Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirənin
üçüncü zirvə toplantısının yekun Bəyannaməsində
dövlətlərin ərazi bütövlüyünün əhəmiyyəti
vurğulanmışdır
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısının yekun Bəyannaməsində bildirilir ki, dövlətlərarası münasibətlərdə ərazi bütövlüyü və ölkələrin suverenliyinə hörmətlə yanaşılması bir daha təsdiq edilmişdir.
Sənəddə göstərilir ki, separatizm sabitlik, təhlükəsizlik, müstəqillik, ərazi bütövlüyü və ölkələrin sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı böyük bir təhlükə təşkil edir. Üzv ölkələr ərazilərin hər hansı separatçı hərəkat tərəfindən istifadə olunmamasını və bu separatizmlə hər hansı bir əlaqə qurulmamasını, onlara dəstək verilməməsini tələb etmişlər. Problemlərin sülh yolu ilə həlli prinsipi çərçivəsində birbaşa və yaxud dolayı yolla təhdid və gücdən istifadənin dövlətlətin ərazi bütövlüyü və suverenliyinə, habelə regional və beynəlxalq sülhə təhlükə olduğu da vurğulanmışdır.
Bəyannamədə daha sonra deyilir ki, Asiya ölkələrinin üz-üzə qaldıqları problemlər, regional və beynəlxalq məsələlər müzakirə olunmuş, Yaxın Şərq, İraq və Əfqanıstan kimi problemli bölgələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Təşkilat bir daha BMT Nizamnaməsi və prinsiplərinə sadiqliyini ifadə etməklə, beynəlxalq hüququn əhəmiyyəti və qlobal məsələlərə çoxtərəfli yanaşmanın zəruriliyini vurğulamışdır. Başlıcası isə üzv ölkələr Asiya qitəsində sülhün qorunmasının vacibliyini bəyan etmişlər.
Zirvə toplantısının iştirakçıları terrorizmi yekdilliklə pislədiklərini bidirərək, terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğunu vurğulamışlar. Terrorizmlə beynəlxalq səviyyədə mübarizə, bu məsələdə ikili standartlara son qoyulması və BMT-nin rəhbərliyi altında terrorizmə qarşı bütün dövlətlərin birgə mübarizə aparmasının zəruriliyi xüsusi qeyd edilmişdir.
Bəyannamədə nüvə silahlarının yayılmaması və atom enerjisindən dinc məqsədlərlə istifadə olunmasının əhəmiyyəti də təsbit edilmişdir. Bildirilmişdir ki, bu məqsədlə Vaşinqtonda keçirilmiş zirvə toplantısının və daha sonra Tehranda baş tutmuş alternativ zirvə görüşünün müraciətlərində də Asiya qitəsinin nüvə silahından təmizlənmiş bölgə olmasının zəruriliyi vurğulanmışdır.
Sənəddə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa da yer verilmişdir.
Enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanmış, iqtisadi böhranla mübarizə üçün maliyyə qurumlarının fəaliyyətinin yenidən nəzərdən keçirilməsi vacib hesab olunmuşdur.
Üzv ölkələr BMT-də islahatlar və insan haqları kimi mövzulara da yer ayırmış, mədəniyyətlərarası dialoqun əhəmiyyətini ön plana çəkmişlər.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısının 2014-cü ildə, xarici işlər nazirləri toplantısının isə 2012-ci ildə keçirilməsi qərara alınmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 9 iyun- S.
5.