"Səni
gözlüyür" mahnısı necə
aşkarlandı...
Mən Bakı Musiqi Akademiyasında dərs deməklə yanaşı, Üzeyir Hacıbəylinin ev-muzeyində də elmi işçi kimi bir müddət işləmişəm.
Musiqiçi olduğum üçün burada ilk işlərimdən birincisi Ü.Hacıbəylinin musiqi əsərlərinin əlyazmalarını nəzərdən keçirmək, öyrənmək və onların siyahısını muzeyin əsas fondundan elmi köməkçi fonda daxil etmək oldu. Bu zaman fondun əsas inventar kitabinda (kitab N3) çox böyük nöqsan üzə çıxdı. Belə ki, Üzeyir bəyin səs və fortepiano üçün yazdığı "Səni gözlüyür" mahnısı səhvən "Aşıq sayağı"adı altında əsas fond kitabına salınmışdır. Mən bu barədə muzeyin direktorunu məlumatlandırdım. Qərara gəldik ki, müvafiq akt tərtib edərək əsas inventar kitabında düzəliş olunsun. Belə də etdik. 18 dekabr 2000-ci ildə akt hazırladıq. Beləliklə, tərəfimizdən Üzeyir Hacıbəylinin "Səni gözlüyür" mahnısı 2000-ci ildə aşkar edildi.
Araşdırma nəticəsində bizə məlum oldu ki, bu mahnının əlyazması 18 noyabr 1974-cü il tarixində müğənni Leyla Təhmasibdən 100 manata alınmışdır. O vaxt muzeyin baş mühafizi vəzifəsində çalışan yəhudi əsilli Vlada Vadeneyeva mahnının adını "Səni gözlüyür" yox, əsərin başlığı altında yazılmış "Aşıq sayağı" adı ilə əsas fondun inventar kitabına daxil etmişdir. Bununla da ciddi səhvə yol verilmişdir. O zamandan Üzeyir bəyin "Səni gözlüyür" mahnısı diqqətdən kənarda qalmışdır.
Üzeyir bəy Hacıbəyli "Səni gözlüyür" mahnısını şair Hüseyn Natiqin sözlərinə yazmışdır. Mahnının klaviri müəllif tərəfindən 1931-ci il dekabr ayının 30-da tamamlanmışdır ki, Üzeyir bəy "Üz Hacıbəyli" imzası ilə bunu təsdiq etmişdir.
Üzeyir bəyin sevdiyi şair olan Hüseyn Natiq (Hüseyn Mirabdulla oğlu Əliyev) 1912-ci ildə doğulmuş, 1939-cu ildə orduya çağırılmış və 1941-ci ildə İkinci Dünya müharibəsində həlak olmuşdur. Onun ilk "Buruqlar" adlı şeir kitabı 1931-ci ildə nəşr edilmişdir. Üzeyir bəy Hüseyn Natiqin sözlərinə özünün məşhur "Qaragöz" (1930), "Səni gözlüyür" (1931), "Süvari" (1933) mahnılarını, eləcə də M.F.Axundzadənin anadan olmasının 125 illiyinə həsr etdiyi "Ölməz sənətkar" (1938) adlı xor əsərini yazmışdır.
Qeyd edək ki, "Səni gözlüyür" mahnısını Üzeyir bəy qara karandaşla mi major tonallığında vals tempində yazmışdır. Ədəbi mətn isə əski əlifba ilə verilmişdir.
"Səni gözlüyür" mahnısını ilk dəfə böyük müğənni Bülbül bəstəkarın özünün mahnının ilk səhifəsindəki qeydlərinə görə lya tonallığında oxumuşdur.
Üzeyir bəy Hacıbəylinin vətənpərvərlik ruhunda qələmə aldığı "Səni gözlüyür" mahnısının sözlərini oxucuların diqqətinə çatdırırıq. İnanırıq ki, bu gün də çox aktual olan "Səni gözlüyür" mahnısı müğənnilərimiz tərəfindən yenidən ifa olunacaq, xalqımızın, xüsusilə gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsində önəmli rol oynayacaqdır.
Arzuxanım ƏLİZADƏ,
Ü.Hacıbəyli adına
Musiqi
Akademiyasının dosenti
Azərbaycan.- 2010.- 8 iyun- S.
7.