Prezident İlham Əliyev
İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə
vermişdir
İyunun 8-də Prezident İlham Əliyev
İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə
vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir.
- Cənab Prezident, Siz Türkiyədə zirvə toplantısı çərçivəsində çoxtərəfli görüşlər keçirmisiniz. Ümumiyyətlə, istərdik ki, bu zirvə toplantısındakı çıxışınız, bu görüşləriniz barədə məlumat verəsiniz.
- Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Yəni, bu görüşlər deyə bilərəm ki, ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə Prezidenti və Baş naziri, Rusiyanın Baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi. Yəni, bu ölkələr ilə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir və biz müxtəlif sahələrdə fəal çalışırıq. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurludur. Bütün ölkələrlə əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub. Hesab edirəm ki, bu gün və dünən apardığım danışıqlar, keçirdiyim görüşlər, ümumiyyətlə, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət göstərəcəkdir.
- Cənab Prezident, Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəfələrlə bəyan etmisiniz ki, Ermənistan Madrid prinsiplərinə cavab verməsə, "yox" desə, ölkənin mövqeyi, qəti iradəsi ortaya qoyulacaqdır. Amma Ermənistan cavab verməsə, nə baş verəcəkdir?
- Hazırda biz elə həmin o dediyiniz vəziyyətlə üzləşirik. Çünki Ermənistandan nə "hə", nə "yox" cavabı gəlir. Ona görə indiki şəraitdə yəqin ki, vasitəçilər öz qəti sözünü deməlidirlər. Çünki bildiyiniz kimi, mən bu barədə dəfələrlə öz fikrimi bildirmişəm ki, Azərbaycan prinsip etibarilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Düzdür, o təkliflərdə müəyyən məqamlar vardır ki, onlar bizi qane edə bilməz. Amma onlar daha çox texniki və redaktə xarakteri daşıyır.
Bütövlükdə prinsiplərə baxsaq, yenilənmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidirlər. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir?! Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidirlər?! Çünki yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyildir, bu, üç həmsədr ölkənin təklifidir. Yəni, ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir. Əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmasa və əgər Ermənistan tərəfindən ya vaxt uzatma taktikası davam edərsə, yaxud da ki, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə, bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək. Mən şəxsən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Məsələ ondadır ki, necə və nə vaxt?! Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək. Ancaq əgər Ermənistan tərəfi öz işğalçı siyasətini davam etdirmək istəsə və danışıqları sadəcə bir imitasiya prosesi kimi davam etdirmək istəsə, onda Azərbaycan əlbəttə ki, öz mövqeyində ciddi dəyişikliklər edəcəkdir.
- Cənab Prezident, dünən "Şahdəniz" qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı saziş imzalandı. Ümumiyyətlə, bu sazişi Azərbaycanın enerji siyasətində mühüm bir tarixi hadisə kimi qiymətləndirmək olarmı? Bu layihənin perspektivləri ilə bağlı nə deyə bilərsiniz?
- Mən hesab edirəm ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri vardır. Əhəmiyyət və mahiyyət baxımından bu çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaqdır. Əgər bu məsələnin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaqdır. Nəzərə alsaq ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulubsa, görərik ki, bu, nə dərəcədə böyük maliyyə resursları tələb edən layihədir. Digər tərəfdən, bu layihənin icrası bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə edilsin.
Hazırda hasilatımız bildiyiniz kimi, mövcud bazarların imkanları ilə məhdudlaşır. Biz hasilatı rahatlıqla, qısa müddət ərzində artıra bilərik. Ancaq qaz sahəsində, bilirsiniz ki, hasilat mövcud bazarların imkanlarına birbaşa bağlıdır. Bu bizə imkan verəcək ki, 5 ildən sonra "Şahdəniz" yatağından əlavə, ən azı 16 milyard kubmetr qaz hasil edilsin və nəql olunsun. Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz ixracı infrastrukturunun olduğunu nəzərə alsaq görərik ki, mövcud kəmərlərin genişləndirilməsi sayəsində biz istənilən istiqamətə istənilən həcmi ötürə biləcəyik. Bu bizə imkan verəcək ki, ölkəmizə böyük həcmdə valyuta axını təşkil edilsin. Digər tərəfdən, bildiyiniz kimi, qaz sahəsindəki əməkdaşlıq, əlbəttə ki, təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Bu, təbii ki, Azərbaycanın bölgədəki, qitədəki mövqeyini böyük dərəcədə gücləndirəcək bir amilə çevriləcəkdir.
