Azərbaycanla Rusiya arasında əməkdaşlıq
yüksələn xətlə inkişaf edir
İkitərəfli əlaqələrə
parlamentlərin də töhfəsi var
Dünyamız yüzilliklərin və minilliklərin qovuşduğu bir dövrün içərisindədir. Tarixilik baxımından bu dövr hələlik çox böyük olmasa da bu zaman kəsiyində cərəyan edən hadisələr say və miqyas etibarı ilə həddən artıq zəngindir. Dünyanın ayrı-ayrı ölkələri bu dövrü həm təbiət, həm də cəmiyyət hadisələri müstəvisində müxtəlif cür, özünəməxsus şəkildə yaşamaqdadır. Lakin ötən əsrin sonunda SSRİ kimi nəhəng bir dövlətin dağılması onun tərkibinə daxil olan ölkələrə müstəqillik qazanmaq baxımından eyni taleyi yaşamaq şansını qazandırdı.
Tarix bu şansı Azərbaycanımıza ikinci dəfə idi ki, bəxş edirdi. XX əsrin əvvəllərində qazandığımız müstəqilliyin ömrü çox qısa olmuşdur. Ona görə də əsrin sonlarında tarixin bizə bəxş etdiyi müstəqilliyi qorumaq hər bir azərbaycanlının müqəddəs borcuna çevrildi. Heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin sonralar bu barədə söylədiyi fikirlər vətənimiz qarşısında bu borcun nə qədər müqəddəs olduğunu aydın şəkildə ortaya qoydu. Ulu öndərimiz deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bu fikirlər tarixin sonrakı gedişatının hər bir anında öz təsdiqini tapdı. Dünya ölkələri ilə müstəqil xarici siyasət həyata keçirmək və bu siyasəti gündən-günə inkişaf etdirmək müstəqil Azərbaycan dövlətinin ümumi siyasətinin ən prioritet sahəsinə çevrildi. Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin səyi nəticəsində bu siyasətin konturları ustalıqla cızıldı. Azərbaycan həm beynəlxalq aləmlə, həm də dünyanın ayrı-ayrı dövlətləri ilə müstəqil siyasət həyata keçirməyə başladı, münasibətlərin qarşılıqlı faydalı nəticələrinə töhfəsini verməyə çalışdı. Azərbaycanın önündə yaxın və uzaq ölkələrlə dünyanın qəbul etdiyi və yüksək qiymətləndirdiyi balanslaşdırılmış siyasət meydanı yarandı. Azərbaycan bu meydanda özünü dərk etməklə, dövlətçiliyi möhkəmləndirməklə, onu inkişaf etdirməklə bərabər həm də özünü dünyaya tanıtmaq imkanları əldə etdi. Bu təbii ki, əzablı yolların, məşəqqətli günlərin, ağır siyasi, iqtisadi böhranın, ümumilikdə ölkəmizin qarşılaşdığı bəlaların üzərində Heydər Əliyev müdrikliyinin təntənəsi idi. Azərbaycan yavaş-yavaş ağır günlərini arxada qoyaraq dünya ölkələri ilə, o cümlədən Rusiya ilə əlaqələrə yenidən nəzər salmağa başladı və bu əlaqələr kərpic-kərpic yenidən tikildi, quruldu və bugünkü yüksək səviyyəsinə nail olundu. Azərbaycanla Rusiya arasında olan münasibətlərin tarixi kökləri çox qədimdir və çoxşaxəli xarakter daşıyır. Xüsusilə dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafının hüquqi bazasını daha da möhkəmləndirir, münasibətlərin inkişafında yeni mərhələlər ortaya qoyur. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edən əsas sənədlərdən biri 1997-ci il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu vaxta qədər isə Azərbaycanla Rusiya arasında 159 dövlətlərarası, hökumətlərarası və regionlararası sənəd imzalanıb. Bu gün Rusiya Federasiyası ilə Azərbaycan arasında sözün həqiqi mənasında səmimi dostluq və qonşuluq əlaqələri mövcuddur. Qarşılıqlı tərəfdaş kimi ölkələrimiz həyatın bütün sahələrində əlaqələrin qurulmasında və inkişafında bütün potensial imkanlardan istifadə edir. Parlamentlərimiz ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır və bu sahəyə daim öz dəstəyini və töhfəsini verməyə çalışır. Parlamentlərarası əlaqələrin müxtəlif məqamlarına, qarşılıqlı səfərlərə, beynəlxalq qurumlarda və parlament assambleyalarında qarşılıqlı fəaliyyətə nəzər salmaq istəsək nə bir yazı ilə, nə bir məqalə ilə, nə də bir kitabla bu işin öhdəsindən gələ bilərik.
