İslam Konfransı Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası

 

İyunun 6-da İslam Konfransı Təşkilatının (İKT) bir sıra üzvlərinin təşəbbüsü ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İKT İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində açıq tərkibli fövqəladə iclası keçirilmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, iclasda insan tələfatı ilə nəticələnən "Azadlıq donanması" humanitar aksiya iştirakçılarına qarşı İsrailin keçirdiyi hərbi əməliyyat müzakirə olunmuşdur. İKT üzvü olan dövlətlərin nümayəndələri çıxışlarında bu əməliyyatı qəti pisləmiş, BMT Təhlükəsizlik Şurasının 31 may BMT İnsan Hüquqları Şurasının 2 iyun tarixli qətnamələrini yüksək qiymətləndirmişlər.

İclasda Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov çıxış edərək bu məsələyə dair ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonda İKT İcraiyyə Komitəsinin iclasının yekunlarına dair birgə bəyanat qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  5.