Mən çox şadam ki, nəhayət, biz bütün məsələlər ətrafında razılığa gələ bildik. Həm Türkiyəyə əlavə qazın verilməsi məsələsi öz həllini tapıbdır, həm bundan əvvəlki dövrdə müəyyən qiymət fərqini ödəmək üçün lazımi tədbirlər nəzərdə tutulur, həm də ki, gələcəkdə əgər belə bir imkan yaranarsa, biz Azərbaycan qazını müxtəlif istiqamətlərə nəql edə biləcəyik.
Ümid edirəm ki, bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, bu vaxta qədər enerji sahəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilibdir.
- Cənab Prezident, Amerika
Prezidentindən məktub almısınız. Bu məktuba Sizin
münasibətinizi bilmək istərdim. Ümumiyyətlə,
Sizin bu məktuba cavabınız olacaqmı?
- Əlbəttə,
cavabım olacaqdır. Bu məktubda əks olunan məqamlar əminəm
ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini
müəyyən edəcəkdir. Çünki məktubda həm
bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini
tapıb və həm də hesab edirəm ki, məktub daha
çox gələcəyə ciddi bir addımdır. Məktubda
sadalanan bütün istiqamətlər üzrə Amerika ilə
Azərbaycan arasında əlaqələrin çox
böyük tarixi vardır. Əlaqələrimiz son bir-iki il ərzində
formalaşmayıb. Bu əlaqələrin çox
böyük tarixi vardır. Həm sülhməramlı əməliyyatlarda
rolumuz, enerji sahəsində təşəbbüslərimiz, -
hansılar ki, bax, bugünkü sazişin də
imzalanmasına gətirib çıxardı, -
bütövlükdə Azərbaycan tərəfindən
1990-cı illərin ortalarında başlanmış enerji
siyasətimiz dünyanın enerji xəritəsini dəyişdirdi.
Yəni, bunu biz etdik və bu gün biz bu müsbət təcrübə
əsasında digər layihələr ətrafında
çalışırıq və işləyirik.
Amerika ilə Azərbaycan
arasında ikitərəfli münasibətlərin gündəliyi
çox genişdir. Mən ümid edirəm ki, biz gələcək
illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa
yeni, əlavə amilləri daxil edəcəyik.
Məktub çox xoşniyyətlidir.
Biz məktubda göstərilən bütün məsələlər
ətrafında gələcək əməkdaşlığımızı
davam etdirəcəyik.
- Cənab Prezident, Siz Vladimir
Putin ilə də görüşdünüz. Düzdür,
bunu nə qədər inkar etsə belə, Qarabağ
münaqişəsinin həllində Rusiyanın da rolu
vardır. Yəni, münaqişənin həllinin tezləşdirilməsində
Rusiyanın iradəsindən də çox şey
asılıdır. Bu görüşdə, həmin məsələlərə
toxunuldumu?
- Əslində, bildiyiniz
kimi, bu məsələ ilə məşğul olan
Ancaq buna baxmayaraq, mən yenə
də demək istəyirəm ki, biz heç vaxt bu
üç ölkəni bu məsələ ilə
bağlı bir-birindən ayırmamışıq, yəni,
Minsk qrupu vahid bir orqanizmdir. Onun həmsədrləri də
vahid mövqedən çıxış edirlər və
onların verdikləri təkliflər fərdi xarakter
daşımır. Yəni, bu, ümumi təkliflərdir.