Biz bütün bunların fonunda sadəcə olaraq Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətinin iyunun 3-dən 5-dək Moskvaya olan səfərinin nəticələrinin bəzi məqamlarına toxunmaq istəyirik. Bəri başdan bu səfərin nümayəndə heyətimizin hər bir üzvündə doğrudan da xoş təəssürat yaratdığını əminliklə deyə bilərik. Moskvada Azərbaycanı onun mədəniyyətini, məişətini xatırladan ölkəmizi və onun paytaxtı Bakını moskvalılara və bu nəhəng şəhərin qonaqlarına təqdim edən, tanıtdıran çox yerlər və çox məqamlar var. Domadedova hava limanında, eləcə də nümayəndə heyətimizin yerləşdiyi mehmanxananın, Federasiya Şurasının və Dövlət Dumasının binaları qarşısında Rusiya və Azərbaycan bayraqlarının qoşa dalğalanması obrazlı desək nümayəndə heyətimizə dövlət səviyyəsində "xoşgəldin" idi. Bu həm də Moskva sakinlərinə dost Azərbaycandan qonağımız var mesajı idi. Bu səmimiyyət bütün görüşlərdə öz təsdiqini tapırdı.
İyunun 3-də Milli Məclisin Sədri Oqtay Əsədovun ilk görüşü Rusiya Federasiya Şurasının Sədri Sergey Mironov ilə oldu.
Sergey Mironov Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Sergey Mironov hər iki ölkənin parlament nümayəndələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışaraq, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı. Onun fikrincə, iki ölkənin parlamentlərarası əlaqələri uğurla inkişaf edir və bu, bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinə xas ümumi müsbət dinamikanı əks etdirir. Dövlət rəhbərlərinin və parlament sədrlərinin daimi dialoqu və mütəmadi səfərləri mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinə öz konstruktiv töhfəsini verir.
Rusiya parlamenti yuxarı palatasının rəhbəri Azərbaycanın Böyük Vətən müharibəsi veteranlarının, hərbçilərinin və şəxsən Prezident İlham Əliyevin Böyük Qələbənin 65 illiyi münasibətilə Moskvada keçirilən təntənələrdə iştirakını xatırlayaraq qeyd etdi ki, bu, Azərbaycan və Rusiya xalqlarının qarşılıqlı münasibətlərinin möhkəm zəmin üzərində qurulmasına dəlalət edir.
Görüşdə Oqtay Əsədov qeyd etdi ki, dövlətlərimizin başçılarının şəxsi münasibətləri və səmərəli əlaqələri ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verir. Sədr Azərbaycan və Rusiya parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və görüşlərinin xüsusi əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu, ikitərəfli münasibətlərin və əlaqələrin getdikcə dərinləşdirilməsinin və inkişaf etdirilməsinin ciddi amilidir. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütün istiqamətləri üzrə səmimi dostluq əlaqələri qurulmuş, qarşılıqlı anlaşma mövcuddur. Söhbətdə Sədr xatırlatdı ki, 2001-ci ildə Milli Məclis ilə Federasiya Şurası arasında saziş imzalanmış, 2003-cü ildə isə parlamentlərarası komissiya yaradılmışdır. Bir neçə gün bundan əvvəl Moskvada bu komissiyanın 9-cu iclası keçirilmişdir. Milli Məclisin Sədri parlamentlərarası münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edərək bu səviyyədə, habelə MDB Parlamentlərarası Assambleya və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətini vurğuladı.
Oqtay Əsədov bildirdi ki, Azərbaycanda yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələrinin etnik, mədəni və dini ənənələrinin, dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün çox iş görülür. Bu yaxınlarda Azərbaycanda Dünya Dini Liderlərinin sammiti keçirilmişdir. Tədbirdə Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill iştirak etmişdir.
Spiker görüşdə qeyd etdi ki, Azərbaycanda Birlik ölkələrinin bir neçə icması, habelə Rusiya İnformasiya-Mədəni Mərkəzi fəaliyyət göstərir. Ölkənin bütün ali məktəblərində rus bölmələri var, bir çox orta təhsil müəssisələrində tədris rus dilindədir. Bu isə Azərbaycanda rus dilinə və mədəniyyətinə verilən əhəmiyyəti əks etdirir.
Milli Məclisin Sədri Oqtay Əsədov vurğuladı ki, Rusiyada Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nümayəndəliyi uğurlu fəaliyyət göstərir. Nümayəndəlik ölkələrimizin gəncləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün çox iş görür. Bu yaxınlarda Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) konfransı keçirilmişdir. Konfransda Azərbaycan və Rusiya gəncləri iştirak etmişlər. Qeyd edildi ki, Rusiyada nəşr olunan "Baku" jurnalı da Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi, Azərbaycan reallıqları barədə Rusiya ictimaiyyətinə obyektiv informasiya verilməsi işinə xidmət edir.
Parlamentin Sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə toxunaraq bildirdi ki, bu münaqişə regionda inkişafı ləngidən başlıca amillərdəndir. Biz Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəal səylərini yüksək qiymətləndirir və bundan sonra da problemin ədalətli həllinə kömək edəcəyinə ümid bəsləyirik.
Oqtay Əsədov rəsmi Bakının Rusiya parlamentinin bir neçə deputatının tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "parlament seçkilərinə" getməsinə münasibətini bir daha diqqətə çatdırdı. Sergey Mironov Rusiyanın prinsipial mövqeyini ifadə edərək vurğuladı ki, Rusiya "Dağlıq Qarabağ Respublikası" adlı heç bir dövlət qurumunu tanımır və bundan sonra da tanımaq fikrində deyildir. O, Rusiya parlamentinin üzvlərinin bu seçkilərə getməsini isə özfəaliyyət və heç kimə lazım olmayan addım adlandırdı.
