Avropa Azərbaycan Cəmiyyəti
idarə heyətinin üzvləri Milli Məclisdə
olmuşlar
Azərbaycanda səfərdə olan Avropa Azərbaycan Cəmiyyətinin (AAC) idarə heyətinin üzvləri iyunun 7-də Milli Məclisin deputatları ilə görüşmüşlər.
Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrdən söz açmışdır. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya sürətlə inteqrasiya edir. Avropa ölkələri, xüsusən də Böyük Britaniya ilə əlaqələrin genişlənməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətlərindəndir. AAC bu baxımdan bizə çox yaxşı kömək göstərir. Cəmiyyət Azərbaycanın Avratlantik məkana inteqrasiyası və ölkəmiz haqqında məlumatların Avropa cəmiyyətinə çatdırılması sahəsində də çox mühüm işlər görmüşdür.
Cəmiyyətin idarə heyətinin üzvləri - Lord Leird, Lord Kilkluni, Lord Edvard, Müqəddəs Endryus Universitetinin professoru Rik Foun və başqaları Azərbaycan haqqında xoş təəssüratlarını bölüşmüşlər. Sonra deputatlar Rövşən Rzayev, Asim Mollazadə, Asəf Hacıyev və başqaları Azərbaycanın iqtisadi inkişafı, demokratik təsisatlar, beynəlxalq əməkdaşlıq məsələləri barədə ətraflı məlumat vermişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan deputatlar bildirmişlər ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn tətbiqinə ehtiyac vardır. Azərbaycan torpaqlarını işğal edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq işğal altında olan ərazilərimizdə qondarma "seçkilər" keçirir. Təəssüf ki, bəzi ölkələrin, eləcə də İngiltərə parlamentinin deputatları bu qondarma "seçkilərdə" iştirak edirlər. Bu isə problemin sülh yolu həllini çətinləşdirir, danışıqlar prosesinə mənfi təsir göstərir. Birləşmiş Krallıq Azərbaycanda ən böyük investisiyaya malik olan ölkədir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində və sülhün əldə edilməsində daha çox maraqlı olmalıdır.
Milli Məclisin deputatları Almaniya Bundestaqında, İtaliya parlamentində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair qərarlardan da danışmış, İngiltərə parlamentində də bu cür sənədin qəbul edilməsinin vacibliyini vurğulamışlar.
Lordlar bunu nəzərə alacaqlarını bildirmişlər. Avropa Azərbaycan Cəmiyyəti 2004-cü ildə Böyük Britaniyada təsis edilmiş London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlamışdır. Cəmiyyətin 2008-ci ilin noyabrında Londonda Lordlar Palatasında təqdimatı keçirilmişdir.
Azərbaycanın Avropa məkanında tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq AAC Bakı ofisinin yaradılması barədə qərar qəbul etmişdir. AAC-ın başlıca məqsədi zəngin mədəniyyətə, böyük iqtisadi imkanlara malik Azərbaycanı Avropada tanıtmaq, Azərbaycanın beynəlxalq əlaqələrinin Avropa KİV-lərində, siyasi və mədəni dairələrdə təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq səviyyədə yaymaqla Qərbin bu münaqişəyə diqqətini artırmaqdır. Avropada yaşayan və təhsil alan azərbaycanlıları qeyd edilən məqsədlərin həyata keçirilməsi üçün birgə fəaliyyətə cəlb etməkdir.
Avropa Azərbaycan
Cəmiyyətinin sədri Tale Heydərovdur.
Azərbaycan.- 2010.- 8 iyun- S.
3.