Əlbəttə, biz
bütün həmsədr ölkələrdən gözləyirik
ki, onlar Ermənistan tərəfinə çox ciddi təsir
edəcəklər. Çünki hazırda
danışıqlarda yeni bir dövr başlayır. Bu dövr
başqa dövrlərdən fərqlidir. Bütün başqa
dövrlərdə, 1992-ci ildən, Minsk qrupunun yaranması
tarixindən bu günə qədər danışıqlar
aparılırdı. Baxmayaraq ki, danışıqlar müxtəlif
təkliflər əsasında aparılırdı, bu, bir
proses idi. Bu gün biz o mərhələyə gəlmişik
ki, artıq son Praqa prosesinin nəticəsi olan yeniləşmiş
Madrid prinsipləri əsasında hazırlanmış təkliflər
masanın üstündədir.
Azərbaycan tərəfi
bunu qəbul edir, Ermənistan tərəfi bunu qəbul etmir.
Qayıdıram sizin əvvəlki sualınıza, əgər
bu belə davam edəcəksə, onda nə isə baş verməlidir.
Nə baş verə bilər?! Burada çox da böyük
seçim yoxdur. Ya məsələ belə asılı vəziyyətdə
qalacaqdır. Yəni, status-kvo davam edəcək ki, biz bunu
heç cür qəbul edə bilmərik. Status-kvo dəyişməlidir.
Ya danışıqlar bir görüntü üçün,
imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan
heç vaxt buna da razı olmayacaqdır. Mən dəfələrlə
demişəm ki, biz imitasiya naminə danışıqlarda
iştirak etməyəcəyik. O vaxta qədər iştirak
edəcəyik ki, nəticəyə çatmaq ümidimiz
olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən
çıxıb başqa bir müstəviyə keçəcəkdir.
Yəni, sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt
istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta
da hər zaman hazır olmalıyıq. Ona görə indiki
dövrün öz məntiqi və öz əhəmiyyəti
vardır. İndiki dövrdə həm Ermənistan, həm də
həmsədr ölkələr tərəfindən
atılacaq addımlar bax, bu məsələnin hansı yolla həll
olunmasını müəyyən edəcəkdir.
Biz çox istəyirik ki, həmsədr
ölkələr öz nüfuzundan, təsir imkanlarından
istifadə edib Ermənistan tərəfinə ciddi siqnallar
göndərməklə onları vadar etsinlər ki, yenilənmiş
Madrid prinsiplərini qəbil etsinlər və biz bunun əsasında
sülh müqaviləsi üzərində işə
başlayaq.
- Cənab Prezident, Türkiyənin
Baş naziri mətbuat konfransında bildirdi ki, Siz Aralıq dənizində
baş verən hadisələrlə bağlı Türkiyəyə
böyük dəstək olursunuz. Bu fikri Sizin öz dilinizdən
eşitmək istərdik.
- Bu barədə mən bu
gün çıxışımda da öz fikirlərimi
söylədim. Bildiyiniz kimi, Azərbaycan bu qanlı hadisəyə
reaksiya verən ilk ölkələrdəndir və bu, belə
də olmalı idi. Çünki biz hər zaman Türkiyənin
yanındayıq. Biz bütün məsələlərdə
Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik
və bu gün də bu dəstəyi veririk. Beynəlxalq
sularda mülki vətəndaşlara qarşı edilən bu
qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi
ucaltmışıq. Bu gün də mən
çıxışım zamanı bunu bir daha ifadə etdim.
Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk
xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin
yaxınlarına başsağlığı veririk. Hesab edirik
ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar
məsuliyyətə cəlb olunmalıdır. Yəni, burada
bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır,
qətidir və bizimlə Türkiyə arasında
qardaşlıq münasibətlərimizə, beynəlxalq
hüquqa əsaslanır. Biz əlbəttə, hesab edirik ki,
Türkiyəyə müttəfiq sayılan ölkələr
də eyni mövqedən çıxış etməlidirlər.
Bilirsiniz, bu, bir həqiqət anıdır. Yəni, bu çətin
anlarda dostlar, əsl dostlar öz mövqeyini bildirməlidirlər.
