Azərbaycan Hərbi Doktrinası qəbul olundu

 

İyunun 8-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar yaz sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar iclası açıq elan etdikdən sonra Dövlət Himni səsləndirildi. Bundan sonra gündəliyə təqdim olunan məsələlər deputatlar tərəfindən təsdiq edildi.

Cari məsələlərin müzakirəsi zamanı söz alan deputat Baba Tağıyev qarşıdan gələn Milli Qurtuluş Gününü xatırlatdı. O bildirdi ki, həmin gün ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan əsl müstəqilliyinə qovuşdu. Deputat Siyavuş Novruzov isə bəzi müxalif qüvvələr tərəfindən Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə əlaqədar məsələnin yenidən gündəmə gətirilməsinə toxundu: "Əlbəttə, zaman keçdikcə sözügedən məcəllədə müəyyən müddəalara dəyişiklik edilməlidir. Lakin hazırda müxalifət qüvvələrinin istədiyi seçki komissiyalarının tərkibinin dəyişdirilməsinə və digər məsələlərə heç bir ehtiyac yoxdur. Çünki istər seçki komissiyalarının tərkibinin formalaşdırılması, istər müşahidəçilik missiyası, istərsə də namizədlərin qeydiyyata alınması məsələsi ilə bağlı müddəalar müasir tələblərə cavab verir və Avropa dövlətlərinin bir çoxunun seçki prosedurunda məhz eyni müddəalar təsbit olunub. Bu gün namizədin qeydə alınmasının ən mütərəqqi forması elə Azərbaycandadır". Onun sözlərinə görə, seçkilərin gedişini müzakirə etmək üçün namizədlərə, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına və digərlərinə bütün lazımi şərait yaradılıb: "Seçki komissiyalarının tərkibi də elə paritet əsasda formalaşıb. Yəni parlamentdə olan çoxluğun, bitərəflərin və azlığın nümayənədələri bu gün seçki komissiyalarının təşkil olunmasında iştirak edir. Halbuki dünyanın əksər ölkələrində komissiyalar yalnız bitərflərdən təşkil olunur. Azərbaycan isə ən demokratik formanı seçərək burada bütün tərəflərin maraqlarını təmin edən bir formuldan istifadə edir". Siyavuş Novruzov sərbəst toplaşmaq azadlığının da təmin edildiyini və aksiyalar üçün müvafiq yerlər ayrıldığını diqqətə çatdırdı.

Deputat Fazil Mustafa Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin formalaşması məsələsinə toxundu və burada hələ də parlamentdə təmsil olunan, lakin azlıqda qalan tərəf hesab edilən partiyalar üçün ayrılan yerlərin boş qaldığını qeyd etdi. Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, iqtidarda olan partiya MSK-da onun üçün ayrılan yerlərə öz namizədlərini irəli sürüb və onlar burada təmsil olunur: "Lakin parlamentdə olan müxalif partiyaların sayı 8-dir. Lakin bu 8 partiya indiyə qədər bir yerə yığışaraq boş qalan iki yerə öz birgə namizədlərini müəyyənləşdirə bilməyib. Həmin partiyalar öz namizədlərini müəyyənləşdirdikdən sonra isə bu məsələyə baxıla bilər". Milli Məclis Sədrinin müavini Bahar Muradova Seçki Məcəlləsi ətrafında müxalif qüvvələrin yenidən müxtəlif fikirlər səsləndirməsi məsələsinə toxundu: "Seçki Məcəlləsinin müddəalarının təmin olunmamasına dair səslənən fikirlərlə mən qətiyyən razı deyiləm. İlk növbədə ona görə ki, Seçki Məcəlləsinin müddəalarının təmin olunmasını göstərən fakt Azərbaycanda seçkili orqanların müstəqil şəkildə fəaliyyətini davam etdirməsi, formalaşması, qanunla onlara ayrılan səlahiyyətlər çərçivələrində işlərini görməsidir". Onun sözlərinə görə, istənilən siyasi prosesi tənzimləyən qanun siyasi reallığı özündə əks etdirməlidir.

Deputat Əli Əhmədov qarşıdan gələn parlament seçkilərindən söz açdı: "Seçkilər yaxınlaşdıqca hər bir siyasi qüvvə bu prosesə öz imkanı daxilində hazırlıq görür. Yeni Azərbaycan Partiyası da müvafiq olaraq seçkilərə hazırlıq işlərinə başlayıb. Müxalifət isə seçkilərə hazırlaşmaq əvəzinə yenə də səmərəsiz məşğuliyyətlərlə vaxtını keçirir. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycanda keçirilən seçkilər xalqın iradəsini əks etdirir və müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da bu əksini tapıb. Ölkəmizdə hər bir seçkinin nəticəsi xalq tərəfindən müəyyən edilir. Müxalifətin seçki taktikasının seçki komissiyaları formatı üzərində qurulması isə tamamilə səmərəsizdir. Dünyanın heç bir yerində seçki komissiyası seçkinin taleyini həll etmir. Azərbaycan xalqı da seçkidə kimə etimad göstərmək istəyibsə sərbəst şəkildə bu etimadı göstərib".