Milli Məclisin Sədri Oqtay Əsədovun Rusiya Dövlət Dumasının Sədri Boris Qrızlovla görüşü yaddaqalan oldu, ölkələrimizin mənafelərinin qorunmasında və dəstəklənməsində çox vacib olan məqamlar müzakirə edildi. Hər iki sədr görüş zamanı ikitərəfli maraq doğuran, ölkələrimiz üçün bir sıra taleyüklü məsələlərə xüsusi həssaslıqla yanaşdılar. Boris Qrızlovun Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri Rusiya tərəfinin bu məsələyə doğrudan da həssas münasibətinin bir nümunəsi idi. Duma Sədri dedi ki: "Rusiyanın mövqeyi birmənalıdır və dəyişməzdir - Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dövlət Duması "Dağlıq Qarabağa" rəsmən heç bir deputat göndərməmişdir və rusiyalı deputatların qondarma "seçkilərdə" iştirakı barədə rəhbərliyə heç bir məlumat verilməmişdir. Onlar yəqin bilirdilər ki, belə xahişlə mənə müraciət etsələr, yox cavabı alacaqlar".
Söhbətdə Boris Qrızlov Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu və dinamik xarakter daşıdığını vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçılarının səmərəli əlaqələri münasibətlərimizin möhkəmlənməsi işinə böyük töhfə verir. Dövlət Dumasının Sədri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Qələbənin 65-ci ildönümü münasibətilə Moskvaya səfəri əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etmişdir. Görüşdə aşağı palatanın başçısı Qələbənin əldə edilməsinə layiqli töhfə vermiş Azərbaycan xalqının xidmətlərini xüsusi qeyd etmişdir. O, deputatların həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin, o cümlədən parlamentlərarası əlaqələrin bundan sonra da dərinləşməsinin və inkişafının əhəmiyyətini xüsusi qeyd etmişdir. Boris Qrızlov demişdir ki, ölkələrimizin qanunverici orqanlar səviyyəsində əlaqələri uğurla inkişaf edir və bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinə xas olan ümumi müsbət dinamikanı bütövlükdə əks etdirir. Rusiya Dövlət Dumasının Sədri qazandığı böyük iqtisadi nailiyyətlər münasibətilə Azərbaycanı təbrik etmiş, qarşıdan gələn parlament seçkilərində uğurlar arzulamışdır.
Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır və ölkələrimiz arasında heç bir problem yoxdur. Spiker ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və inkişafında ciddi amil olan dövlət başçılarının qarşılıqlı səfər və görüşlərinin rolunu xüsusi vurğulamışdır. Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolunu yüksək qiymətləndirən Sədr bu sahədə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Oqtay Əsədov dünya maliyyə böhranına baxmayaraq, ölkəmizin inkişafından və iqtisadi nailiyyətlərindən söz açmış, diqqəti Azərbaycanda yaşayan müxtəlif xalqların, o cümlədən rus mədəniyyətinin və dilinin qorunmasına, inkişafına yönəltmişdir.
Milli Məclisin Sədri onu da bildirmişdir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Leyla xanım Əliyevanın başçılığı ilə Moskvada gənclər arasında əlaqələrin inkişafında, bölgə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyət göstərir.
Diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə cəlb edən Oqtay Əsədov qeyd etmişdir ki, münaqişənin həllinin uzanması region ölkələrinin inkişafını ləngidən əsas amildir. O, ATƏT-in Minsk qrupunun həmsədri qismində Rusiyanın fəal səylərini vurğulayaraq ümidvar olduğunu bildirmişdir ki, Rusiya həmsədr ölkə kimi münaqişənin ədalətli həllinə və bütün regionda sabitliyin bərqərar olmasına dəstək göstərəcəkdir.
Nümayəndə heyətimiz səfər çərçivəsində bir sıra digər tədbirlərə də qatıldı. Milli Məclisin Sədri Oqtay Əsədov Naməlum əsgər məzarının önünə əklil qoydu, Böyük Vətən müharibəsi qurbanlarının xatirəsi yad olundu. Sonra nümayəndə heyətimiz "Moskovskiy Kreml" Dövlət Mədəni Tarix muzey-qoruğu ilə tanış oldu. Almaz fondunun və "Orujeynaya palata"nın eksponatları da nümayəndə heyətimizin üzvlərinin böyük marağına səbəb oldu.
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Moskvaya səfəri iyunun 5-də başa çatdı və nümayəndə heyətimiz həmin gün vətənə qayıtdı.
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri artıq tarixə çevrildi. Azərbaycan parlamentinin tarixi isə bütövlükdə Azərbaycan tarixinin bir istiqamətidir.
Xatırladırıq ki, nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Mixail Zabelin, Adil Əliyev, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Akif Təvəkküloğlu,
Milli Məclisin
mətbuat katibi
Azərbaycan.- 2010.- 8
iyun- S. 3.