Əgər hər şey yaxşıdırsa, yəni, bu həyatda
da belədir, çox adam yaxşı sözlər deyə bilər,
amma çətin gündə, yəni, seçim
qarşısında olan günlərdə həm ölkələr,
həm də ki, insanlar öz mövqeyini bildirməlidirlər.
İnsanlar üçün də, ölkələr
üçün də mövqe çox vacibdir, yəni,
prinsipial mövqe. Azərbaycan bütün zamanlarda,
bütün məsələlərlə bağlı öz
prinsipial mövqeyini heç vaxt gizlətməmişdir. Bizə
yaxın olan ölkələrə aid bütün məsələlərdə
biz öz səsimizi ucaltmışıq və bu, haqq-ədalət
səsi olmuşdur. Heç vaxt Azərbaycan hansısa qanunsuz
hərəkəti dəstəkləməmişdir və eyni
zamanda, qanunsuz hərəkətlərə biganə
olmamışdır, xüsusilə, Türkiyə ilə
münasibətlərimizdə.
Eyni münasibəti biz
Türkiyədən görürük. Yəni, Azərbaycan
öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra bu günə qədər həmişə Türkiyə
bizim yanımızda olubdur, həmişə bizə ən
böyük dəstəyi Türkiyə veribdir. Bu gün də
bu, belədir. Bəzən Türkiyə ilə Azərbaycan
arasında olan münasibətlərə müdaxilə etmək
istəyən qüvvələr olur. Onlar bəzən bir
görüntü yarada bilərlər, amma işin mahiyyətinə
təsir edə bilməzlər. Əfsuslar olsun ki, Türkiyə
mətbuatında və o cümlədən bəzi hallarda Azərbaycan
mətbuatında bu son bir il ərzindəki vəziyyətlə
bağlı çox nalayiq və çirkin yazılar dərc
edilmişdir. Biz buna heç cür yol verə bilmərik. Biz
yol verə bilmərik ki, bizi istəməyən qüvvələr
burada hansısa süni bir məsələni qabartmaqla
Türkiyə-Azərbaycan münasibətlərinə zərrə
qədər zərbə vursunlar. Yəni, bu mümkün deyil
və bugünkü hadisələr, Türkiyə-Azərbaycan
əlaqələrinin bugünkü vəziyyəti bunu əyani
şəkildə sübut edir.
Bu yaxınlarda Türkiyənin
Baş naziri Azərbaycana rəsmi səfər etmişdir. Səfər
zamanı böyük öndər Mustafa Kamal Atatürkün
Bakının mərkəzində abidəsinin
açılışı olmuşdur. Yəni, belə hadisələr
çoxdur. Bizim aramızda olan əlaqələr,
sözün əsl mənasında, qardaşlıq əlaqələridir.
Ona görə də biz hər an öz dəstəyimizi verməliyik
və əminəm ki, bundan sonra da belə olacaqdır.
- Cənab Prezident, Soçi
danışıqlarından sonra bildiyiniz kimi, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması prosesində
müəyyən durğunluq yaranıb. Bilmək istərdik
ki, Sizin Ermənistan prezidenti ilə yaxın zamanlarda
görüşünüz planlaşdırılırmı?
- Hələ ki, bu barədə
heç bir təklif olmamışdır. Bildiyiniz kimi,
Soçidən sonra, ümumiyyətlə, heç bir
görüş keçirilməmişdir. Baxmayaraq ki,
Soçidə Ermənistan prezidenti verilən təklifə
münasibət bildirmək üçün iki həftə
vaxt istəmişdir. Ancaq artıq altı ay keçibdir, hələ
heç bir xəbər yoxdur. Ona görə belə bir
görüş yaxın zamanlarda planlaşdırılmır.
Hər halda, bu barədə bizə heç bir təklif verilməmişdir.
- Çox sağ olun, cənab
Prezident, bu gərgin iş qrafikinizdə bizə vaxt
ayırdınız. Çox sağ olun.