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov xatırlatdı ki, 2009-cu ilin bələdiyyə seçkilərində irəli sürülən namizədlərin siyasi mənsubiyyəti belədir: "54,98 faiz Yeni Azərbaycan Partiyasından, 35,99 faiz bitərəflərdən olub, 1,03 faizin siyasi mənsubiyyəti göstərilməyib, 8 faiz isə 28 partiyanının təmsil olunduğu bütün müxalifətin payına düşüb. Maraqlıdır ki, bütün müxalifət 10 faiz toplaya bilmədiyi halda seçki komissiyalarını necə təşkil edə bilər? Daha bir məqamı xüsusi qeyd etmək istəyirəm. 2008-ci il prezident seçkilərində MSK-ya cəmi 6 şikayət daxil olub və bunlar da yerlərdə prosedur pozuntuları ilə əlaqədar idi. Seçki komissiyalarının fəaliyyəti ilə bağlı bir dənə olsun belə şikayət edilməyib. 2009-cu ildə keçirilən referendumda da seçki komissiyalarının fəaliyyəti ilə bağlı şikayət daxil olmayıb. Deməli, məsələ seçki komissiyaları, onların tərkibi ilə bağlı deyil".

Daha sonra gündəliyə təqdim olunan məsələlərin müzakirəsinə başlandı. Gündəliyin ilk məsələsi "Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi oldu. Layihə barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi: "Bundan əvvəl Azərbaycan Respublikası Milli Məclisi analoji xarakterli qanunlar qəbul edib. Artıq Azərbaycan vətəndaşları Avropa Birliyinə üzv ölkələrə də vizasız getmək imkanlarını əldə etməkdədir. Bu sazişlə isə biz Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinə nəinki diplomatik pasporta, həm də xüsusi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişini təşkil edə biləcəyik. Bu, çox əhəmiyyətli məsələdir". Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Gündəliyin digər məsələsi olan "Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında da parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verərək nəzərdə tutulan dəyişikliklərin texniki xarakterli olduğunu qeyd etdi. Onun sözlərinə görə, sözügedən konfrasın katibliyi Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərir: "Lakin Qazaxıstanın indiki paytaxtı Astanadır və bir çox diplomatik korpuslar məhz Astanada fəaliyyət göstərir. Müzakirə etdiyimiz layihədə isə texnki dəyişiklik konfrasın katibliyinin Almatı ilə yanaşı həm də Astanada fəaliyyət göstərməsinə Azərbaycanın üzv ölkə kimi razılıq verməsindən ibarətdir". Layihə səsə qoyulduqdan sonra qəbul edildi.

"Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihələri barədə Səməd Seyidovun verdiyi məlumatdan sonra onlar da qəbul olundu.

"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında parlamentin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev məlumat verdi. O qeyd etdi ki, qanun layihəsinin qəbulu Azərbaycanla Estoniya arasında iqtisadi münasibətləri daha da möhkəmləndirəcək: "Bu, hər iki tərəfin marağına cavab verir". Qanun layihəsi səsə qoyularaq qəbul edildi. "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında məlumat verən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, Azərbaycan analoji xarakterli sazişləri dünyanın artıq bir neçə ölkəsi ilə imzalayıb. Onun sözlərinə görə, bu saziş Azərbaycan və Yunanıstan arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişlənməsinə imkan verir. Layihə səsverməyə çıxarıldıqdan sonra qəbul edildi. Bundan sonra "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair" Anlaşma Məktubunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri qəbul olundu.

Gündəlikdə duran "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün seçilməsi haqqında" məsələyə dair Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun adından Milli Məclisə müraciət məktubu daxil olub: "Həmin məktubda göstərilib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 31 may 2010-cu il tarixli iclasının qərarına əsasən, Əliyev Şaitdin Sədrar oğlu Mərkəzi Seçki Komissiyasına seçilmək və burada Yeni Azərbaycan Partiyasını təmsil etmək üçün Milli Məclisə təqdim olunur". Səsvermədən sonra Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasına üzv seçildi.

"Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verdi: "Təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işlərinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Ədalət naminə qeyd olunmalıdır ki, nazirliyin fəaliyyətinin təşkili istiqamətində qısa müddətdə çox böyük işlər görülüb, ayrı-ayrı xidmətlərin əsasnamələri, strukturu təsdiq edilib, fəaliyyətlərinin əlaqələndirilməsi təmin olunub. Fövqəladə Hallar Nazirliyində xidmətkeçmə isə respublikanın hüquq-mühafizə, prokurorluq, ədliyyə, hərbi və digər orqanlarından fərqli xüsusiyyətlərə malikdir. Müzakirəyə təqdim edilən layihədən göründüyü kimi nazirlik sistemində hərbi qulluqçuların xidmət keçməsi mövcud hərbi qanunvericiliklə, dövlət qulluqçularının xidmət keçməsi isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir. Lakin nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin əkəsriyyətinin fəaliyyətinin qanunvericilik aktı ilə tənzimlənməsinə ehtiyac var. Bu məqsədlə müvafiq əsasnamə müzakirəyə təqdim olunub".

Deputat Siyavuş Novruzov qeyd etdi ki, layihə mükəmməl formada hazırlanıb: "Layihədə həm də bir çox yeniliklər öz əksini tapıb". Deputat Gövhər Baxşəliyeva qanun layihəsini yüksək qiymətləndirdi. Deputat Zahid Oruc isə layihənin beynəlxalq standartlara uyğun hazırlandığını bildirdi. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Qısa fasilədən sonra Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının Hərbi Doktrinası barədə məlumat verdi. Bildirdi ki, sənəd Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 11-ci bəndinə uyğun olaraq ölkə başçısı tərəfindən parlamentə təqdim edilib.

Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycan Respublikasının Hərbi Doktrinasının, eləcə də Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması ilə bağlı Prezident İlham Əliyevin 2004-cü il 17 sentyabr tarixli sərəncamı olmuşdur. Milli Məclis "Milli Təhlükəsizlik haqqında" qanunu qəbul edib. Hazırda isə Hərbi Doktrina təsdiq olunmaq üçün müzakirəyə çıxarılıb.

Ziyafət Əsgərovun sözlərinə görə, Azərbaycan Respublikasının Hərbi Doktrinası ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olaraq insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili, xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi Doktrina milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir və müdafiə xarakterli sənəddir. Müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyasında, habelə həmin konsepsiyanın hərbi təhlüksəizliklə bağlü müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada əks olunur.

Komitə sədri bildirdi ki, Hərbi Doktrina milli təhlükəsizliyin hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsaslarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin vəzifələrini, onların hazırki mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyən edir. Z.Əsgərov əlavə etdi ki, Hərbi Doktrinada Ermənistanın işğalçı dövlət olması məsələsi əks edilib. Sənəddə həmçinin ölkəmizin hərbi əməkdaşlıq məsələləri də yer alıb.

Hərbi Doktrinanın hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər nomativ-hüquqi aktları, Milli Təhlükəsizlik konsepsiyası, milli təhlükəsizlik sahəsində digər konseptual sənədlər, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Komitə sədri onu da qeyd etdi ki, Hərbi Doktrina Azərbaycan Respublikasının təhlüksizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla yenidən baxılma, dəqiqləşdirmə və əlavələr üçün açıq sənəddir.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirdi ki, Hərbi Doktrinada ölkənin hərbi təhlükəsizliyinə təhdidlər, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin vəzifələri geniş şəkildə əksini tapıb. Sənəddə Azərbaycanla hərbi tərəfdaşlıq edən ölkələrin də adının çəkilməsini vacib saydı. "Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təsir göstərilən real və potensial təhdidlər sənəddə ətraflı əksini tapıb" - deyən deputat Aydın Mirzəzadə Hərbi Doktrinanın konkret maddələrinə diqqəti cəlb etdi. Bildirdi ki, sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı öz əksini tapıb və bu işğal faktı milli təhlükəsizliyimizə mənfi təsir göstərən əsas amil kimi qeyd edilib. Deputat Azərbaycan Respublikasının müdafiə siyasəti, hərbi quruculuğun inkişaf perspektivləri barədə sənəddə müavafiq müddəaların olduğunu qeyd etdi.

Deputatlardan Asim Mollazadə, Azay Quliyev, Aydın Həsənov xarici hərbi bazaların Azərbaycanda müvəqqəti yerləşdirilməsi ilə bağlı məsələyə toxundular. Komitə Sədri Ziyafət Əsgərov bildirdi ki, "Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır"

Sənədin müzakirəsi zamanı deputatlardan - Fəzail Ağamalı, Astan Şahverdiyev, İlyas İsmayılov, Siyavuş Novruzov, Xanhüseyn Kazımlı, Qənirə Paşayeva, Əli Əhmədov layihənin mükəmməl hazırlandığını bildirdilər. Sonda deputatlar Azərbaycan Respublikasının Hərbi Doktrinasını səs çoxluğu ilə təsdiq etdilər.

 

 

Azərbaycan.- 2010.- 9 iyun- S.  4.