Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri doktor İlham Əliyevə
Hörmətli cənab Prezident!
Müdafiə naziri Qeytsin Bakıya səfərindən istifadə edərək, ölkələrimiz arasında tərəfdaşlığı dəyərləndirdiyimi bildirmək istəyirəm.
Birləşmiş Ştatlar regional və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verdiyi mühüm töhfəni qiymətləndirir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkənizlə əməkdaşlığımız atanızın rəhbərliyi altında başlamışdır. Ümidvaram ki, biz gələn aylar və illər ərzində münasibətlərimizi genişləndirməyə və dərinləşdirməyə qadir olacağıq.
Bu gün Azərbaycan əsgərləri Əfqanıstanda nümunəvi xidmət göstərir və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (BTYQ) təkrar təchizatın asanlaşdırılması məqsədilə Azərbaycanın yollarını, dəmir yollarını və hava məkanını açmaq qərarınız ölkənizin təhlükəsizlik sahəsində qətiyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi. Enerji sahəsində Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi həmçinin regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi. Azərbaycanın davamlı surətdə ATƏT-in Minsk qrupu prosesinə sadiq qalması və prezident Sarkisyanla apardığınız mühüm dialoq regional təhlükəsizliyə vacib töhfə verir. Mən, eyni zamanda, inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaqdır.
Mənə münasibətlərimizdə ciddi məsələlərin olması məlumdur, lakin əminəm ki, biz onları həll edə bilərik. Nazir Qeytsin bu səfəri və gələcəkdə yüksək səviyyəli səfərlər zamanı biz regional təhlükəsizlik, demokratiya və çiçəklənmə naminə ikitərəfli dialoqu irəliyə doğru aparmaq və əməkdaşlığımızı daha da inkişaf etdirmək imkanlarını araşdıracağıq.
Səmimiyyətlə,
Barak OBAMA,
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Azərbaycan.- 2010.- 8 iyun- S.
1.