Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Türkiyəyə işgüzar
səfəri
İstanbulda Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin
üçüncü zirvə toplantısı
keçirilmişdir
Azərbaycan Prezidenti
İlham Əliyevin çıxışı
- Əziz qardaşım
Prezident Abdullah Gül!
Hörmətli dövlət
başçıları!
Hörmətli nümayəndə
heyətlərinin rəhbərləri!
Xanımlar və cənablar!
Əvvəlcə mən Prezident Gülə səmimi qonaqpərvərliyə və
bu zirvə görüşünün əla
təşkil edildiyinə
görə minnətdarlığımı
bildirmək istəyirəm. Mən, eyni
zamanda Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin mühüm
beynəlxalq foruma çevrilməsi istiqamətində
göstərdiyi səylərə
görə Qazaxıstan
Prezidenti cənab Nursultan Nazarbayevə təşəkkürümü bildirirəm. Əminəm ki, bu təşkilatın
gələcəyi çox
perspektivli və parlaq olacaqdır.
Fürsətdən istifadə edərək Aralıq dənizində günahsız mülki şəxslərin qətli
ilə nəticələnən,
humanitar yük gəmisinə edilən hücumla əlaqədar Azərbaycan xalqının
türk qardaşlarımızla
həmrəy olduğunu
bildirmək istəyirəm. Biz bu hücumu qəti surətdə pisləyirik və Türkiyə ilə çiyin-çiyinə dayanırıq.
Fürsətdən istifadə edərək
mən, eyni zamanda Azərbaycan xalqı adından türk qardaşlarımıza
və qurban vermiş ailələrə
dərin hüznlə
başsağlığı verirəm.
Azərbaycan regional əməkdaşlıq işində
öz rolunu oynayır. Biz tam əminik
ki, regional əməkdaşlıq,
regionda proqnozlaşdırma
və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan
gələcəyi qurmaqda
yardım edəcəkdir.
Asiyada təhlükəsizlik tədbirləri
dünyadakı qlobal təhlükəsizlik tədbirlərinin
bir hissəsidir. Təhlükəsizlik tədbirlərinə kompleks
yanaşma olmadan biz uğur əldə edə bilməyəcəyik.
Terrorçuluğa qarşı mübarizə
dünyada bütün
terrorçu təşkilatlara
qarşı olmalıdır.
Yaxşı, yaxud pis terrorçu olmur. Buna görə terrorçuluğa
qarşı səylərin
birləşdirilməsi uğurun
əsas ilkin şərtidir. Eyni zamanda
regional əməkdaşlıq və iqtisadi artım regionumuzda təhlükəsizlik tədbirlərinə
böyük töhfə
verəcəkdir. Bu səbəbdən Azərbaycan
regional əməkdaşlıq məsələlərində mühüm
rol oynamağa çalışır.
Ölkəmizdə başlanılmış və
uğurla həyata keçirilmiş müxtəlif
layihələr olduqca
geniş regional əməkdaşlıq
üçün artıq
möhkəm əsas yaradır. Mən xüsusən də
enerji təhlükəsizliyinə
aid olan layihələri
qeyd etmək istəyirəm. Həmin layihələr
ilk olaraq boru kəməri layihələri
kimi başlandı, hazırda isə bütün iştirakçılara
fayda gətirən çox mühüm
regional əməkdaşlıq nümunəsinə çevrilibdir.
Azərbaycan, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə
verir və iştirak etdiyimiz dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirəcək və
regionumuzda yaşayan xalqlara rifah gətirəcək olduqca geniş nəqliyyat qovşağını yaratmağa
imkan verəcəkdir. Başqa
sözlə desək,
təhlükəsizlik səylərimizin
birləşdirilməsini tələb
edir, iqtisadi əməkdaşlıq və
artım uğura aparan yol ola bilər.
Qeyd etmək istədiyim mühüm məsələlərdən
biri də münaqişələrin həllinə
olan münasibətdir. Azərbaycan Ermənistanın
davamlı təcavüzünün
qurbanıdır. Demək olar
ki, iki onillik
ərzində torpaqlarımız,
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
əraziləri Ermənistanın
işğalı altındadır.
Həmin
işğal nəticəsində
bir milyon azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüşdür. Ərazimizin iyirmi faizi Ermənistanın
işğalı altındadır.
Bu vəziyyət hələ də davam edir. Biz etnik təmizləmə
siyasətinə məruz
qalmışıq. Hazırda işğal
olunmuş ərazilərdə
heç bir yerli sakin yoxdur.
