Folklorşünas alim

 

Alim qələminin şəhid qanı qədər müqəddəs olması müdriklərimiz tərəfindən söylənilib. Aqil kəlmələrinin hər birində hikmət, açılmamış sirr, təəccübləndirici möcüzə var. Elmi ədəbiyyatın söykəndiyi, bəhrələndiyi şifahi xalq ədəbiyyatı inciləri zaman-zaman araşdırılsa belə, bu gün də təhlilinə ehtiyac duyulan folklor nümunələrimiz ədəbi-bədii, milli-mənəvi sərvətimiz, tükənməyən xəzinəmiz kimi bəşər övladını təəccübləndirməkdədir. Çünki qaynaqları ("bulağın gözü yerin yeddi qatından çıxar") əsrlərin, nəsillərin yaddaşından süzülüb gəlir.

Dədə Qorquddan qalan yadigarların - ağız ədəbiyyatı nümunələrinin bilicisi və yaşadıcısı kimi tanınan, Danəndənin, təkcə adını yox, məramını və missiyasını müasirlik məcrasında ləyaqətlə yaşadan və ucaldan bir alim var ki, o, folklor bilicisi Bəhlul Abdulladır.

Folklorumuzun az tədqiq olunan dövrünü gündəmə gətirmiş əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Bəhlul Abdulla elmi yaradıcılığının növbəti mərhələsində xalqımızın söz yaradıcılığına, qədim adət-ənənələrinə, mərasim folklorunun təşəkkül və təkamül prosesinə güzgü tutdu, unudulmuş rəmzlərə, kölgəli məqamlara aydınlıq gətirdi. Folklorşünas alimin çoxsaylı kitabları arasında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir sənət incisi hesab edilən "Kitabi-Dədə Qorqud" dastanlarına həsr edilmiş əsərləri xüsusi əhəmiyyətə malikdir. Bu möhtəşəm mədəniyyət və mənəviyyat abidəsinin 1300 illik yubileyi ərəfəsində və ondan sonra qələmə aldığı "Kitabi-Dədə Qorqud" və İslam dini" (1997), "Kitabi-Dədə Qorqud"un poetikası" (1999), "Dəli Domrul" "Kitabi-Dədə Qorqud"da və Qorqudşünaslıqda" (2002) və başqa əsərləri ana kitabımızdakı mövzu qatlarının rəngarəngliyini, çoxşaxəliliyini nişan verməklə yanaşı, folklorşünaslıq elminə sanballı töhfədir.

Folklor dünyasının tədqiqində Mir Möhsün Nəvvab, Salman Mümtaz, Əhliman Axundov, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov ənənələrini yaşadan Azad Nəbiyev, Sədnik Paşayev və İsrafil Abbasovla yanaşı, Bəhlul Abdullanın da adı qədimdən-qədim beşik nəğmələri, bayatılar, laylalar ömrü kimi uzun və yaddaqalan olacaq.

Nəhayət, folklor dünyasının tanınmış elm xadimlərindən biri kimi tanınan Bəhlul Abdulla ədəbiyyat və mədəniyyətimiz qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş ilk folklorşünas alimdir.

Dağların vüqar və əzəmətini təkcə xarakterində deyil, Vətəni və xalqı qarşısındakı xidmətlərində belə göstərən "dağ adamı"nı - Bəhlul müəllimi dünyaya göz açdığı qocaman Lerik dağlarının sakinləri, eləcə də yaradıcılığının və ömrünün zirvə toplantısının işığına toplaşanlar da onu bir folklor dağına bənzədir və haqlı olaraq deyirlər ki, yalnız "üz-gözündən təkcə müdriklik deyil, canından-qanından bayatı, nəğmə, bir sözlə, ağız ədəbiyyatı nümunələri süzülür".

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  8 iyun- S.  7.