Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyət mürəkkəb və gərgin olaraq qalır

 

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts iyunun 7-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür.

Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimindən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, keçirilən geniş tərkibli görüşdə əsası 1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-ABŞ hərbi əməkdaşlığının tarixçəsinə qısa nəzər salan müdafiə naziri Səfər Əbiyev Azərbaycanda Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa böyük önəm verildiyini vurğulamışdır.

Nazir bildirmişdir ki, ABŞ-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf prioritetləri iyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən ABŞ müdafiə naziri Robert Qeyts ilə danışıqların müzakirə mövzusu olmuşdur.

Beynəlxalq terrorizmlə mübarizəyə və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan nazir Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını demişdir. O, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirmiş və Azərbaycanın bu ölkədən daha fəal addımlar gözlədiyini qonağın diqqətinə çatdırmışdır. Görüşdə Səfər Əbiyev 907-ci düzəlişin ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusi vurğulamışdır.

ABŞ-ın müdafiə naziri Robert Qeyts qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək qeyd etmişdir ki, Prezident Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ və Azərbaycanın starateji tərəfdaş ölkələr olduğunu göstərir. R.Qeyts vurğulamışdır ki, ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ABŞ Prezidenti Barak Obamanın diqqətinə çatdıracaqdır. Bir sıra mühüm məsələlərə toxunan amerikalı nazir 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini demişdir.

Sonda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ümidvar olduğunu bildirmişdir ki, ABŞ müdafiə nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında tərəfdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  2.