Orada etnik təmizləmə aparılmışdır. Həmin yerlərdə bütün
tikililər, o cümlədən
binalar, evlər, məktəblər, ulu babalarımızın məzarları,
məscidlərimiz və
bütün tarixi irsimiz dağıdılıbdır.
Biz beynəlxalq təşkilatların qərar
və qətnamələrinin
Ermənistan tərəfindən
icrasını tələb
edirik.
BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin
Azərbaycan torpaqlarından
qeyd-şərtsiz və
dərhal çıxarılmasını
tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin bu qətnamələr hələ
də yerinə yetirilməyibdir. BMT-nin
Baş Məclisinin qətnamələri, ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının
qətnamələri, Avropa
Şurası və Avropa Parlamentinin, eləcə də digər beynəlxalq təşkilatların qərarları
yerinə yetirilməyib.
Əgər beynəlxalq hüququn
normaları işləmirsə
onda beynəlxalq ictimaiyyət üçün
hansı durumdan söhbət gedə bilər? Əgər biz hamı tərəfindən
qəbul olunmuş qətnamələri icra etmiriksə və bu vəziyyət davam edərsə, onda beynəlxalq münasibətlərin gələcəkdə
necə təşkil olunacağı böyük
sual doğurur. Öz əhəmiyyəti və
ölçüsündən asılı olmayaraq hər bir ölkə
beynəlxalq hüquq normalarına əməl etməlidir. Beynəlxalq hüquq
normaları bütün
ölkələr tərəfindən
əməl olunması
üçün yaranıb.
Biz beynəlxalq təşkilatların üzvüyük
və onların qəbul etdiyi qərarlara hörmətlə
yanaşmalıyıq. Əgər həmin qərarlar qəbul olunursa və icra edilmirsə
onda beynəlxalq təsisatlara olan etimad da azalacaqdır.
Biz öz ərazi bütövlüyümüzü dinc yolla bərpa
etməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü
bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar
tərəfindən tanınıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli Azərbaycanın
ərazi bütövlüyünün
bərpasına və
ölkəmizdə erməni
azlığına yüksək
özünüidarəetmə və muxtariyyət statusunun verilməsinə əsaslanmalıdır.
Bir daha qeyd etmək
istəyirəm ki, Azərbaycan regionumuzda təhlükəsizlik tədbirlərinə
verdiyi töhfəni gələcəkdə davam
etdirəcəkdir. Biz öz səylərimizlə
və hüdudlarımızdan
kənarda qoyulan sərmayələrimizlə regionun
iqtisadi inkişafına
töhfəmizi davam etdirəcəyik. Daşıma və enerji infrastrukturuna aid layihələr
xalqları və dövlətləri birləşdirəcəkdir.
İstehlakçılar, hasilatçılar və tranzit ölkələrin maraqları
arasında müvafiq tarazlıq olmalıdır.
Yalnız bu halda bütün layihələr
hamımızın rifahına
xidmət edəcəkdir.
Sonda mən bir daha ev sahibi Türkiyəyə səmimi
qonaqpərvərliyə görə
minnətdarlığımı bildirmək istəyirəm
və sammitin işinə uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdaram.
* * *
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirə
Asiyada sülhün, təhlükəsizliyin qorunması
üçün əməkdaşlığı
nəzərdə tutan,
bununla da dünyada qlobal sülhün və etimadın əldə olunmasını hədəfləyən
çoxtərəfli təşkilatdır.
Təşkilatın yaradılmasına dair təklifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev BMT-nin 47-ci sessiyasında irəli sürmüşdür.
Bundan əvvəlki zirvə görüşləri 2002-ci və
2006-cı illərdə Qazaxıstanın
Almatı şəhərində
keçirilmişdir. Azərbaycanın da təmsil olunduğu təşkilatın
22 üzvü vardır.
Dövlət və hökumət başçılarının
zirvə görüşü
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirənin
ən ali
orqanıdır. Dörd ildən
bir keçirilən zirvə toplantılarında
qurumun fəaliyyətinə
yekun vurulur, gələcək planlar və qarşıda duran vəzifələr müəyyənləşdirilir, mövcud beynəlxalq münasibətlərə dair
fikir mübadiləsi aparılır. Budəfəki zirvə görüşündə
quruma sədrlik Türkiyəyə keçdi,
habelə Vyetnam və İraq quruma daimi üzv
qəbul edildilər.
Zirvə görüşündə iştirak
edən dövlət və hökumət başçıları rəsmi
foto çəkdirdilər.
Sonda zirvə görüşünün
yekun bəyannaməsi
qəbul olundu.
AzərTAc
Azərbaycan.- 2010.- 9 iyun- S.
1, 2.