Robert Qeyts Azərbaycana səfərini çox yüksək qiymətləndirmişdir

 

ABŞ-ın müdafiə naziri Robert Qeyts Azərbaycana səfərini çox yüksək qiymətləndirmişdir. Bu haqda Pentaqonun internet səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Qeytsin fikrincə, Bakıya səfər ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratmışdır. Azərbaycanın liderləri ilə müzakirə olunan məsələlərin əksəriyyəti gələn ay ikitərəfli müdafiə məsləhətləşmələrində bir daha gündəmə gətirilərək konkretləşdiriləcəkdir.

Pentaqonun məlumatına görə, ABŞ-ın müdaifə naziri Prezident İlham Əliyevə Prezident Barak Obamanın məktubunu çatdırmışdır. Məktubda Əfqanıstanda sülhyaratma məsələlərinə verdiyi töhfələrinə görə Azərbaycana minnətdarlıq bildirilmişdir. Bu yardım davamlı təhlükəsizlik tərəfdaşı kimi, Azərbaycanın mövqeyini gücləndirmişdir.

Prezident İlham Əliyev müdafiə naziri Səfər Əbiyevlə aparılan danışıqlarda ikitərəfli münasibətlərin gücləndirilməsi ilə yanaşı, bir sıra məsələlər müzakirə olunmuşdur.

Pentaqonun başçısı bildirmişdir ki, Azərbaycanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyişin olmamasından narahatlıq ifadə edilmişdir. Robert Qeyts bu mesajı dövlət katibi Hillari Klintona çatdıracağına söz vermişdir.

 

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.-  9 iyun- S.  5.