Türkiyə və Azərbaycanın enerji nazirləri mətbuat konfransı keçirmişlər

 

İyunun 7-də İstanbuldakı "Çırağan" sarayında Türkiyə və Azərbaycan arasında enerji sazişinin imzalanma mərasimindən sonra Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransı keçirmişlər.

Taner Yıldız demişdir ki, ölkələrimiz arasında təbii qaz məsələsinin müzakirələri çərçivəsində 8 görüş keçirilmişdir. Qarşılıqlı şərtlər irəli sürülmüşdü və biz azərbaycanlı qardaşlarımızın irəli sürdüyü hər bir şərti böyük hörmətlə qarşılamışdıq. Müzakirələrin üç təməl nöqtəsi var idi. Birincisi, hazırda "Şahdəniz-2" adlandırdığımız layihənin qiymət mexanizmi ilə bağlı 2008-ci ilin aprelindən tənzimlənməli olan qiymətin razılaşdırılması idi. İkincisi, 2016-2017-ci ildə istifadəyə veriləcək "Şahdəniz-2" layihəsi ilə əlaqədardır. Bu, təbii qazın da həcmi və qiyməti ilə bağlı razılıq əldə olunmuşdur. Üçüncü məsələ isə, tranzit tariflərinin müəyyən olunması idi. Azərbaycanlı qardaşlarımız Petkim firması nəzdində də bir şirkət quracaqlar və bu şirkətə də qaz verilməsi nəzərdə tutulur. Azərbaycan qazı Türkiyə və Avropanın təbii qaza olan ehtiyacının təmin olunması, Nabukko layihəsinin gələcəyi baxımından olduqca mühümdür. İmzaladığımız saziş bu istiqamətdə işimizə xidmət edir.

Azərbaycanın sənaye və energetika naziri Türkiyə ilə sazişin imzalanmasını tarixi hadisə adlandıraraq bu addımın böyük neft və qaz ölkəsi olan Azərbaycanın qardaş Türkiyə ilə enerji bağlarını gücləndirdiyini demişdir. "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələri təkcə Türkiyənin və Gürcüstanın deyil, bütün Xəzər və Qara dəniz ölkələrinin rifahının yüksəlməsinə xidmət etmişdir. İkinci nəhəng layihə olan Azərbaycanın zəngin "Şahdəniz" yatağının işlənməsidir ki, bu layihənin həyata keçirilməsində də Türkiyə fəal iştirak edir. Bu layihədən əvvəl Azərbaycan Rusiyadan qaz idxal edirdi. Lakin "Şahdəniz" yatağının işlənməsi ölkəmizə təbii qaz ehtiyacını tam olaraq təmin etməklə yanaşı, qaz ixracatçısına çevrilməyimizə imkan vermişdir. Bu gün imzalanan saziş Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəkdir. Azərbaycan Türkiyənin iqtisadiyyatına böyük sərmayələr qoyur. Azərbaycan Dövlət Neft Şirkəti sahib olduğu Petkim şirkətini daha da inkişaf etdirmək istəyir və ona görə də təbii qazın bir hissəsinin bu şirkətə verilməsi də sazişin maddələrindən biridir.

 

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  5.