimi gələn xarici ölkə vətəndaşlarının, idmançıların, iş adamlarının qarşılanması, otellərdə yerləşdirilməsi, nəqliyyat vasitələri ilə təmin edilməsi də üzərimizə düşən vəzifələrdəndir. Bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq qılıncoynatma çempionatında iştirak edən 1650 idmançıya bütövlükdə servis xidmətini biz təşkil etmişdik. Beynəlxalq Qılıncoynatma Federasiyası prezidentinin əməyimizi yüksək qiymətləndirməsi fəaliyyətimizin göstəricisi hesab olunmalıdır.
Nabrandakı "Xəzər" istirahət kompleksi bütövlükdə 21 hektar sahədə yerləşir. Eyni zamanda, 500 nəfərə xidmət edir. AHİK-nın yollayışları ilə gələn vətəndaşlara 15-18 gün ərzində yüksək səviyyədə xidmət göstərilir. "Xəzər" ailəvi istirahət mərkəzi kimi tanınıb və biz bu imici həmişə qorumaq fikrindəyik. Buraya gələnlər idmanın müxtəlif növləri ilə məşğul olur, çimərlikdə dincəlir, əyləncə proqramlarına qatılırlar. İstirahət mərkəzində təmir işləri bu gün də davam edir. Yaxşı olardı ki, müvafiq strukturlar bir sıra sosial problemlərin həllini sürətləndirməklə bizə kömək etsinlər. Mərkəzə qaz çəkilişi qarşıda duran vəzifələrdəndir. Nabranı Azərbaycanın Antalyası sayırlar. Amma təəssüf ki, xarici qonaqlar Nabrandansa Şəki-Zaqatala, Qəbələ bölgələrinə, Şamaxıya getməyi daha üstün tuturlar. Bu, ilk növbədə, Nabranda müşahidə olunan antisanitariya vəziyyəti ilə bağlıdır. Hələ SSRİ dövründə "Xəzər" Ümumittifaq sağlamlıq ocağı kimi tanınırdı. Bu istirahət mərkəzinin əvvəlki şöhrətini qaytarmaq mümkündür. Bir şərtlə ki, infrastrukturun yaxşılaşdırılması üçün əməli tədbirlər görülsün və qiymət siyasətinə yenidən baxılsın.
Fais Məmmədov Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra mülahizələrini də bildirdi. O, bələdçi probleminin tezliklə həll edilməsi zərurətini diqqətə çatdırdı:
- Doğrudur, Azərbaycan Turizm İnstitutunun fəaliyyətə başlaması turizm sənayesinin yeni kadrlarla komplektləşdirilməsini yoluna qoyacaq. Amma heç də belə təsəvvür yaranmasın ki, xarici dilləri bilən hər kəs rahatlıqla bələdçi işləyə bilər. Bələdçilər əslində, Azərbaycanın vizit kartı kimi qiymətləndirilməlidir. Bu adamlar xalqımızın tarixini, milli adət-ənənələrini dərindən bilməli, xarici qonaqlarla ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Əks təqdirdə, Azərbaycana gələn əcnəbilərdə yurdumuz haqqında tam təəssürat yaratmaq mümkün olmaz.
Akif CABBARLI
Azərbaycan.- 2010.- 6 iyun- S.
7.