- Sağ olun. Mənim mətbuat
nümayəndələri ilə görüşlərim, necə
deyərlər, o qədər də fəal deyildir. Ancaq buna
baxmayaraq, mən həmişə sizinlə görüşməyə
hazıram, sadəcə olaraq, Bakıda yəqin ki, fürsət
olmur. Ya da ki, mən demək istədiyim məsələlərə
digər yollarla vaxtaşırı toxunuram, fikirlərimi
bildirirəm.
Mən sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Qeyd edim ki, sizin dünənki sualınız da Aralıq dənizindəki hadisələrə Azərbaycanın münasibətini açıqlamaq üçün bir imkan yaratdı. Azərbaycan haqqında həqiqətləri çatdırmaq bizim ümumi işimizdir. Əfsuslar olsun ki, bəzi hallarda xarici mətbuatda bizə qarşı çox ədalətsiz və qərəzli mövqe nümayiş etdirilir. Bunun müxtəlif səbəbləri vardır. İndi mən onların çoxunu heç açıqlamaq istəmirəm. Ümumiyyətlə, buna bəlkə də əhəmiyyət verməməliyik. Ancaq digər tərəfdən, biz buna qarşı öz həqiqətlərimizi qoymalıyıq. Ölkəmiz haqqında reallıqlar, ölkədə gedən proseslər, ölkənin inkişafı diqqətə çatdırılmalıdır. Bəzi hallarda xarici kütləvi informasiya vasitələrində bu, ya danılır, ya da təhrif edilmiş şəkildə təqdim olunur və beləliklə, istər-istəməz ölkə haqqında reallığı əks etdirməyən bir rəy formalaşır. Düzdür, biz dövlət olaraq buna əhəmiyyət vermirik. Çünki mən hesab edirəm, əsas məsələ odur ki, biz öz işimizi davam etdirək. Əgər biz əminik ki, bu iş ölkəmiz üçün lazımdır, heç bir şeyə baxmadan bunu etməliyik. Azərbaycanın bugünkü reallıqları və əldə edilmiş nailiyyətlər onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Baxmayaraq ki, son illər ərzində müxtəlif tərəflərdən bəzi təzyiqlər, yumşaq desək, bəzi tövsiyələr oldu, yaxud hər halda, cəhdlər göstərildi. Ancaq onların heç biri bizi əsas ana xəttimizdən döndərə bilmədi. Bizim yolumuz müstəqillik, inkişaf yoludur. Azərbaycan xalqı öz taleyini özü müəyyən edir və müəyyən edəcəkdir. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ildən-ilə daha da yaxşı yaşayacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, ölkəmiz haqqında reallıqlar dünya ictimaiyyətinə çatdırılsın. Ola bilər ki, bizim haqqımızda qərəzli mövqedə olan qüvvələr hələ bir neçə il öz fəaliyyətini davam etdirsinlər. Ancaq bizim reallıqlarımızı danmaq mümkün deyildir. Vaxt keçdikcə, imkanlarımız, xarici əlaqələrimiz genişləndikcə Azərbaycan haqqında real vəziyyəti danmaq mümkün olmayacaqdır.
Hər halda, keçirdiyim bütün görüşlərdə, nəinki bu gün və bundan əvvəlki dövrlərdə, bütün xarici səfərlərdə, ən yüksək səviyyədə apardığım danışıqlarda mən Azərbaycan haqqında ancaq müsbət fikirlər eşitmişəm. Ən önəmlisi odur ki, Azərbaycan cəmiyyətində də, prinsip etibarilə, gələcək inkişafla bağlı fikir ayrılığı yoxdur. Yəni, Azərbaycan cəmiyyəti də bu məsələdə vahid mövqedən çıxış edir. Biz elə etməliyik ki, hər birimiz öz sahəsində, gündəlik həyatda ölkəmizin qüdrətini artıraq, müstəqilliyimizi möhkəmləndirək və Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çalışaq. Bu işlərdə bütün Azərbaycan xalqına uğurlar arzulayıram.
- Çox
sağ olun, cənab Prezident!
Azərbaycan.- 2010.- 9
iyun- S. 3.