Nümayəndə heyəti Qubada olmuşdur

 

Böyük Britaniya Parlamenti Lordlar Palatasının, Azərbaycan-Avropa Cəmiyyəti Müşavirlər Şurasının üzvlərindən, britaniyalı iş adamlarından ibarət nümayəndə heyəti Qubada olmuşdur.

Rayon icra hakimiyyətində keçirilən görüşdə qonaqlara Quba haqqında ətraflı məlumat verilmişdir. Azərbaycan ilə iqtisadi və mədəni sahələrdə əməkdaşlıq qurmaq niyyətində olduqlarını bildirən nümayəndə heyətinin üzvləri qədim mədəniyyət mərkəzlərindən olan Qubaya xüsusi maraq göstərdiklərini vurğulamışlar. Bundan əlavə, qonaqlar 1918-ci ildə ermənilər tərəfindən Qubada dinc əhaliyə qarşı törədilmiş soyqırımının bariz nümunəsi olan kütləvi məzarlığı ziyarət etmişlər.

Arxeoloq alim Qəhrəman Ağayev qonaqlara dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncə ilə qətlə yetirilməsi barədə məlumat vermişdir.

Azərbaycan-Avropa Cəmiyyəti Müşavirlər Şurasının sədri Lord Con Lerd demişdir ki, Qubadakı soyqırımı məzarlığında gizlədilmiş dəhşətli bir hadisənin üstü açılmışdır. Biz bu münaqişə barədə eşitmişdik. Lakin məzarlığı öz gözlərimizlə gördükdə burada insanlığa sığmayan cinayətin törədilməsinə əmin olduq. Biz bu qanlı hadisə haqqında lazımi məlumatları yayacağıq.

Quba ilə tanışlıq zamanı britaniyalı iş adamları bu bölgədə iqtisadi layihələr həyata keçirmək niyyətində olduqlarını bildirmişlər.

Britaniyalı iş adamı Ceyms Bratveyt vurğulamışdır ki, onlar ölkələrimiz arasında biznes əlaqələrini genişləndirmək istəyirlər. Britaniya biznes əlaqələrində Azərbaycanın əsas sərmayədarlarından biridir. Lakin bu əlaqələr əsasən neft və qaz sahəsində inkişaf etmişdir. Biz istəyirik ki, əməkdaşlığımız qeyri-neft sektorunda da təşəkkül tapsın. Məsələn, Quba xalçalarını çox bəyəndik və hesab edirik ki, bu sahədə uğurlu biznes qurmaq olar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  3.